16 avqust 2019 19:14
1453

Qəbələnin görkəmli tədqiqatçıları

Dünyaya göz açdığın kəndin, rayonun, şəhərin, təmsil etdiyin xalqın tarixini bilmək təhsilindən, peşəsindən, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər kəsin bir vətəndaşlıq borcudur. Yəni, insan olan kəs heç bir halda Vətəninin və xalqının tarixinə biganə ola bilməz.

Əlbəttə, ümumdünya tarixinin önəmli məsələlərindən hali olmağın da faydası var. Amma məşhur el məsəlində deyildiyi kimi: “Əvvəl evin içi, sonra da çölü”. Bu mənada əhatəmizdə olan insanların böyük əksəriyyətinin tarixi mövzuda olan filimlərə, televiziya və radio verilişlərinə, söhbət və disputlara, o cümlədən dövri mətbuatda gedən yazılara sonsuz marağı başadüşüləndir. Ulu öndər Heydər Əliyev deyirdi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər hər bir insana lazımdır. Ona görə də biz indi gərək xalqımızın tarixini diqqət mərkəzinə alaq”. Məşhur rus tənqidçisi Belinski yazırdı ki, “özünə mənsub olmayan bəşəriyyətə mənsub ola bilməz”. Deməli, öz tarixini bilməyənlərin bəşəriyyət tarixini öyrənməsi müşkül məsələdir.

Məlum olduğu kimi, tarix iki qrup mənbələr əsasında öyrənilir. Bunlardan biri yazılı mənbələrdir ki, onun da imkanları elə də geniş deyildir. Yəni, bəşəriyyətin milyon illərlə hesablanan tarixinin olsa-olsa yalnız son beş min illik tarixi yazılı mənbələr əsasında öyrənilir. Özü də müfəssəl şəkildə deyil, qismən öyrənilir. Tariximizi öyrənmək üçün istifadə olunan ikinci qrup qaynaqlar maddi mədəniyyət abidələrimizdir. Həm də tariximizin bütün dövrlərini dərindən və hərtərəfli araşdırmaq baxımından onlar yazılı qaynaqlarla müqayisədə olduqca daha geniş imkanlara malikdir. Mən 2-2.5 milyon illik tariximizi özündə yaşadan Azıx  mağarası, Quruçay mədəniyyəti və digər çoxsaylı arxeoloji abidələrimizi, onlar əsasında formalaşaraq ən azı Cənubi Qafqaz arealını əhatə etmiş olan arxeoloji mədəniyyətlərimizi nəzərdə tuturam. Bütün bunlar xalqımıza məxsus olan olduqca zəngin mədəni irs nümunələridir. Hər bir Azərbaycan vətəndaşı üçün sonsuz fəxarət mənbəyi olan bu tarixi açan, öyrənən, təqdim və təbliğ edən isə Azərbaycan arxeoloqlarıdır. Məhz bu peşə sahiblərinin zəhməti və hünəri sayəsində doğma Azərbaycanımızın dünyanın ən erkən svilizasiya ocaqlarından biri olduğu elmi cəhətdən əsaslandırılaraq bütün dünyaya bəyan edilib. Onların sırasında Azərbaycanın ilk milli arxeoloq kadırları  olan Ələsgər Ələkbərovun, Davud bəy Şərifovun, qədim Qobustanın  tədqiqatçısı İsaq Cəfərzadənin Azərbaycanda yeni nəsil arxeoloq kadrlarının yetişməsində müstəsna xidmətləri olmuş Saleh Qazıyevin, qədim Naxçıvanın fədakar tədqiqatçısı Osman Həbibullayevin, Azıx mağarasını və Quruçay mədəniyyətini kəşf edən, bütövlükdə respublikamızda Poleolit məktəbini yaratmış olan şair təbiətli Məmmədəli Hüseynovun adlarını və xidmətlərini minnətdarlıq hissi ilə xatırlamaq istərdim. Qoy, bugünkü nəsillər də, bizdən sonra gələcək nəsillər də bu adları  və onların elmimiz qarşısındakı xidmətlərini yaxşı-yaxşı  xatırlasınlar.

