29 iyul 2020 10:44
212

Prezidentə yazırlar: KİV nümayəndələri olaraq Sizin siyasətinizi dəstəkləyirik

KİV nümayəndələri Prezidentə təşəkkür məktubları ünvanlayıblar. “İki sahil” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:

 

Murad Dadaşov yazır: “Möhtərəm cənab Prezident.

Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə, Milli Televiziya və Radio Şurasına göstərdiyiniz maddi və mənəvi dəstək hər birimizi ürəkdən sevindirdi.

Dünyanın pandemiya ilə mübarizə apardığı çətin bir vaxtda Azərbaycan xalqının tarixi üçün çox əlamətdar bir hadisə sayılan Milli Mətbuat və Jurnalistika gününün ən yüksək səviyyədə qeyd olunmasının, bizə göstərilən qayğı və diqqətin çox dərin kökləri var.

Hələ 1998-ci il 6 avqust tarixində ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncamla mətbuat üzərindən senzuranın götürülməsi, 1999-cu ildə KİV haqqında Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu, Sizin 31 iyul 2008-ci il tarixli sərəncamınızla “ KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi vacib sənədin qəbul olunması, bu konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətimiz tərəfindən azad sözə, həqiqətə, ədalətə verilən qiymətdir.

Hörmətli cənab Prezident, mükafata - “ Tərəqqi” medalına layiq gördüyünüz jurnalistlər arasında rəhbəri olduğum “Xəzər” Televiziyasının da 4 əməkdaşı var. Bu yüksək qiymət məni və kollektivimizi sevindirməyə bilməz. Bu dəyərə, bu diqqətə görə şəxsən öz adımdan və “Xəzər” Televiziyası ailəsi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha bildirmək istəyirəm ki, biz KİV nümayəndələri olaraq hər bir məqamda Sizin siyasətinizi dəstəkləyirik, dövlətimizin yanındayıq”.

 

“Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatmış oldu”

“SƏS” qəzetinin kollektivi adından Əməkdar jurnalist Bəhruz Quliyev: “Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin siyası kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial və mənzıl-məişət problemlərinin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmaqla yanaşı, həm də qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid sərəncamlarınız və verdiyiniz mühüm qərarlar mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapmış oldu. Xüsusilə, dünyanı cənginə alan COVID-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda, Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatmış oldu. Müstəqil mətbuatımızın və ulu öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də, dövlətçilik ənənələrimizin ilk carçılarından olan “SƏS” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc yaşatmış oldu. Əməyimizə verdiyiniz yüksək qiymətə görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “SƏS" qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək. Zati-aliləri, Sizə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi işində yorulmaz fəaliyyətinizdə davamlı uğurlar, qələbə və zəfərlər arzu edirik".

“Sizin qətiyyətiniz, iradəniz və məqsədyönlü siyasətiniz nəticəsində bu gün güclü söz, mətbuat, jurnalist ordusu da formalaşıb”

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: “Hörmətli cənab Prezident.

Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü münasibətilə imzaladığınız sərəncama əsasən, bir qrup vətənpərvər qələm əhlinə müxtəlif mükafatlar, fəxri adlar verilib. Nə xoş ki, bu sırada mənim də adım var, Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" adına layiq görülmüşəm. Sizin qayğınızla əhatə olunan Azərbaycan mətbuatının bir nümayəndəsi olaraq qeyd edim ki, son 15 il ərzində rəhbərlik etdiyim "Şərq" qəzetinin 4 əməkdaşı müxtəlif dövlət təltifi ilə mükafatlandırılıb, 5 əməkdaşı evlə təmin olunub. Hazırda "Şərq" qəzeti gündəlik nəşrini bərpa edib, rəngli formatda işıq üzü görür.

