24 iyun 2020 10:54
435

Rusiyada Qaregin Njde ilə bağlı daha bir etiraz

Faşistlərlə əməkdaşlıq etmiş Njdenin Vladimir həbsxanasının qəbiristanlığında boş məzarının yığışdırılması tələb edilir

Rusiyanın Vladimir şəhərində “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri şəhər meriyasına müraciət edərək İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin Vladimir həbsxanasının qəbiristanlığında boş məzarının yığışdırılmasını təklif edib. “İki sahil” “Rosbalt”a istinadən xəbər verir ki, təşəbbüsün üzvləri bildirib ki, Q.Njdenin boş məzarı son illərdə erməni diasporunun nümayəndələri tərəfindən ildə bir neçə dəfə anım məqsədilə ziyarət olunur. Qeyd olunub ki, Q.Njdenin boş məzarı faşizmin qəhrəmanlaşdırılması baxımından istifadə olunur. “Stopfaşizm” üzvləri xatırladıb ki, 2019-cu ildə Rusiyanın Armavir şəhərində erməni kilsəsinin ərazisində Q.Njdenin xatirə lövhəsi yerli deputat tərəfindən qara rənglə boyanmış, daha sonra ictimai etirazlar nəticəsində lövhə sökülmüşdü.

Q.Njde İkinci dünya müharibəsinin sonunda SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş və faşistlərlə əməkdaşlığını etiraf etmişdi. Törətdiyi cinayətlərə görə Vladimir şəhər həbsxanasına göndərilən Q.Njde ölümündən sonra həbsxana ərazisində dəfn edilmişdi. 1980-ci illərdə bir qrup şəxs onun qalıqlarını Ermənistana keçirmişdi.