Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilib. Xatırladaq ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları əlavə olunub.
Qərara əsasən, müəyyən olunan meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq. Buraya riskli əməliyyatlar aparan şəxslərin mövcudluğu, vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasının aşkar edilməsi, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı və ya digər təsərrüfat obyekti olmadıqda və yaxud onların sahəsi ilə idxal və ya əldə edilən malların həcminin uyğunluq təşkil etməməsi, vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların sənədləşdirilmədən təqdim olunmasının aşkar edilməsi, vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə bir sıra hallar istisna olmaqla idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olması kimi meyarlar aiddir.
Eyni zamanda, bu meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs, hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs də riskli vergi ödəyicisi hesab olunacaqlar. Həmçinin beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər də riskli vergi ödəyicisi hesab olunanların sıralarına daxildirlər. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bundan başqa, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, eyni zamanda, aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə, belə əməliyyatlar riskli hesab ediləcək.
Riskli vergi ödəyicisiləri, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyiciləri barədə məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc ediləcək.
Bununla yanaşı, riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunacaq.
Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə ki, əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulacaq. Həmçinin belə əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməyəcək, onlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilməyəcək.
Riskli vergi ödəyicilərinin itirəcəkləri bunlarla bitmir. Belə ki, onlar barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab ediləcək. Bundan əlavə, vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verəcək. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ var. Qərara görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilə bilər. Əslində riskli vergi ödəyiciləri elə vergi öhdəliyi olandan bəri var. Ancaq görünən odur ki, son illərdə vergi ödəməkdən yayınlarla mübarizənin kəskin şəkil alması nəinki belə əməlləri törədənlərin qarşısını almaqla yanaşı, risk yaradan vergi ödəyicilərinin də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsini şərtləndirib. Bununla da riskli vergi ödəyiciləri üçün meyarların müəyyən edilməsi dürüst vergi ödəyicilərinin daha az vergi yoxlamalarına cəlb edilməsinə, sağlam rəqabət mühitinin qorunmasına şərait yaradır. Əks təqdirdə bütün vergi ödəyicilərinə eyni formada sərt nəzarət tədbirlərinin tətbiqi onların normal fəaliyyətinə əngəl törətdiyi kimi, vergi orqanlarının resurlarından səmərəli istifadəyə də imkan vermir. Digər tərəfdən, vergidən yayınma həm də haqsız rəqabətə gətirib çıxarır.
Riskli vergi ödəyicisi ilə bağlı ayrı-ayrı meyarlara gəlincə, əmtəəsiz əməliyyatların, vergi orqanında qeydiyyatda olan anbarı və ya digər təsərrüfat obyektinin olmaması və yaxud onların sahəsi ilə idxal və ya əldə edilən malların həcmi ilə uyğunluq təşkil etməməsinin müəyyən saxta sənədlər tərtib etməklə pul vəsaitlərinin nağdlaşdırılmaları hallarının aradan qaldırılmasına şərait yaradacaq. Təsadüfi deyil ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri nəticəsində kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bununla da məlum olub ki, dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.
Eyni zamanda, vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların sənədləşdirilmədən təqdim olunması, satış məqsədləri üçün idxal olunan və ya əldə edilən malların həcminin dövriyyədən azı 3 dəfə artıq olması, həmçinin təqdim olunan elektron qaimə-fakturalarda alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, malların həcmindən artıq həcmdə mallar təqdim etməsi kimi əməliyyatların risk meyarlarına aid edilməsi dövriyyələrin üzə çıxarılmasına xidmət etməklə kölgə iqtisadiyyatı ilə mübarizənin məqsədlərindən biridir. Xatırladaq ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə, xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrin əsas götürüldüyünü bildirmişdi.
Ceyhun Piriyev, “İki sahil”