16 yanvar 2020 19:00
287

Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır

Dönüb Azərbaycanın müstəqillik qazandığı dövrdən əvvəlki illərə nəzər salsaq yerüstü, yeraltı sərvətlərə sahib olmasına baxmayaraq ölkəmizin iqtisadi tənəzzül dövrünü yaşadığının, qarşıdurmaların, hərc-mərcliklərin, səriştəsiz idarəetmənin ölkəmizi uçurumun kənarına sürüklədiyinin şahidi olarıq. Sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan geridə qalmış ölkələrdən birinə çevrilmişdi.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.

Millət vəkili bildirib ki, Ulu öndər Heydər Əliyevin və dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan bu gün dünyada öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrilib, irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi çıxış edir.

Hər ötən il ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi Azərbaycanı sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasına daxil edib.

Xüsusən, 2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də yola saldığımız ilin Azərbaycan üçün uğurlu il olduğunu bir daha diqqətə çatdırıb: “İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır”.

Prezident İlham Əliyevin ali məqsədinin xalqın rifahının daim yaxşılaşdırılmasına, vətəndaşları düşündürən, narahat edən problemlərin həll edilməsinə, ölkədə sabitliyin davamlı olmasına yönəldiyi üçün Azərbaycan xalqının dövlət Başçısına etimadı ən yüksək səviyyədədir.