Son yüz il ərzində Azərbaycan arxeoloqlarının bir neçə nəslinin nümayəndələrinin tədqiqatları bilavasitə Qəbələ tarixinin araşdırılması istiqamətində olub. Gəlin, razılaşaq ki, Qəbələ tarixinin dərindən və hərtərəfli öyrənilməsinin elmi əhəmiyyəti ilə yanaşı, həm də çox mühüm siyasi əhəmiyyəti var. Heç kəs üçün sirr deyildir ki, ermənilər Zəngəzura və Qarabağa hücumdan çox-çox əvvəl tariximizə hücuma başlayıblar. Bədnam qonşuların bu saxta və məkrli hücumlarının başlıca hədəfi isə qədim Azərbaycan dövləti olan Albaniya dövləti və onun tarixidir. Amma bu bədbəxt, həm də bədxah məxluq anlamır, yaxud da anlamaq istəmir ki, qədim Azərbaycan dövləti olan Albaniya barəsində antik və orta əsr mənbələrində, lap elə erməni mənbələrinin özündə yetərincə məlumatlar var. Axı, həmin məlumatları necə danmaq, necə təhrif etmək olar?! Bunlar hələ bir yana, 800 ildən çox müddət ərzində Albaniya dövlətinin paytaxtı olmuş bir şəhərin-Qəbələnin möhtəşəm qalıqlarını necə görməmək olar?!

Məlumat üçün bildirim ki, ötən əsrin 20-ci illərinədək qədim Qəbələ şəhərinin harada olması məsələsinin özü belə elmi müstəvidə çox ciddi polemika mövzusu idi. Bəziləri bu şəhəri Azərbaycanın şimalında-Dağıstanla sərhəd ərazidə, bəziləri isə Şəki yaxınlığında lokalizə edirdi. Yalnız ötən əsrin 20-ci illərindən etibarən arxeoloji tədqiqatlar nəticəsində qədim paytaxt şəhəri olan Qəbələnin yeri ilə bağlı bütün fikir ayrılıqlarına həmişəlik son qoyulmuş oldu. Yəni, sübut olundu ki, indiki Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığındakı qədim şəhər yeri məhz Qəbələ şəhərinin qalıqlarıdır. Təbiidir ki, bu həqiqəti aşkara çıxaran da məhz Azərbaycan arxeoloqları oldu. Hansı ki, ötən yüz il ərzində orada fasilələrlə davam etdirilmiş olan arxeoloji tədqiqatlar nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir çox qaranlıq məqamlarına aydınlıq gətirilmişdir. O vaxtdan bəri davam edən tədqiqatlar zamanı Qəbələ tarixinə dair on minlərlə nadir eksponat tapılaraq elmi dövriyyəyə gətirilib. Qəbələ tarixinə dair çoxsaylı əsərlər yazılıb, namizədlik və doktorluq  dissertasiyaları müdafiə olunub. Azərbaycan alimləri dünyanın müxtəlif ölkələrində  və müxtəlif vaxtlarda keçirilən beynəlxalq konfrans və simpoziumlarda Qəbələ tarixi barədə sanballı məruzələrlə çıxış ediblər. Bütün bunlar üçün biz Qəbələnin tədqiqatçısı olan o görkəmli Azərbaycan arxeoloqlarına minnətdar olmalıyıq. Bunun üçün isə hesab edirəm ki, əvvəlcə həmin insanları bir qədər daha yaxından tanımağımız gərəkdir. Elə bu niyyətlə də Qəbələnin tədqiqi ilə məşğul olmuş görkəmli arxeoloq alimlərimizi Azərbaycan oxucusuna təqdim etməyi özümə borc bildim. Əziz oxucu inanıram ki, bu insanların adları və xidmətləri heç vaxt unudulmayacaqdır.

Qəbələdə ilk dəfə arxeoloji tədqiqat aparan görkəmli Azərbaycan arxeoloqu Davud bəy Şərifov olub.

