10 sentyabr 2019 15:37
127

QHT-lər Fransada yoxsul təbəqənin vəziyyətindən narahatdır

Fransanın Qeyri-Hökumət Təşkilatları ölkədə ən kasıb təbəqənin yaşayışının daha artıq pisləşməsindən narahatlıqlarını ifadə ediblər.

“Report“un Fransa bürosunun məlumatına görə, bu barədə yoxsulluq və sosial müdafiə məsələləri ilə məşğul olan 37 federasiya və assosiasiyanın birgə yaydığı bəyanatda bildirilib. 

Bəyanatda dövlət tərəfindən yoxsulluqla mübarizə üzrə strategiyanın həyata keçirilməsindən bir il sonra ölkədə ən kasıb təbəqənin yaşayış səviyyəsinin daha da pisləşdiyi qeyd olunub.

QHT-lər dövlətin ən kasıb ailələrə daha artıq diqqət ayırmasını tələb edir. 

Qeyd edək ki, Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutunun (İNSEE) məlumatına əsasən, ölkədə 8,8 milyon kasıb insan var. Bu da ölkə əhalisinin 14 faizini təşkil edir.