18 mart 2020 20:59
890

Qlobal bəladan qorxmaq yox, qorunmaq lazımdır!

Koronavirusla mübarizədə riayət etməli olduğumuz qaydalardan biri də ictimai nəqliyyat vasitələrindən düzgün istifadədir. Sərnişindaşıma vasitələrində koronavirus xəstəliyinin yayılma ehtimalının daha yüksək olduğunu nəzərə alaraq insanlar profilaktik tədbirlərə  ciddi şəkildə əməl etməlidir. Vacib olmadıqca ictimai nəqliyyat vasitələrindən imtina etmək, istifadə edərkən isə etibarlı şəkildə qorunmaq lazımdır.

İctimai nəqliyyat virusun yayılması üçün “ideal” məkandır. Virus hava yolu ilə - xəstə insan asqıranda və ya öskürəndə havaya sıçrayan çox kiçik tüpürcək damcıları vasitəsilə yayılır. Araşdırmalara görə, ictimai nəqliyyatdan istifadə edən şəxslərin virusa yoluxma ehtimalı 6 dəfə çoxdur. Ona görə də Cənubi Koreyadan İrana qədər bir çox ölkələrdə hökumətlər qatarlarda, avtobuslarda və dayanacaqlarda səthlərin təmizlənməsi prosesinə başlayıblar. Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də başlanılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusla bağlı açıqlamasında bildirilir ki, virusun sürətlə yayılmasının əsas səbəbi onun yüksək virulentliyi və patogenliyi, yoluxma mexanizminin hava-damcı, təmas yolu ilə olması, insanların virusa qarşı yüksək həssaslığıdır. Aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir. Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir.

Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də vətəndaşların ən çox istifadə etdiyi metroda sərnişinlərin sıxlığı müşahidə olunur. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlarda əlavə həyəcan və stress yaradır. Mümkün risklərin qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı var.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mətbuata açıqlamasında bildirib ki, metropolitenin fəaliyyətinin dayandırılması hələ ki müzakirə olunmur: “Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarətlə  həyata keçirilir. “Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur. Qərargahın və aidiyyətli səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.

Koronavirusla bağlı “Bakı Metropoliteni” sərnişinlərə müraciət edib.  Sərnişinləri öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır: “Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir. Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur”.

Bundan başqa, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, avtobusların tutacaqları, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənməlidir. İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiya zamanı “ProGreen ProFix” dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcəkdir.

İctimai nəqliyyat vasitələrində görülən profilaktik tədbirlərə əlavə olaraq  sərnişinlər də mümkün qədər diqqətli və məsulliyyətli olmalıdırlar. Belə ki, ictimai nəqliyyatdan minib-düşdükdə mütləq əllərini dezinfeksiya etməli, mümkün qədər sərnişinlərlə məsafə saxlamalı, sərnişin sıxlığı müşahidə etdikdə nəqliyyat vasitələrinə daxil olmaqdan çəkinməli, qoruyucu ləvazimatlardan (asqırma-öskürmə hallarının çox olacağını nəzərə alaraq) istifadə etməlidirlər.

Hazırkı məhdudlaşdırıcı tədbirlərin yalnız insanların sağlamlığının təmini üçün tətbiq edildiyini nəzərə alsaq,  insanlar panikaya düşməməlidir. Yəni, koronavirusdan qorxmaq yox, qorunmaq lazımdır!

Yaqut Ağaşahqızı, “İki sahil”