24 iyun 2020 09:25
1082

Prezident İlham Əliyev Paşinyanı rəzil duruma saldı

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və  hökumət başçılarının videokonfrans formatlı Sammitində bir sıra mühüm mesajlar verdi.

Azərbaycan Prezidentinin tədbir zamanı göstərdiyi qətiyyətli mövqe qarşısında Ermənistanın baş naziri həmişə olduğu kimi, bu dəfə də özünü itirdi. N.Paşinyanın tədbirin mövzusu ilə heç bir əlaqəsi olmayan replika ilə çıxış etməsi, Azərbaycana qarşı şər və böhtan atmağa cəhd göstərməsi heç də təəccüblü deyildi... Çünki Paşinyan siyasətə “gəldiyini” zənn etdiyi  ilk zamanlardan həmişə populist, yarıtmaz, şou xarakterli, isterik davranışları, məzmununda həqiqət olmayan yalandan ibarət cavabları ilə  yadda qalıb. Paşinyan özünü növbəti dəfə gülünc vəziyyətə salmaqdan nə utandı, nə də usandı.

Prezident  İlham Əliyev tədbirdəki çıxışı zamanı bildirdi ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. İşğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir: “Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil. Dağlıq Qarabağ Azərbaycandır! Və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Azərbaycan liderinin tutarlı faktlarla məsələləri şərh etməsindən narahat olan Ermənistanın baş naziri Nikol Paşinyan isterik vəziyyətdə cavab verməyə çalışdı. Onun yarı ingilis, yarı erməni dilində danışığı konfrans iştirakçılarının çaşqınlığına səbəb oldu və istehza doğurdu. Belə ki, Ermənistan baş naziri tədbirdəki ingiliscə çıxışında “Naqornıy Karabagh”, ermənicə çıxışında isə “Artsax” deyərək özünü növbəti dəfə ifşa etdi. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Ermənistan rəhbərliyi hələ də işğal faktını gizlətməyə, işğalçı adını üzərinə götürmək məsuliyyətindən yaxa qurtarmağa çalışır. Paşinyanın Sammitdəki bu çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” də bir daha göstərdi. O, əvvəlcədən  hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. 

Prezident İlham Əliyev bir daha söz alaraq səlis və mükəmməl formada, faktlara əsaslanaraq Paşinyanın yalanlarını alt-üst etdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.”

Xatırladaq ki,  qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın sabiq baş nazir Andranik Marqaryan tərəfindən qəbul edilir. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu,  Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında özünü biabır etdi. Bu isə bir hökumət başçısı üçün arzu olunan vəziyyət deyil.

Paşinyanı gülünc vəziyyətə salan başqa fakt isə onun videokonfransa maska ilə qatılması idi. Onun videokonfransda maska taxaraq qatılmasını yalnız koronavirusa qarşı apardığı bərbad siyasətini malalamaq cəhdi kimi qəbul etmək olar. Maraqlıdır, otaqda tək oturaraq videokonfransda iştirak edən N. Paşinyan özünü kimdən qoruyur? Onun həmişə olduğu kimi bu dəfə də məlumatsız və qeyri- səmimi olması ortadadır. Paşinyan onu da  unutmamalıdır ki, necə deyərlər “pis adama heç nə olmur”...

Prezident İlham Əliyev Sammitdə səlis və mükəmməl ingilis dilində faktlara əsaslanaraq N. Paşinyanın yalanlarını ifşa etməsi iki ölkə rəhbərinin müqayisəyə gəlmədiyini sübuta yetirdi. N. Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşdü. Bütün bunlar N. Paşinyana onu göstərdi ki, baş nazir olmaq təkcə mitinqlərdə çıxış etmək demək deyil. Belə beynəlxalq səviyyəli konfranslarda  çıxış edərək əsl idarəçilik qabiliyyətini, liderlik əzmini göstərmək lazımdır. Amma, məsələ burasındadır ki,  əgər bu xarakter onda yoxdursa necə göstərsin?

Görünən odur ki, Paşinyan bəhanələrə sığınaraq heç nəyə nail ola bilməyəcək. Ona qalan yalnız düşdüyü gülünc və utancverici vəziyyətdir ki, o bunu ilk deyil, dəfələrlə yaşayır. Özüdə bu  təkcə daxili və yerli miqyasda deyil,  həm də  beynəlxalq miqyasda baş verir. Paşinyan o qədər gönü qalındır ki, dünya ictimaiyyəti qarşısında belə durumlara düşməkdən usanmır. O, sərsəm açıqlamaları və cavabları ilə özünü yalnız ifşa edir. Ermənistan işğalçı “dövlət” kimi , qəsbkar və təcavüzkar siyasətinə, törətdiyi ağır cinayətlərə, qətllərə görə mütləq cavab verməlidir!

Yaqut Ağaşahqızı,

“İki sahil”