O, 1885-ci il iyul ayının 8-də Tiflis şəhərində, hərbçi ailəsində anadan olub. Polkovnik rütbəli atası Mikayıl bəy hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis idi.

Davud bəy ilk təhsilini Tiflis şəhərindəki rus oğlan gimnaziyasında alıb. 1902-ci ildə gimnaziyanı bitirərək, Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, bir müddətdən sonra təhsilini filologiya-tarix fakültəsində davam etdirmişdir. Lakin o dövrdə Rusiyanı bürüyən inqilabi hərəkatda fəal iştirak etdiyinə görə universitetdən xaric olunub. Çox keçmədən Novorossiysk Universitetinə bərpa olunub. 1908-ci ildə universiteti birinci dərəcəli diplomla bitirən Davud bəy 1908-1920-ci illərdə Qazaxda, Qars şəhərinin fəhlə məktəbində, vaxtilə oxuduğu Tiflis oğlan gimnaziyasında və Bakı oğlan məktəbində müəllimlik etmiş, 1922-ci ilin oktyabr ayında o, Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliyə başlamış, eyni zamanda, diqqətini elmi axtarışlara yönəltmişdir. Geniş və hərtərəfli elmi fəaliyyəti ilə diqqəti cəlb edən Davud bəy Şərifov 1923-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunmuşdur. Beş il ərzində o, muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaratmağa müvəffəq olub. 1923-cü ildə arxeoloji materiallar əsasında işləmiş olduğu “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti, 1924-cü ildə isə “Coğrafiya” adlı dərslik çap etdirmişdir. Onun səyi nəticəsində Tiflis, Moskva, Leninqrad muzeylərində saxlanılan Azərbaycana məxsus çoxsaylı nadir maddi mədəniyyət nümunələri Vətənə  qaytarılmışdır.

Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların fövqəl əhəmiyyət kəsb etdiyini yaxşı bilən Davud bəy 1925-ci ildə o zamankı Şəki qəzasına və Qəbələ mahalına ilk arxeoloji səfər təşkil etmişdi. Səfər zamanı elmə məlum olmayan bir sıra tarix və mədəniyyət abidələri qeydə alınmış, adı Antik dövr və Orta əsr tarixçilərinin əsərlərində çəkilən qədim Qəbələ şəhərinin yeri dəqiqləşdirilmişdir. Bu səfər, əslində, Azərbaycan arxeologiyası tarixində milli mütəxəssislər tərəfindən təşkil edilən ilk elmi ekspedisiya olmuşdur. Onun rəhbərliyi ilə 1926-cı ildə Yaloylutəpə arxeoloji mədəniyyəti aşkar olunub.

Davud bəy Şərifovun aparmış olduğu arxeoloji axtarışlarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutur. Xatırladaq ki, Qala ərazisində aparmış olduğu həmin axtarışlar zamanı şəhərin müdafiə divarları, giriş yolu və bürcləri dəqiq ölçülərək, onların əhatəli  təsviri verilmişdir. Şəhərin mədəni təbəqəsini müəyyən etmək məqsədilə müxtəlif yerlərdə kəşfiyyat qazıntıları qoyulmuşdur. Əldə edilən maddi mədəniyyət nümunələri Qəbələnin əsasən orta əsrlər tarixi ilə bağlı olmuşdur.

Təəcüblü, həm də acınacaqlı haldır ki, Davud bəy Şərifovdan sonra Azərbaycanın Tarix Muzeyinə başçılıq iki erməniyə - S.Manutsyan (1928-1932-ci illər) və A.Melkumyana (1932-1934-cü illər) tapşırılmışdır. Hansı ki, həmin dövrdə muzeyin milli mütəxəssislərinə qarşı təqiblər başlanmış, onların bir çoxu muzeydən uzaqlaşdırılmışdır. Eyni zamanda, muzeyin Davud bəy Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli eksponatları Moskvaya - İnqilab muzeyinə göndərilmiş və bir daha geri qaytarılmamışdır.

