Roma Papası Fransisk noyabrın 23-dən 26-dək Yaponiyada səfərdə olacaq. Səfər çərçivəsində Papa Tokio ilə yanaşı, Hiroşima və Naqasaki şəhərlərini də ziyarət edəcək.
Yaponiya Xarici Mətbuat Mərkəzindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, bu, son 38 ildə Roma Papasının Yaponiyaya ilk səfəri olacaq. Yaponiya Katolik Yepiskopları Konfransının (CBCJ) məlumatına əsasən bu barədə Vatikan rəsmi məlumat yayıb. Bu səfər 1981-ci ildə II İoann Pavelin Yaponiya ilk səfərindən sonra Roma Papasının bu gündoğar ölkəyə ikinci səfəri olacaq.
Qeyd edək ki, 2017-ci ildə dərc edilən məlumata görə, Yaponiyada 440 min 832 yapon katolik yaşayır. Burada yaşayan ümumi xristianların sayı isə 1 milyon 921 min 834 nəfərdir. Yaponiyada 969 kilsə, 42 səhiyyə, 635 sosial təminat, 835 təhsil müəssisəsi fəaliyyət göstərir.