13 sentyabr 2019 19:57
1179

Özəl sektorun ixracdakı payı 3,728 milyard dollar olub

Ölkəmizin müxtəlif bölgələrində sənaye məhəllələrinin salınması, aqrar parkların yaradılması infrastruktur şəbəkələrinin genişləndirilməsinə, aqrar sahədə məhsul istehsalının həcminin artırılmasına, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə və diversifikasiyasına, eləcə də ölkənin xarici ticarət dövriyyəsinin artmasına böyük töhfələr verib.

 Son illərdə  aqrar sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq yolu ilə respublikamıza dayanıqlı valyuta axınını təmin etmək, qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılığı aradan qaldırmaq yolunda mühüm nailiyyətlər əldə edilib. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsullarımız artıq dünyanın müxtəlif ölkələrinə  ixrac olunaraq, qeyri-neft ixracını artırıb. Qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr olan kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesində mühüm uğurlar əldə edilib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla bölgələrin davamlı inkişafında və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayıb. Qəbul olunan proqramların uğurlu icrası yoxsulluğun azaldılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, bütövlükdə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə ciddi təkan verib.

Ölkə başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, şübhəsiz ki,  bu da ümumi ixracatda qeyri-neft sektorunun payının artmasına təsirsiz ötüşmür: “Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq”. 

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur. Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub. Ümumiyyətlə, bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatları 2018-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 27,6 faiz artaraq 16,994 milyard dollara çatıb. Hesabat dövründə Azərbaycan 2397 növ mal ixrac edib. 177 ölkə Azərbaycanın xarici ticarət tərəfdaşı olub. Hesabat dövründə ümumilikdə 21 177 hüquqi və fiziki şəxs xarici iqtisadi fəaliyyətdə iştirak edib. Ən yüksək ixrac həcmi aprel ayında müşahidə edilib. Həmin ayda ölkədən 2.605 milyard dollar dəyərində mal ixrac edilib və ixracatın aylıq artımı 1,272 milyard dollar olub.

 İlin əvvəlindən başlayaraq qeyri-neft sektoruna yönləndirilmiş kapital qoyuluşlarının qabaqlayıcı formada inkişafı bunu deməyə əsas verir ki, yaxın və ortamüddətli perspektivdə bu göstəricilərin daha da yüksək inkişaf dinamikası üzrə dəyişəcək. Bütün bunların isə çox ciddi sosial-iqtisadi effekti olacaq. Bu  da həm əhalinin məşğulluğunun, onun sosial imkanlarının artmasına, həm də sosial müdafiəsi ilə bağlı məsələlərin öz həllini tapmasına böyük töhfələr verəcək. Bütün bunlar bir daha təsdiq edir ki,  respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön planda olmasıdır.

Zahid Rza,

“İki sahil”