11 iyul 2020 15:08
843

Ölkəmizin növbəti uğuru

Elçin Mirzəbəyli: Azərbaycan qlobal “davamlı inkişaf” anlayışının ənənəvi sərhədlərini daha da genişləndirib

“Azərbaycan öz təcrübəsində qlobal “davamlı inkişaf” anlayışının ənənəvi sərhədlərini daha da genişləndirib və davamlı inkişafın “sabit, dayanıqlı, davamlı” üçlü inkişaf düsturu nümunəsini yaradıb. Çünki sabitlik inkişafın bünövrəsi, əldə olunan nəticələrin dayanıqlılığının, möhkəmliyinin təmin edilməsi isə əsas sütunlarıdır. Bütün bunlar olmadan inkişaf prosesinin ardıcıl şəkildə irəli aparılması, davamlı olması mümkün deyil”.

Bu fikri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində Azərbaycanın mövqeyini şərh edərkən deyib.

E. Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması və regionun ərazisinə, insan resurslarına, təbii ehtiyatlarına görə özündən dəfələrlə böyük dövlətləri üstələyərək lider olması çox önəmli bir göstəricidir: “Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Qeyd edim ki, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 17 qlobal hədəfi və müvafiq qaydada 169 məsələni əhatə edir”.

Baş redaktor qeyd edib ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” hesabatında səhiyyə, rifah, yoxsulluğun aradan qaldırılması, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və digər istiqamətlər üzrə irəliləyişlər edib və mövqelərini xeyli yaxşılaşdırıb: “Ölkəmiz “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici isə 70,9-dur”.

E. Mirzəbəylinin sözlərinə görə, indeksdə Azərbaycanla bağlı yer alan göstəriciləri yalnız mövcud zaman kəsiyində ölkəmizin əldə etdiyi uğurlar, beynəlxalq aləmdə mövqelərinin güclənməsi, nüfuzunun artması müstəvisindən dəyərləndirmək doğru olmazdı. Əldə olunan nəticələr uzunmüddətli bir prosesin, həmçinin ölkəmizdə həyata keçirilən islahatların göstəricisi kimi, pandeniya ilə mübarizə və mövcud qlobal iqtisadi böhran şəraitində, həmçinin postpandemiya dönəmi üçün mühüm əhəmiyyət daşıyır: “Məhz bu baxımdan, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsinin Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşməsi, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirilə bilər”.

Ceyhun Piriyev, “İki sahil”