17 may 2019 14:19
257

Pilotsuz uçan taksi

Almaniyanın “Lilium” startapı beş yerlik pilotsuz uçan taksinin prototipini təqdim edib.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, kompaniya nümayəndəsinin sözlərinə görə, bu yaxınlarda prototipin ilk sınaqları baş tutub: pilotsuz taksi müstəqil şəkildə havaya qalxıb, havada qalıb və yerə enib. Aparat 36 elektrik mühərriki vasitəsilə hərəkətə gəlir. Bir enerji ehtiyatı bir saat uçmağa imkan verir ki, taksi bu müddət ərzində təxminən 300 kilometr məsafə qət edə bilir.

İndiyə qədər bir neçə kompaniya oxşar aparatları sınaqdan keçirsə də, onlardan heç biri göyərtəsinə ikidən çox insan götürə bilməyib.

Aerotaksi bundan sonra yeni uçuş sınaqları keçirməlidir. “Lilium” 20-ci illərin ortalarınadək modelin kütləvi istehsalına başlamağı planlaşdırır.

Müstəqil uçan taksilər artıq Avropanın “Airbus”, ABŞ-ın “Uber” və bir sıra digər kompaniyalar tərəfindən test edilir. Bu nəqliyyat vasitəsinin tərəfdarları onun şəhər əhalisinin işini asanlaşdıracağını və ətraf mühitin çirklənmə səviyyəsini azaldacağını iddia edirlər.