Qəbələnin arxeoloji cəhətdən tədqiqi hər kəsdən daha çox görkəmli arxeoloq Saleh Mustafa oğlu Qazıyevin adı ilə bağlıdır.

Azərbaycanda arxeologiya elminin banilərindən olan S.M. Qazıyev 1893-cü ildə indiki Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş və elə ibtidai təhsilini də orada açılmış “Rövzət-ül-maarif” adlı milli məktəbdə almışdır. 1918-1924-cü illərdə Nuxada təşkil olunan pedaqoji kurslarda iştirak etmiş, 1925-1927-ci illərdə əvvəlcə Nuxa fəhlə fakültəsində, daha sonra isə Nuxa pedaqoji fakültəsinin qiyabi şöbəsində oxuyaraq orta təhsilə yiyələnmiş, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir.

S.M.Qazıyev gənc yaşlarından başlayaraq tarix elminə, xüsusilə arxeologiya və etnoqrafiya elmlərinə böyük maraq göstərmiş, Bakıdan Nuxaya, Oğuz və Qəbələ rayonlarına göndərilən ekspedisyalarda iştirak etmiş, onların səmərəli işləməsi üçün bacarıq və səyini əsirgəməmişdir. 1926-cı ildən etibarən isə bilavasitə arxeoloji fəaliyyətlə məşğul olmuşdur.

S.M.Qazıyev 1934-cü ildə Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində işə başlayıb, 1935-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasına daxil olub. Akademik İ.İ.Meşşaninovun rəhbərliyi ilə işləyən S.Qazıyev bundan sonra bütün ömrünü Azərbaycanda arxeologiya və etnoqrafiya elminin inkişafına həsr etmişdir. O, 1941-ci ildə “Qəbələ mahalının qədim abidələri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Beləliklə də S.M.Qazıyev Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinə yiyələnən ilk arxeoloq olub. O, 30-40-cı illərdə Qəbələ, Gəncə, Örənqala, Mingəçevir, Xaçbulaq, Xan kəndi və digər yerlərdə arxeoloji ekspedisiya və səfərlərdə iştirak edib, Tunc dövründən Orta əsrlərə qədər olan geniş xronoloji dövrü əhatə edən müxtəlif abidələrin tədqiqində bilavasitə iştirak edib. 1946-1953-cü illərdə onun rəisi olduğu Mingəçevir arxeoloji ekspedisyası orada sualtında qalmaq təhlükəsi olan zəngin arxeoloji kompleksi etmişdir. Onun Mingəçevir qazıntılarına həsr etdiyi onlarla məqaləsi SSRİ və Azərbaycan SSR Elmlər akademiyalarının nəşrlərndə çap olunub. Xatırladaq ki, S. Qazıyevin Mingəçevirə həsr olunmuş bir çox əsərləri, xüsusən də onun “Mingəçevirin küp qəbirləri albomu” uzun illərdir ki, Azərbaycan arxeoloqlarının stolüstü kitabıdır.

Mingəçevirdə arxeoloji tədqiqatlar başa çatdırıldıqdan sonra S. M. Qazıyev yenidən Qəbələ mahalının arxeoloji abidələrini öyrənməyə başlayıb. 1956-1958-ci illərdə Oğuz rayonunun Vardanlı kəndi yaxınlığındakı yaşayış yerlərində və qəbiristanlıqda, 1959-cu ildən ömrünün sonuna qədər isə Qəbələ şəhər yerində geniş həcmli qazıntı işləri aparmışdır. Xatırladaq ki, onun rəhbərliyi ilə Qəbələ qazıntıları Azərbaycanın Antik və Orta əsr şəhər mədəniyyətinin tədqiqində misilsiz əhəmiyyətə malikdir.

S.M.Qazıyevin Azərbaycanda ixtisaslı arxeoloq kadrların hazırlanması sahəsində də böyük xidmətləri olub. Onun rəhbərlik etdiyi Mingəçevir və Qəbələ ekspedisiyaları bir növ arxeoloji məktəbə çevrilmişdir.

