19 noyabr 2020 18:55
1337

Paşinyanın Qarabağ sərgüzəştlərinin «mat»la bitən gedişləri

Baş nazirin yolu  Cəbrayıla deyil, arxiv köşələrinədir

Prezident, Ali Baş Komandan İlham Əliyevin artıq aforizmə çevrilən, dillər əzbəri olan «Nə oldu, Paşinyan?..» sözləri indi Ermənistanda da təkrarlanır. Vətəndaş müharibəsi astanasında olan işğalçı ölkənin  rəsmi şəxslərinin, hətta baş nazirə yaxın çevrələrin «nə oldu, Paşinyan?» deyə hesabat istəməsi, bivec baş nazirin istefasını tələb etməsi  ölkədəki gərginliyi pik həddə çatdırıb. «Çiçəklənən Ermənistan» partiyasının parlament fraksiyası  respublikanın xüsusi xidmət orqanlarını, Milli Təhlükəsizlik Xidmətini,  polisi, hüquq- mühafizə orqanlarını ölkədə yaranan vəziyyət üçün günahkar olan Paşinyan haqqında tədbir görülməsini tələb edir.  Paşinyanın «Facebook»da yayımladığı  «Bu gün cəbhə bölgəsindən gələn əsgərlərin onlarla videosuna baxdım. Onların düşüncəli olmasına heyran qaldım. Əsgərlər, haqlısınız. İrəvanda sizi gözləyirəm. Nəhayət , qapıların arxasında  durub ulayanları susdurun» yazısından  əsəbiləşən rəsmi dairələr bildirirlər ki, belə   səviyyəsiz  ittiham səsləndirən Nikol Ermənistanın milli təhlükəsizliyi  və cəmiyyət üçün təhdiddir. Onun vəzifədə qaldığı hər gün Ermənistanın suverenliyini  təhlükə altına  qoyur. Qısası, siyasi qüvvələrin fəallaşması, meydanlarda  Paşinyanın istefası ilə bağlı tələblərin artması, «Daşnaksütyun» partiyasının təmsilçisi Qeam Manukyan kimi başqalarının da  Paşinyana qarşı  cinayət işlərinin açılması ilə bağlı çağırışları vəziyyəti daha da gərginləşdirir.

Azərbaycan Ordusunun möhtəşəm   qələbəsindən sonra işğalçı ölkədə yaranan siyasi böhranın qarşısıalınmaz hala gəlməsi, iqtisadi, sosial problemlərin artması o deməkdir ki,  sərxoş vəziyyətdə yallı gedən,  «Qarabağ Ermənistandır,  nöqtə» kimi sərsəm bəyanatlar səsləndirən Paşinyanın hakimiyyətinə  «nöqtə» qoyulmasının vaxtıdır. Pafoslu çıxışları,  sorossayağı siyasəti ilə ölkəni fəlakətə sürükləyən Paşinyanın istefasını tələb edənlərə qarşı kütləvi həbslərə göz yuman beynəlxalq təşkilatların  həmişə olduğu kimi, bu gün də xunta rejiminə,  Ermənistanda baş verənlərə, demokratiyanı diktatura ilə əvəzləyən Paşinyanın əməllərinə  göz yumanlar etirazçıları daha da  əsəbiləşdirir.

Noyabrın 10-da  hərbi kapitulyasiya ilə bağlı bəyanatı imzalamaqla Azərbaycan qarşısında məğlubiyyətini etiraf edən  baş nazirdən ölkəni rəzil  vəziyyətə saldığı üçün hesabat tələb edənlərin polis zorakılığına məruz qalmaları belə  insan hüquqlarının qorunmasına  nəzarət edən beynəlxalq təşkilatları maraqlandırmır. Necə deyərlər,  Ermənistanda «itin dişi, donuzun dərisi»   misalına bənzər  vəziyyət yaranıb.

Ermənistanın  Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Armen Vanetsyan Paşinyan haqqında cinayət işinin açılmasını tələb edir: «Ermənistanda hakimiyyət demək olar ki, yoxdur. Baş nazir artıq hüquq-mühafizə orqanlarına etibar etmir. O, siyasi rəqiblərini sıxışdırmaq üçün qruplaşmalar yaradır» söyləyən Vanetsyan açıqlamasında  faktlara da istinad edir.  Paşinyanın oğlunun etirazçılara qarşı quldur dəstələrini formalaşdırması,  döyüşlərdə ölən erməni əsgərlərinin meyitlərinin valideynlərinə  təyin olunmuş rüşvət müqabilində verilməsi, yeni doğulan körpələrə arayış üçün atasının  döyüşlərdə iştirakı ilə bağlı  sənədin tələb olunması,  bu  «qaydalara»  Paşinyanın arvadının nəzarət etməsi ölkə vətəndaşlarını daha da hiddətləndirir.

Ermənistanın prezidenti Armen Sarkisyan isə  vəziyyətin  normal hala gəlməsini ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsində görür. «Böhranla  üzləşən iqtisadiyyatımız ciddi sosial problemlər yaradıb. Buna görə də  biz reallığı inkar edib, adi həyatımızı davam edə bilmərik» deyən prezident Sarkisyan ölkədəsi qarşıdurmanın daha acınacaqlı vəziyyət yaradacağını etiraf edir. Ölkədə miqrasiyanın sürətlənməsi də  Paşinyan iqtidarının vətəndaşların problemlərinə laqeyd münasibətinin göstəricisidir. Belə ki,  2017-2020-ci illərdə  22 min 277 nəfər Ermənistanın vətəndaşlığından imtina edib. 2020-ci ildə  3 min 313 nəfər yazılı surətdə  işğalçı ölkənin vətəndaşı olmaq istəmədiyini rəsmən bildirib.

Nasizmin, faşizmin çiçəkləndiyi Ermənistanda müharibənin beynəlmilləşdirilməsi səyləri də  özünü doğrultmadı. Müstəqil dövlət olmadığı üçün daim başqalarının çaldığı havalara oynayan Paşinyanın bu yolla  özünə tərəfdar qazanmaq niyyətini Müzəffər Ali Baş Komandanımız və Azərbaycanın rəşadətli ordusu fiaskoya uğratdı.

«Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmilləşdirmək üçün heç bir cəhd olmamalıdır»  söyləyən Prezident İlham Əliyevin sözlərini Paşinyanın müxtəlif  dövlətlərə yardım üçün etdiyi müraciətlərin cavabsız qalması da təsdiqləyir. Döyüş meydanlarında gücsüz olduğunu   imzaladığı  hərbi  kapitulyasiya ilə təsdiqləyən Paşinyan  şahmat  taxtasında piyadalarını qırğına verən  cəsarətsiz komandan  kimi “mat” vəziyyətindədir.

Hadisələr göstərir ki,  Cəbrayıla  yol çəkdirmək istəyən Paşinyanın bu gün üzünə bütün yollar bağlanıb. «Ölüm, ya olum» seçimi qarşısında qalan baş nazir  üçün ən rahat  yer siyasətdə məğlub olan rəzillərin taleyinə  yazılan kif atmış  arxiv köşələri, mükafatı  xalqının, qırğına verdiyi  əsgərlərinin lənətidir.  Yaddaşsız baş nazirə bir daha xatırladaq ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xuraman İsmayılqızı, «İki sahil»