14 avqust 2020 19:10
1352

Qondarma «DQR»-in qondarma başçısından daha bir avantürist bəyanat

Onun Gəncəni vurmaqla hədələməsinə beynəlxalq təşkilatlar ciddi reaksiya verməlidirlər

Bu, bəyanat qorxaq itin daha çox bərk hürməsinə bənzəyir

İşğalçı Ermənistana ciddi beynəlxalq təpki olmadıqca avanturist hərəkətlərindən və bəyanatlarından əl çəkməyəcək. Hətta qondarma  «DQR»-in qondarma rəhbəri belə ölkəmizi hədələməkdən çəkinmir. Belə ki, qondarma rejimin başçısı Araik Aratunyan çox qabağa  gedərək Gəncəni vurmaqla hədələyib.

Təbii ki, bu, qorxaq itin daha çox hürməsini xatırladır və görünür, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Bu, bir ciddi faktdır ki, Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib.

Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər və hətta  Ermənistan hakimiyyəti bununla bağlı izahat verməlidir. Burada maraqlı və məntiqli suallar yaranır: Bəs görəsən ATƏT-in Minsk qupunun həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? Yoxsa turist diplomatiyasının nüməyəndələri hələ yay tətilindən qayıtmayıblar?

Təbii ki, artıq Minsk qrupunun ikili standartlarına və susqunluğuna  bir son vermək lazımdır. Xüsusilə son illərdə belə bir qəti fikir formalaşıb ki, ATƏT-in  Minsk qrupu həm fəaliyyəsizliyinə, həm də qərəzli mövqeyinə görə qəti şəkildə buraxılmalıdır. Hətta ola bilər ki, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Ən ədalətli mövqe və tələb isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyənin də Minsk qrupuna həmsədr üzv kimi qoşulmasıdır.

Bir sözlə, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir. Həmsədrlər arasında balans da mövcud deyil. ABŞ hansısa formada balansın saxlanılması istiqamətində cəhdlər göstərir. Məsələn, bu yaxınlarda Konqresdə qəbul olunmuş düzəliş konkret olaraq buna misaldır. Ancaq yenə də balans mövcud deyil. Ona görə də ən vacib məsələlərdən biri ondan ibarətdir ki, bu problemi həll etmək iqtidarında olan təşkilat obyektiv olmalıdır. Həmçinin öz davranışını elə təşkil etməlidir ki, hər iki tərəfdən eyni məsafədə uzaqlıq təmin olunsun. Bu gün isə bu yoxdur. Həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. O səbəbdən ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyəti yenidən təşkil olunmalıdır”.

Bu bir önəmli faktdır ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki hərbi təxribatlarına Azərbaycan Ordusu sərt cavab verməklə işğalçı ölkəni məğlub duruma saldı. Əslində, Ermənistanın indiki avantürist rəhbərliyi burada böyük oyun oynamaq  və Azərbaycanı onun da üzv olduğu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), xüsusilə də Rusiya ilə  qarşı- qarşıya gətirmək istədi. Lakin həm Rusiya, həm də KTMT-nin digər üzvləri Ermənistanın bu oyununa nəinki getmədilər, hətta bəzi üzv dövlətlər bizim mövqeyimizi dəstəklədilər.

Əslində, Tovuz döyüşləri geosiyasi durumda da bir çalxalanma yaratdı və xüsusilə qardaş Türkiyənin Azərbaycana çox ciddi hərbi və siyasi dəstək verəcəyi ilə bağlı bəyanatları Ermənistanda narahatlıqla qarşılandı. Hətta iki qardaş ölkənin hərbi qüvvələrinin birgə təlimləri işğalçı ölkəyə çox sərt təpki oldu.

Ermənistanın Tovuz istiqamətindəki  hərbi təxribatına və onun ciddi şəkildə silahlanmasına hələ də susqunluğunu davam etdirən  ATƏT-in Minsk qrupu bir daha göstərdi ki, bu beynəlxalq bir çox hallarda ya  ikili standartlara yol verir, ya da ki, açıq şəkildə ermənipərəst mövqe tutmaqla işğalçıya dəstək olur.

Eyni zamanda, Ermənistanın ən böyük dəstəkçisi olan Rusiyanın onu silahlandırmağa davam etməsi işğalçı ölkəyə  dəstəkdir. Belə  silahlandırma isə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir və bu fakt mövcud status-kvonun saxlanmasına xidmət edir. Rusiyanın hərbi-siyasi dəstəyindən ruhlanan ermənilər son bəyanatları ilə özlərini arxalı köpək kimi göstərməyə çalışırlar.

Təbii ki, acınacaqlı və aciz durumda olan Ermənistan bu gün həm hərbi istiqamətdə, həm də iqtisadi sferada Azərbaycandan ciddi zərbələr alıb və almaqda da davam edir. Məhz 2020-ci ilin iyulunda Tovuz döyüşlərində məğlub duruma düşən Ermənistana buna görə də silahlar  pulsuz verilir.

Elçin Zaman, «İki sahil»