Qəbələ tarixinin arxeoloji cəhətdən öyrənilməsində əslən Qəbələ rayonundan olan Qara Məmməd oğlu Əhmədovun xüsusi xidmətləri olub.

1928-ci ildə Qəbələ rayonunun Çarxana kəndində anadan olan Q.M.Əhmədov   orta təhsilini qonşu Hacallı kənd məktəbində başa vuraraq  1944-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və 1949-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Q. M. Əhmədovun həyat və yaradıcılığının yarım əsrdən artıq dövrü Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olmuş, 1952-ci ildən ömrünün sonunadək baş laborantdan sektor rəhbərinədək müxtəlif vəzifələrdə çalışmışdır. O, çöl tədqiqatlarında iştiraka Mingəçevir ekspedisiyasında başlamış, peşəkar arxeoloq kimi püxtələşməsində isə Örənqala qazıntıları xüsusi mərhələ təşkil etmişdir.

Q. M.Əhmədov Azərbaycanda Orta əsr şəhər mədəniyyətinin öyrənilməsi üzrə tanınmış mütəxəssis hesab olunur. Məhz onun elmi təfəkkürünün işığında Azərbaycanın Orta əsr şəhər mədəniyyəti probleminin mürəkkəb və bir çox hallarda ziddiyyətli məsələlərinə aydınlıq gətirilmişdir. 1972-ci ildə “Orta əsr Beyləqan şəhəri” mövzusunda dissertasiya müdafiə edən Qara Əhmədov Azərbaycanda doktorluq elmi dərəcəsi alan ilk arxeoloq olmuşdur.

Qara Əhmədov həyatının son onilliklərində Qəbələ arxeoloji ekspedisiyasına başçılıq edib. Onun rəhbərliyi ilə aparılan qazıntılar Qəbələnin tarixinə dair neçə-neçə elmi yeniliklərlə əlamətdar olub.

Qəbələ tarixinə həsr olunmuş onlarla sanballı elmi məqaləsi olan Q. M.Əhmədov  həmçinin İ.Babayevlə birlikdə yazmış olduqları “Qəbələ” kitabının həmmüəllifidir. Böyük alimin sonuncu yaradıcılıq məhsulu olan “Qəbələ Orta əsrlərdə” əsəri isə onun uzun illər ərzində orada aparmış olduğu arxeoloji tədqiqatların yekunu kimi dəyərləndirlməlidir.

Azərbaycan arxeoloqları içərisində yeganə tədqiqatçı alim İlyas Atababa oğlu Babayevdir ki, o praktik elmi fəaliyyətinə başladığı ilk gündən ömrünün sonunadək Qəbələdə işləmişdir. Məlumat üçün bildirim ki, İ.A.Babayev 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub, 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda başlayıb. 1959-cu ildə tanınmış arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına qoşulan İ.A.Babayev ömrünün sonuna qədər Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqi ilə məşğul olmuşdur.

İ. A.Babayev Qəbələdə bütün həmkarlarından daha çox, düz 58 il tədqiqat aparıb. O, 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyası, 1983-cü ildə isə “Qafqaz Albaniyasının şəhərləri (e.ə.IV - III əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Onun rəhbərlik etmiş olduğu Qəbələ beynəlxalq arxeoloji ekspedisiyası on ildən artıq bir müddətdə Koreya Respublikasından olan arxeoloqlarla birlikdə çalışıb və ciddi elmi nəticələr əldə edib.

İ.A.Babayevin rəhbərlik etmiş olduğu Şəmkir-Qaracəmirli beynəlxalq arxeoloji ekspedisiyası isə Kür çayının sağ sahilində e.ə. V-IV əsrlərə aid şəhər tipli yaşayış yerində böyük saray  və onun ətrafında digər ictimai binaların qalıqlarını aşkar edib. Saray əsas binası, hasarlı həyəti və propleyası (giriş binası) ilə birlikdə 20 hektara yaxın ərazini əhatə edir. Sarayın çoxlu sütunlu zalları, portiki, uzun dəhlizləri və digər otaqları olmuşdur. İ.A.Babayevin fikrincə, bu abidə e.ə. V-IV əsrlərdə bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzin qalıqlarıdır.

