Dünya əhalisinin sağlamlığına və həyatına ciddi təhlükə yaradan koronovirusun (COVİD-19) qarşısını almaq, onu birdəfəlik ləğv etmək təəssüf ki, hələlik tibb elminə müyəssər olmayıb. Hətta elm və tibb sahəsində ən öndə gedən Avropa ölkələri belə, bu virusun qarşısında aciz qalıblar. Acı statistika isə belədir: bu günədək virusa yoluxmuş 7988 xəstə ölüb. 82 min 779 nəfər sağalıb. Yerdə qalan 107 min 820 nəfərdən 101 min 405-nin vəziyyəti qənaətbəxş hesab olunur. 6415 xəstənin durumu isə orta-ağır qiymətləndirilir.
Təbii ki, dünyanın bir hissəsi olan ölkəmizdə də bu virusa yoluxma halları qeydə alınıb. Lakin Azərbaycan dövləti onun qarşısını almaq üçün önəmli tədbirlər həyata keçirir. Xüsusilə xəstəxanalarda ixtisaslaşmış tibb heyətlər formalaşdırılmaqla şübhə doğuran insanlar karantinə alınıb mualicə olunurlar.
Ən başlıcası isə Prezident İlham Əliyev bu önəmli tədbirlərin həyata keçirlməsi üçün dövlət büdcəsindən 10 milyon manat ayırıb. Eyni zamanda, ölkəmizin başçısı martın 18 -də yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb.” Bunu Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında dəmiryolçularla görüşündəki çıxışı zamanı deyib.
Prezident xüsusi vurğulayıb ki, virusa qarşı proflaktiki tədbirlərin önündə ictimai nəqliyyatın, o cümlədən vaqonların dezinfeksiyası məsələsi gəlir: “ Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.”
Qeyd edək ki, COVİD-19 virusunun qarşısının alınması üçün sərhəd- keçid məntəqələri də artıq bağlanmışdır. Ölkəmizin başçısı bu məsələni də önəmli hal heab edərək bildirib ki, əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır: “Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır”.
Bu gün ölkəmizdə koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah müntəzəm şəkildə işləyir. Bu Qəragaha həm dövlət, həm də ictimai təşkilatlar da hərtərəfli dəstək verirlər. Belə ki, son bir neçə gündə Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar-xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr gətirilərək artıq müvafiq tibb müəssisələrinə verilib.
Məhz belə operativ və peşəkar fəaliyyətin nəticəsidir ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalaraq evə buraxılıblar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Sevindirici məqamdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarlıq edib. ÜST-ün bəyanatında bildirilir ki, Azərbaycandakı ölkə ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla, hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə ciddi əməkdaşlıq edir : “Ümumdünya Səhiyyə Təşkilatı fürsətdən istifadə edərək, COVID-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir”.
Bir daha vurğulamaq lazımdır ki, koronavirus infeksiyası qlobal pandemiya elan olunub və bu faktın özü virusun nə qədər təhlükəli olması anlamını verir. Eyni zamanda, sürətli yayılan bir virus olduğu üçün hər bir ölkə vətəndaşı qanun və qaydalara, proflaktiki tədbirlərə sözsüz əməl etməlidir. Məhz insanların diqqəti sayəsin dəbu qlobal təhlükənin əngələmək mümkündür. Bir sözlə, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməsi həyati məsələdir.
Elçin Zaman, “İki sahil”