19 iyun 2020 10:27
1968

Qəhrəmanlıq qəhrəmanla birlikdə ölmür, əbədi yaşayır

Milli Qəhrəman Mübariz İbrahimovun  əbədiyyətə qovuşduğu  gündən  10 il ötür

Ölüm haqdır deyirlər, amma adı gələndə çoxumuz  bir gün bu dünyadan köçəcəyimizi düşünüb kədərlənirik.  Fransız yazıçısı Anri Barbüsün təbirincə desək,  ölmək qorxulu deyil, sağ ikən yaşamamaq qorxuludur.  Mübariz İbrahimovun şəhidliyi şüurlu, dərk olunmuş müqəddəs ölümdür. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Mübarizin  igidliyi, qəhrəmanlığı heç vaxt unudulmur. Çünki Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə ölçülür. Mübariz İbrahimov da  dövrümüzün əsl qəhrəmanlıq, igidlik, cəsurluq simvoludur. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olub.

Prezident İlham Əliyev 2010-cu ilin iyulun 22-də Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb.

  Bu  gün Mübarizin qəhərəmanlığı ilə təkcə Azərbaycan deyil, bütün türk dünyası fəxr edir.  Haqqında neçə-neçə bədii əsərlər yazılıb, filmlər çəkilir. Xalq şairi Nəriman Həsənzadə  Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi lirik-epik kitabı "İstiqlal aşiqi... Mübariz İbrahimov" adlandırıb.  Milli Qəhrəmanımıza  Mustafa Çəmənli, "Mübariz" romanı,  Əlibaba Məhərrəmzadə və Sabir Hüseynov “Müqəddəsliyə aparan yol”, Balayar Sadiq  “Hünər sinfoniyası”, Maarif Köçkün “Mübariz cəsarəti” kitabları  həsr ediblər. Bunlar Mübariz haqqında yazılan  bədii və sənədli ədəbiyyatın hamısı deyil.

Hərbçi-yazar Yəhya Yusif Canıyarın müəllif olduğu “Turan Mübarizi” kitabında M. İbrahimovla bağlı rəsmi sənədlər, ölkə başçısı İlham Əliyevin Milli Qəhrəmanla bağlı söylədiyi fikirlər, elm və mədəniyyət xadimlərinin, ziyalıların, Mübarizi tanıyan insanların ürək sözləri, şeirlər, məqalələr, fotoşəkillər və digər materiallar yer alıb. Şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu “Mübariz” adlı romanla Mübariz İbrahimovun şərəfli həyat yolu türkiyəli oxuculara təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxmış kitabın nəşrində məqsəd Mübariz İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır. Rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. Bundan başqa,  2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Sakarya Fırat" serialında və başqa filmlərdə geniş yer alıb.

Onu da qeyd edək ki,  Azərbaycanda  istehsal olunan snayper tüfənglərdən  biri onun şərəfinə "Mübariz" adlandırılıb.

 Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimovun xatirə lövhəsi vurulub.

Sumqayıt şəhərində adına kücə verilib, Bakıda və Biləsuvarda  heykəli ucaldılıb, sərgilər açılıb. Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün  yeni yaşayış evi tikilib.

N.Muğanlı,

“İki sahil”