30 iyul 2020 17:54
1266

Qurban bayramı İlahi rəhmətin təcəllisidir

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan bu bayram İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir

 

İslam dinində iki böyük bayram var. Bunlar Ramazan (Fitr) və Qurban bayramlarıdır. Haqqında danışdığımız Qurban bayramı Həzrət İbrahim peyğəmbərin (s.v.s) yuxuda aldığı ilahi vəhyə əsasən öz oğlu İsmayılı Mina vadisinə gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Bu bayram hər şeydən əvvəl insanın öz nəfsi üzərində qələbə çalmasının ən əlamətdar bir hadisə olmasının təzahürü kimi qeyd edilir. Hər il müsəlmanlar zilhiccə ayının 10-da Həzrət İbrahim peyğəmbər (s.v.s) və onun ailəsinin ilahi əmrə tabe olaraq öz sevimli övladlarını Allah yolunda qurban kəsmək istəklərindən doğan fədakarlıqlarını xatırlayır və bu günün ildönümünü qeyd edirlər. Bu hadisəni bütövlükdə Həzrət İbrahimin (s.v.s) timsalında insanın Allah tərəfindən imtahan olunması prinsipinin ən əlamətdar hadisəsi hesab etmək olar. Bu ilahi imtahan təkcə Həzrət İbrahimi yox, onun bütün ailəsini əhatə edir. Bu ailəyə bəzən "tövhid ailəsi" də deyirlər. Çünki bu ailənin hər bir üzvü ayrı-ayrılıqda ilahi imtahandan şərəflə çıxmış, insan üçün canını və övladını fəda etmək kimi ən ağır şərtlər çərçivəsində sınağa çəkilmiş, nə qədər çətin olsa da, nəfsdən gələn şübhə və vəsvəsələrə uymamış, Allah hökmünü bütün dünyəvi istəklərdən üstün tutmuş və bununla da həm dünyada daim xatırlanmağa, axirətdə isə ən yüksək məqama layiq nümunəvi "tövhid ailəsi" olduqlarını sübut etmişlər. Bu əhvalat müqəddəs kitab Tövratda da öz əksini tapmışdır. Düzdür, bu kitabda Həzrət İbrahimin (s.v.s) oğlu İsmayılı yox, İshaqı qurban kəsmək istəyindən danışılır: "Allah dedi: "Sevdiyin yeganə oğlunu - İshaqı görürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et" (Tövrat, Yaradılış kitabı, İbrahimin sınağa çəkilməsi fəsli, 2). Amma ayədən göründüyü kimi, Allah "sevdiyin yeganə oğlun" deyir, o zaman isə həmin oğul İshaq yox, İsmayıl idi. Çünki İshaq İsmayıldan uzun illər sonra doğulmuşdur. Bu üzdən İslam dinində bu oğul İsmayıl və qurban isə "İsmayıl qurbanı" hesab edilir.

Ümumiyyətlə, "Qurban" sözünün ərəb dilindən tərcüməsi "yaxınlıq" mənasını verir. Qurban Allaha yaxınlıq niyyəti ilə yuxarıda göstərilən heyvanlardan birini şəriətə uyğun qaydalarla kəsməkdən ibarət olan bir ibadət əməlidir. Allah rizası üçün olunan əməllər insanın hidayət olunması, düz yola yönəlməsi üçündür. Qurban kəsmək də Allah yolunda icra olunan ibadət əməllərindən biridir. Belə ibadət əməllərinə Allahın heç bir ehtiyacı yoxdur. Çünki Allah möhtac olmayan və ehtiyacsızdır. Kəsilən heyvanın nə əti, nə də qanı Allah üçün deyil, insanın bu yolla Allaha yaxınlaşması və bu nemətlərdən yararlanması üçündür. Bu əməl həm də insanlar arasında ünsiyyətin möhkəmlənməsi, qayğıkeşlik və nəvaziş hisslərinin gücləndirilməsi baxımından da çox önəmlidir. Allah bizə qurban kəsilməsinin məhz bu məqsədlərlə vacib buyurduğunu anladır: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə Həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!" (Əl-Həcc,37)

Biz də Qurban bayramı münasibətilə bütün müsəlman həmvətənlərimizi təbrik edir, Allahdan xalqımıza sülh, əmin-amanlıq və bol ruzi diləyirik.

Sevinc Azadi, “İki sahil”