11 may 2020 11:04
1391

 “Qarabağ” yatağının işlənməsi üçün platformanın quraşdırılmasına başlamaq planlaşdırılır

2020-ci ilin ikinci yarısında “Qarabağ” yatağının işlənməsi üçün platformanın quraşdırılmasına başlamaq planlaşdırılır.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, platformanın dayaq bloku artıq hazırdır:

“Bu bloku bizim törəmə şirkətimiz “Bos Shelf” tikib. Bunun ardınca platformanın yuxarı blokunun dizaynı və quraşdırılması planlaşdırılır. Platformada 6 neft hasilatı və 3 su vurma quyusunun qazılması planlaşdırılır. Sualtı texnologiya əsasında yataqda daha iki qaz hasilatı quyusu qazılacaq”.

Onun sözlərinə görə, növbəti illərin konyunkturundan asılı olaraq yataqdan əldə olunan məhsulun istifadəsi ilə bağlı ən optimal qərar veriləcək.

Qeyd edək ki, SOCAR və “Equinor” Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə “Qarabağ” neft-qaz yatağının kəşf olunması faktını təsdiq ediblər. İlkin dəyərləndirmələrə əsasən, yatağın neft ehtiyatları 60 milyon tondan çoxdur.