10 sentyabr 2019 17:53
176

Rusiya Prezidenti Administrasiyası casus qalmaqalına münasibət bildirib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işlədiyi ehtimal olunan Oleq Smolenkov Rusiya Prezidenti Administrasiyasının əməkdaşı olub.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, O.Smolenkov 2016-2017-ci illərdə RF Prezidentinin Administrasiyasında işləyib, sonradan işdən azad edilib. O, yüksək vəzifəli şəxs olmayıb.

Xatırladaq ki, sentyabrın 9-da CNN teleşirkəti 2017-ci ildə ABŞ kəşfiyyatının öz agentini Rusiyadan çıxarması barədə xəbər yayıb. Bu şəxsin Rusiya hökumətində yüksək vəzifə tutduğu da vurğulanıb. Bundan sonra bəzi Rusiya KİV-ləri həmin şəxsin Prezident Administrasiyasında işləmiş Oleq Smolenkov olması barədə xəbərlər yayıb. Xəbərlərdə qeyd olunur ki, O.Smolenkov 2017-ci ilin iyununda ailəsi ilə birlikdə Rusiyadan Monteneqroya istirahətə gedib və bir daha ölkəyə qayıtmayıb. “The Washington Post” nəşrinin saytında, daşınmaz əmlak bölməsində Smolenkov soyadlı şəxsin Virciniya ştatında 925 min dollara ev aldığı bildirilir.