07 noyabr 2019 19:55
1094

Qazax rayonunun Fərəhli kəndində raket aşkarlanıb

Noyabrın 7-də saat 13:49-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Fərəhli kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 57 millimetrlik idarə olunmayan S-5M raketi aşkarlanıb. Həmin raket götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 700 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.