Cənab Prezident, mətbuatın cəmiyyətdə əhəmiyyətli rolunu hər zaman diqqətdə saxladığınıza, peşə fəaliyyətimizi dəyərləndirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Apardığınız ardıcıl, dinamik siyasətin nəticələri media sektorunda öz bəhrəsini verir, Həsən bəy Zərdabi ənənələrinə söykənən milli jurnalistika sistemimiz növbəti inkişaf mərhələsini yaşayır. Sizin qətiyyətiniz, iradəniz və məqsədyönlü siyasətiniz nəticəsində düşmənə aman verməyən yenilməz Azərbaycan Milli Ordusu kimi, bu gün güclü söz, mətbuat, jurnalist ordusu da formalaşıb. Bu möhtəşəm ordu Azərbaycan dövlətinin yanındadır. Əməyimə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə, var olun, cənab Prezident”.

“Müstəqillik dövründə mətbuatımız sözün əsl mənasında önəmli keyfiyyət transformasiyasından keçib”

“Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov: “Hörmətli cənab Prezident.

Sizin və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanda medianın inkişafına dövlət səviyyəsində göstərdiyiniz qayğı və diqqət bu sahənin müasir standartlara uyğun inkişafını stimullaşdırmaqla yanaşı, jurnalist peşəsinin nüfuzunun artmasına xidmət edir. Müstəqillik dövründə mətbuatımız sözün əsl mənasında önəmli keyfiyyət transformasiyasından keçib, beynəlxalq inteqrasiyaya istiqamətlənib və bu gün nüfuzlu informasiya kommunikasiya resursları ilə bir sırada dayanmaq üçün ciddi səylər göstərir. Ötən gün milli mətbuatımızın 145 illiyi münasibətilə media nümayəndələri mükafatlandırıldı, onların məsuliyyət, dəqiqlik, qərəzsizlik, vətənpərvərlik tələb edən fəaliyyəti yüksək qiymətləndirildi. Azərbaycan mətbuatında sözü, qələmi ilə tanınan, haqq səsimizin ölkə hüdudlarından kənarda səsləndirilməsində diplomatlar qədər önəmli rol oynayan media işçiləri orden və medallarla təltif edildilər, fəxri diplomlarla, fəxri adlara və fərdi təqaüdlərə layiq görüldülər. Mənim üçün çox şərəfli və qürurvericidir ki, həmkarlarım arasında mənim də adım yer alıb. Özümün və rəhbərlik etdiyim böyük media ailəsinin adından Sizə, cənab Prezident, bu diqqətinizə görə böyük minnətdarlığımı ifadə edir və bildirirəm ki, bundan sonra da Vətənimizin rifahı, parlaq gələcəyi naminə qarşımıza qoyulan məqsəd və istiqamətlərdə fəaliyyətimizi əzmlə davam etdirəcək, daim Azərbaycanın haqq səsi, Sizin sadiq söz silahdaşınız olacağıq”.

“Müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn siyasət yeni keyfiyyət mərhələsinə qədəm qoyub”

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov: “Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti kimi Sizin dövlətçilik fəaliyyətinizin təhlili göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl inkişaf konsepsiyası uğurla həyata keçirilir. Siz yüksək liderlik keyfiyyətləriniz, siyasi prosesləri yönəltmək məharətiniz, taleyüklü, strateji əhəmiyyətli qlobal proqram və layihələr sayəsində Azərbaycanı sabit iqtisadiyyata malik, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyi, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək arzularımızı reallaşdıraraq, xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız.

Sizin prezidentliyiniz dövründə ölkəmizin xarici siyasət doktrinasının yeni taktiki gediş və manevrlərlə zənginləşdirilməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırıb, onu regionun lider dövlətinə çevirib.

Dünyam bürüyən iqtisadi təlatümlər və maliyyə böhranı şəraitində nəzərdə tutulmuş bütün proqramların, infrastruktur layihələrinin sistemli surətdə həyata keçirilməsi ölkəmizin qüdrətinin, Sizin müdrik siyasətinizin düzgünlüyünün əyani təsdiqidir. Fəxr edirik ki, Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi böyük uğurlar və zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün unikal model rolunu oynayır.

Möhtərəm cənab Prezident, müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn Heydər Əliyev siyasəti bu gün Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilir və yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd olunması haqqında” 30 iyun 2020-ci il tarixli sərəncamınız obyektivlik, kreativlik, rasionallıq, operativlik kimi faktorları yaradıcılığın başlıca meyarları kimi dəyərləndirən jurnalistlər tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılandı.

