26 iyun 2020 13:06
259

Sahibə Qafarova: Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır

Milli Məclisin spikeri Sahibə Qafarova 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

 

 

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, şanlı Azərbaycan Ordusunun 102 yaşını qeyd etdiyini bildirən S.Qafarova bu münasibətlə başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, Ordumuzun bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, Ordumuza əbədi mövcudiyyət arzu edib: "Azərbaycan Ordusu Azərbaycan xalqı təhlükəsizliyinin, ölkə sərhədləri daxilində sülh və əmin-amanlığın təmin olunmasının əsas elementlərindən biridir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçib. Həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir. Biz 2016-cı ilin şanlı aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur”.