İ.A.Babayev 270-dən artıq elmi əsərin müəllifidir. O, dəfələrlə dünyanın müxtəlif şəhərlərində Qəbələ tarixinin müxtəlif problemlərinə dair keçirilən beynəlxalq elmi konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

İ.A.Babayev bir çox ali və orta məktəb dərsliklərinin, həmçinin çoxcildlik “Azərbaycan tarixi”nin I və II cildlərinin, “Azərbaycan Ensiklopediyası”nın və “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindəndir.

Zəngin elmi fəaliyyəti ilə yanaşı, İ.A.Babayev həm də çoxillik pedaqoji fəaliyyəti ilə yadda qalıb. O, Azərbaycanın müxtəlif universitetlərində “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Tarixə köməkçi fənlər”, “Azərbaycan tarixi”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Tarixi antropologiya” və s. fənlər üzrə mühazirələr oxumuşdur.

Qəbələnin tarixi qədim Azərbaycan dövləti olan Albaniya dövləti tarixinin bir hissəsi, özü də əhəmiyyətli bir hissəsidir. Başqa sözlə, qədim paytaxt şəhərimiz olan Qəbələnin tarixini dərindən və hərtərəfli öyrənmədən Albaniya dövlətinin tarixini yazmaq qeyri-mümkündür. Bu baxımdan Qəbələ tarixinin tədqiqi ilə məşğul olan alimlər həm ölkəmizdə, həm də xaricdə daha çox məhz albanşünas alimlər kimi tanınırlar. Demək istədiyimiz odur ki, yuxarıda tərcümeyi-halı və Azərbaycan tarix elmi qarşısındakı xidmətləri barədə qısa olaraq bəhs etdiyimiz tanınmış arxeoloq alimlər həm də Azərbaycanın adlı-sanlı albanşünas alimləri olublar. Onlar Qəbələnin tarixini araşdırıb öyrənməklə bütövlükdə Azərbaycanın qədim tarixinin dərindən və hərtərəfli öyrənilməsinə xidmət ediblər. Bütün şüurlu ömürlərini Azərbaycanda tarix elminin inkişafına həsr etmiş bu insanlar özlərindən sonra olduqca dəyərli elmi irs qoyub getmişlər. Onlar qazmaqla, yazmaqla yanaşı, həm də başlamış olduqları işləri gələcəkdə daha uğurla və layiqincə davam etdirmiş iqtidarında olan çoxsaylı arxeoloq kadrlar yetişdirmişlər. Hansı ki, sonrakı illərdə həmin insanlar Qəbələ tarixinin, bütövlükdə Azərbaycan tarixinin işlənməsinə olduqca sanballı töhfələr bəxş etmişlər.

Doğma yurdun tarixinin  öyrənilməsi istiqamətində Azərbaycanın tarixçi alimlərinin, o cümlədən arxeoloq alimlərin zəhməti, xidmətləri və uğurları danılmazdır. Amma qarşıda daha məsul və daha şərəfli vəzifələr durur. Tariximizin hələ də yetərincə öyrənilməmiş olan çoxlu problemləri var. Arxeoloqların hələ gedib çata bilmədiyi çoxsaylı həm də, elmi cəhətdən son dərəcə dəyərli abidələr var. Tariximizin Sovet dönəmində müxtəlif səbəblər və təhdidlər üzündən yanlış və ya yarımçıq işlənmiş bir çox məqamları var ki, onları  da yenidən işləmək tələb olunur. Bir sözlə, gələcək hədəflərimiz və  uğurlarımız naminə tarixi keçmişimizə və onun hərtərəfli tədqiqinə diqqəti daha da artırmaq gərəkdir. Bu, təkcə peşə borcu yox, həm də bir vətəndaşlıq borcudur.

Qafar Cəbiyev,

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi,
Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru,
Əməkdar jurnalist