Zati-aliləri, iyulun 22-də imzaladığınız sərəncama uyğun olaraq kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir qrupunu orden və medallarla, fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə, fərdi təqaüdə layiq gördüyünüzə, mətbuata əlavə maliyyə yardımı ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, “Xalq qəzeti”nin kollektivi Sizin rəhbərliyinizlə görülən işləri, qazanılan böyük uğurları işıqlandırmaqdan qürur hissi keçirir, şərəf duyur. Azərbaycanın çiçəklənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, uzun ömür, ailə səadəti və cansağlığı arzu edirik”.

“Mətbuatın inkişafında yeni mərhələ başlanıb, jurnalist peşəsinin nüfuzu yüksəlib”

Elşən Əliyev: “Möhtərəm cənab Prezident.

Məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mətbuatda 40 illik fəaliyyətimə verdiyiniz bu yüksək dəyər məni sevindirir, qürurlandırır. Mən Sizinlə həmyaşıdam və biz ölkəmizin ən yeni tarixinin canlı şahidləriyik, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı illərdə ağır sınaqlardan keçmişik. Yalnız ulu öndər Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dövlətimiz həqiqi müstəqilliyə, xalqımız hüzura qovuşub. Bütün sahələrdə, o cümlədən mətbuatın inkişafında yeni mərhələ başlanıb, jurnalist peşəsinin nüfuzu yüksəlib. Ulu Öndərin yaratdığı möhkəm bünövrə üzərində güclü və qüdrətli Azərbaycan qurmaq missiyasını isə Siz hünərlə və şərəflə yerinə yetirirsiniz. Mətbuata və jurnalistlərə dövlət qayğısının göstərilməsi də bu missiyanın mühüm bir istiqamətidir. Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün ölkəmizdə yaradılmış şəraitdə hər bir istedadlı jurnalistin xalq və dövlət maraqlarına xidmət etməklə peşə uğurları qazanmaq imkanı vardır.

Cənab Prezident, mən Ağdamdan Bakıya - əyalət qəzetindən böyük mətbuata adi jurnalist kimi gəlmişdim. Sizin siyasətiniz və sərkərdəliyinizlə işğaldan azad ediləcək doğma yurda bu peşənin ən yüksək titulu ilə qayıdacağam. Bu qayıdışın tezliklə gerçəkləşməsi üçün hər bir əmrinizə hazıram və Sizə bir daha təşəkkür edirəm”.

“Bu gün Sizin sayənizdə yaranan xalq-hakimiyyət birliyi bütün çətinlikləri inamla arxada qoyur”

Real Televiziyası Baş direktorunun layihələr üzrə müavini Samirə Səfərəliyeva: “Möhtərəm cənab Prezident.

Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə fəaliyyətimi dəyərləndirdiyiniz üçün və məni “Tərəqqi” medalına layiq görməyinizdən son dərəcə qürur hissi keçirirəm. Sizin mətbuata xüsusi diqqət və qayğınız sayəsində bu gün ölkəmizdə kütləvi informasiya vasitələri inkişaf edir, müasir dünyanın tələbləri ilə uyğunlaşmağa çalışırlar. Şübhəsiz ki, bu ənənələr Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, elə ali məktəbdə oxuduğum zaman diplom-buraxılış işim də məhz Ümummilli Liderimizlə bağlı olub. Bu gün Sizin sayənizdə yaranan xalq-hakimiyyət birliyi bütün çətinlikləri inamla arxada qoyur, bu birlik bizim parlaq gələcəyimizi və firavanlığımızı təmin etmiş olur. Amma biz jurnalistlərin də üzərinə düşən Vətənimizi, dövlətimizi qorumaq, Sizin müdrik rəhbərliyinizlə qələbələrə doğru addımlamaqdır. Şəxsən mən uzun illər Azərbaycan mediasında çalışan bir jurnalist kimi, bunu dərk edirəm və daim Prezidentimizin yanındayam. Bir daha fürsətdən istifadə edib, Sizə bu böyük diqqət və qayğınız üçün sonsuz təşəkkürümü bildirir və bundan fəxarət hissi duyduğumu deyirəm”.

