XX əsrdə xalqımızın başına gətirilən müsibətlərdən biri kimi tarixə yazılan 20 Yanvar faciəsindən 30 il ötür
20 Yanvarın ən yeni tariximizə qara hərflərlə yazılan qəhrəmanlıq səhifəsi olduğunu yaşından asılı olmayaraq hər kəs bilir. Hər il bu tarix təkcə Azərbaycanda deyil, ümumilikdə dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən milli hüzn günü kimi qeyd olunur, şəhidlərimizin xatirəsi ehtiramla yad edilir. Amma bir həqiqəti unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil, həm şərəf, həm də qürur günüdür. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
...30 il bundan əvvəl sovet imperiyası keçmiş SSRİ-nin uğursuz rəhbəri Mixail Qorbaçovun, hətta onun komandasında təmsil olunan Yazovun, Bakatinin birgə hazırladıqları planlar əsasında Bakıda qanlı qırğınlar törətdi. Həmin qırğınlarda 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Hətta Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı. Ancaq buna baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədilər. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Sözsüz ki, bu qanlı qırğına qarşı ilk etiraz səsini bildirən o zaman Moskvada yaşayan xalqımızın müdrik oğlu, Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev oldu. O vaxt dahi şəxsiyyət təhdid və təzyiqlərdən çəkinməyərək Azərbaycanın Moskvadakı səfirliyinə gedərək 20 Yanvar qırğınlarını ölkəmizin suverenliyinə qarşı törədilmiş zorakılıq, təcavüzkarlıq adlandırdı. Hətta Ulu Öndər faciə ilə bağlı Azərbaycan xalqına teleqram göndərərək insanları belə ağır məqamlarda birliyə, həmrəyliyə çağırdı. Şəhidlərimizin tökülən qanlarına bais olanların mütləq cəzalandırılacağını bildirdi. Belə ağır günlərdə xalqı ilə bir olduğunu bildirən Ulu Öndərin müraciətini gizlədən nakəslər günahsız insanları qırğına verdikləri üçün vicdan əzabı çəkmədilər. 19 yanvarda Azərbaycan televiziyasının enerji blokunu dağıtmaqla əsl həqiqətləri xalqdan, dünya ictimaiyyətindən gizlədənlər vəhşiliklərini ört-basdır etmək üçün haqqını tələb edən vətənpərvərlərə ekstremist adı verməkdən belə çəkinmədilər.
30 il bundan əvvəl törədilən qırğınlar məhz bu məqsədlə həyata keçirilsə də, Azərbaycan xalqını güllələrin səsi ilə inamından dönməyə cəhd edən, diz çökdürməyə çalışanlar niyyətlərinə çata bilmədilər. Unutdular ki, üstünə tanklar yeritdikləri bu qəhrəman Vətən övladları heç vaxt düşmənə arxa çevirməmiş, sıralarını, səflərini pozmamışlar. 20 Yanvar qırğınında Vətən yolunda qurban gedən şəhidlərimiz ölümləri ilə cəlladlarına qəhrəmanlıq dərsi öyrətdilər. Əbədiyyətə qovuşmaqla ölməzliyin zirvəsinə qalxaraq Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar. Bu gün həmin tarixi anları bütünlükdə Azərbaycan xalqı üçün müqəddəs olan Şəhidlər xiyabanında sıralanan məzar daşları yaşadır.
Qədirbilən Azərbaycan xalqı Vətəni, azadlıq uğrunda qurban gedən şəhidlərimizi unutmur. Çünki bu xalqın insanlara dəyər verən, onların xatirəsini həmişə əziz tutan Heydər Əliyev kimi ümummilli lideri var idi. Günahsız şəhidlərimizin tökülən qanları üçün cavabdeh olanların ədalət, qanun qarşısında cavab vermələrini, hadisələrə hüquqi, siyasi qiymət verilməsini tələb edən də ümummilli lider Heydər Əliyev idi. Şəhid ailələrinə ilk təsəlli verən də, məhz O oldu. Onlar üçün imtiyazların verilməsini rəsmiləşdirən, Milli Qəhrəman adına layiq görən də Azərbaycanın müstəqilliyini tarixi nailiyyət adlandıran, suverenliyimizin əbədiliyini qoruyan da Ulu Öndər oldu.
Dahi şəxsiyyətin yolunu davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Mənsumə Babayeva, “İki sahil”