30 iyul 2020 12:22
170

Orxan Məmmədov: Yeni güzəştli kredit mexanizmləri KOB-lar üçün əlavə imkanlar yaradır

“Yeni güzəştli kreditləşdirmə mexanizmləri koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə dəstək olmaqla, biznesi kredit öhdəliklərinin yarada biləcəyi əlavə çətinliklərdən sığortalayacaq, bu sahədə sahibkarların maliyyə yükünü azaldacaq. Bu mexanizmlər həmçinin, KOB-ların maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə, investisiya fəallığının artmasına müsbət təsir göstərəcək”.

"İki sahil" xəbər verir ki, bu barədə yeni güzəştli kredit mexanizmlərinin sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində əhəmiyyətini şərh edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

“Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır. Belə ki, sahibkarların kredit götürərkən qarşılaşdıqları ən böyük çətinlik girovla bağlıdır. Kiçik sahibkarların isə girov qoymaq imkanları daha məhduddur. Yeni kreditləşdirmə mexanizminin üstün tərəflərindən biri ondan ibarətdir ki, avadanlıq almaq üçün güzəştli kredit götürən sahibkar daşınmaz əmlakı olmadığı halda bu avadanlığı girov kimi qoya biləcək. Bu mexanizm çərçivəsində bankların kredit faizi illik 7%-dir. Bu mexanizm biznes subyektlərinin, xüsusilə də girov qoymaq imkanı olmayan kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirməklə yanaşı, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək", - deyə o, qeyd edib.

O. Məmmədov bildirib ki, yeni güzəştli kreditləşdirmə mexanizmlərində kənd təsərrüfatının uzunmüddətli kredit qoyuluşu tələb edən sahələri də nəzərə alınıb: “Mikro və kiçik sahibkarların fəaliyyət göstərdiyi başlıca sektorlardan biri kənd təsərrüfatıdır. Çayçılıq, bağçılıq kimi sahələr uzun müddətli kredit qoyuluşuna ehtiyac olan sahələrdir. Məhz belə sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti kimi müəyyənləşdirilib. Bu aqrar sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara daha çox gəlir əldə etməyə, kredit faizini əldə etdikləri qazancdan ödəməyə imkan verəcək”.

Yeni güzəştli kreditləşdirmə mexanizmlərindən olan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması mexanizminə gəlincə, KOBİA sədri bildirib ki, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması KOB-lar tərəfindən daha çox layihələrin reallaşdırılmasına imkan yaradır.

Biznes subyektlərinin yeni kreditləşdirmə mexanizmlərindən rahat yararlanmaları üçün istifadəyə verilmiş Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların qısa müddətdə güzəştli kreditlər əldə etmələrinə imkan verir. Elektron Kredit Platforması həmçinin, tərəflər arasında təması minimuma endirir, vaxta və xərclərə qənaət edir, kredit prosesini hər addımda onlayn izləmək imkanı yaradır – deyə O. Məmmədov vurğulayıb.//report