“Trend” İnformasiya Agentliyinin mədəniyyət şöbəsinin direktoru Vüqar İmanov: “Hörmətli cənab Prezident.

Milli mətbuatımızın 145 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməyim 20 illik jurnalistlik fəaliyyətimdə mənim üçün ən ali mükafat, KİV-lərin inkişafına, milli mədəniyyətimizin və digər sahələrin ölkəmizdə və beynəlxalq səviyyədə təbliğatına cüzi töhfəmin parlaq sübutudur.

Mənim fəaliyyətimi bu qədər yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və ölkəmizin rifahı naminə bundan sonrakı peşəkar fəaliyyətim üçün böyük stimuldur. Siz Prezident, Ali Baş Komandan və dünya azərbaycanlılarının Lideri kimi vətənpərvərlik və yüksək mənəvi-əxlaqi dəyərlər, Vətənə hədsiz sevgi nümunəsi göstərirsiniz. Bu, ən yüksək tərifə layiqdir və hər birimiz üçün vətəndaşlıq nümunəsidir. Biz jurnalistlər – Sizin köməkçiləriniz bundan sonra da öz Evimizin – doğma Azərbaycanın inkişafı və firavanlaşması işinə töhfə verəcəyik”.

Şərif Ağayarov:  “Hörmətli cənab Prezident.

Jurnalistlərin böyük dostu adlandırılan ümummilli lider Heydər Əliyev hər zaman mətbuatımızın inkişafına böyük diqqət və qayğı göstərib. Sizin də bu sahədə imzaladığınız hər bir fərman və sərəncam, sözün həqiqi mənasında, milli mətbuatımızın inkişafında yeni bir mərhələnin başlanğıcı sayıla bilər.

Cənab Prezident, kütləvi informasiya vasitələrinin inkişafında rolu olan bir qrup jurnalistlərin sırasında məni də “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

“Vətənimiz Azərbaycanı son nəfəsimizə qədər qoruyacağıq”

Mingəçevirdən İsmayıl İsmayılbəyli: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz öz Vətənimizi sevirik, hər zaman dövlətimizin yanındayıq. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Biz gənclər Sizinlə birlikdə tarix yazacağıq. Sizin yolunuz haqq yoludur, bu yoldan bizi heç kim döndərə bilməz. Bizi istiqlaliyyət mübarizəmizdən geri çəkə bilməzlər. Bu torpaq bizim torpağımızdır. Bu Vətən və şanlı bayraq bizimdir. Bu günə qədər, heç bir təxribata, hiyləyə, fitnəyə fürsət vermədik və verməyəcəyik. Vətənimiz Azərbaycanı son nəfəsimizə qədər qoruyacağıq. Hər birimiz bir olaraq Sizin ətrafınızda sıx birləşmişik. Azərbaycan gəncləri Sizin döyüş əmrinizi gözləyir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur. Biz Sizinlə birlikdə güclüyük”.

“KİV nümayəndələri Sizin siyası kursunuzu hər zaman dəstəkləyir”

“Xəzər FM” radiosunun direktoru Denis Mayorov: “Hörmətli cənab Prezident.

Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə məni və digər jurnalist həmkarlarımı fəxri adlara və mükafatlara layiq görməyiniz bizi hədsiz dərəcədə sevindirdi. Bu, qələmə, sözə, zəhmətə Sizin tərəfinizdən verilən dəyərdir və bizi Azərbaycan mətbuatının inkişafı üçün daha da böyük işlər görməyə ruhlandırır. Məni “Tərəqqi” medalına layiq gördüyünüz üçün Sizə sonsuz dərəcədə minnətdaram. Bildirmək istəyirəm ki, biz jurnalistlər və KİV nümayəndələri Sizin siyası kursunuzu hər zaman dəstəkləyirik, dövlətimizin inkişafı üçün gördüyünüz bütün işlərdə yanındayıq".