13 fevral 2020 10:42
1208

Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır...

9 fevral növbədənkənar  parlament seçkilərinin demokratikliyinə kölgə salmağa cəhd göstərən  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, həmçinin AŞPA-nın hesabatları demokratik prinsiplərə vahid yanaşma mexanizminin olmadığını bir daha nümayiş etdirir

Dövlətimizin  başçısı İlham Əliyevin  bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı  mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək.” Dünyanın ikili siyasətinin, eyni zamanda, Azərbaycanın uğurlarının aydın mənzərəsini yaradan bu fikirlər 9 fevral növbədənkənar parlament seçkilərinin demokratikliyinə, şəffaflığına  kölgə salmağa çalışan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA kimi qərəzi fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən təşkilatlara ciddi mesaj və cavabdır. Söhbət demokratik dəyərlərin, beynəlxalq hüquq normalarının qorunmasından gedirsə, vahid mexanizmin olması mütləqdir, ən əsası məkana və zamana görə dəyişməməlidir. Azərbaycanda baş verən kiçik bir olaya lupa ilə baxanlar başqa ölkələrdə, xüsusilə hesabatlarında  “azad ölkə” kimi təqdim etdikləri işğalçı Ermənistanda gözlə görünənləri belə görmək istəmirlər. 

Reallıq budur ki, Azərbaycan iqtisadi inkişafı, demokratiya təcrübəsi ilə digər ölkələrə nümunədir. 9 fevral növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Beynəlxalq müşahidəçilərin rəylərində də bu kimi məqamlar öz əksini tapıb. ATƏT-in DTİHB-dən və AŞPA-dan olan müşahidəçilərin  qərəzli və subyektiv yekun qiymətləndirmələr apardığı da həmin rəylərdə öz əksini tapıb.

Bir məqamı nəzərə alaq ki,  Azərbaycan hökuməti  2003-cü ilin mayında  Seçki Məcəlləsini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində qəbul edib. Bu faktı qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan dövləti daim beynəlxalq əməkdaşlıqda maraqlı olmaqla yanaşı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin ölkəmizdə, eyni zamanda, qəbul olunan sənədlərdə öz əksini tapmasında maraqlı olub. Əməkdaşlıq və birgə müzakirələr, ümumi rəy əsasında qəbul olunan Seçki Məcəlləsi prezident, parlament, bələdiyyə seçkilərinin, ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsinə geniş imkanlar açır. Amma  təkmilləşməni, müasirləşməni həyata keçirdiyi siyasətin əsasında saxlayan dövlətimiz qəbul olunan qanunları, sənədləri dəyişməz hesab etmir, daim təkmilləşdirir. Qeyd olunan əməkdaşlıq əsasında Seçki Məcəlləsinə dəfələrlə əlavə və dəyişikliklər edilib. Belə olan təqdirdə hər iki qurumun ölkəmizdə keçirilən seçkilərlə bağlı  qərəzli mövqedə dayanıb qeyri-ciddi fikirlər səsləndirmələri birmənalı qəbul oluna bilməz.

Konstitusiyamızın qəbulundan ötən dövrdə keçirilən seçkilərdə hər zaman narazı tərəf ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu olub. Müşahidəçi kimi qatılmadığı yeganə seçkilər 2015-ci ildə parlament seçkiləri olub. Bunun səbəbi qurumun qərəzli mövqeyinə işıq saldı. Belə ki, qurum seçkiləri  30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi ilə izləmək istəyində olduğunu bildirmişdi. Bir beynəlxalq təşkilatın bu sayda müşahidəçi ilə seçkilərə qatılmaq istəyi təəccüb doğurmaya bilməzdi.

Hər zaman qeyd etdiyimiz kimi nə qədər ki, dünya ikili siyasət problemindən yaxa qurtara  bilməyib ədalətli mövqedən danışmaq qeyri-mümkündür. Başqalarına demokratiya dərsi keçmək üçün dəridən-qabıqdan çıxan qurumlar ədalətə ədalət gözü ilə baxmağın zamanı olduğunu unutmasınlar. Dövlətimizin başçısı  İlham Əliyevin bəzi təşkilatların  ikili siyasətinə münasibət bildirərkən  qeyd etdiyi kimi,  bu hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil.  Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Cənab İlham Əliyevin  Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində  “Amnesty İnternational” təşkilatının  guya ölkəmizdə 19 siyasi məhbusun olması ilə bağlı məlumatına əsasən verilən  suala  cavabını xatırlatmaq istərdik: “Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin  Azərbaycana qarşı  qərəzli mövqeyinizdən  irəli gəlir. Əfsuslar olsun ki,  Azərbaycan məqsədyönlü  təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik.  Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur.  Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər.”

İşğalçı  Ermənistanda cərəyan edən prosesləri    xatırlatmaq kifayətdir ki, dünyanın ədalət meyarına hansı şəkildə yanaşdığını dərk edək.   Amma ATƏT, AŞPA   bu reallıqların üstündən elə sürətlə keçirlər ki, sanki yaşananlar demokratiyanın tələblərinə tam şəkildə “cavab verib”.  Dünya dövlətləri, təşkilatları belə ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq yenə də eyni addımı atmaqda davam edirlərsə, bu, artıq hüquq probleminin, demokratik dəyərlərə hörmətsizliyin  son həddə çatdığını ortaya qoyur. Bir daha qərəzi fəaliyyətlərinin önündə saxlayan beynəlxalq təşkilatlara dünyanın ikili siyasəti fonunda arxiv dövrünü yaşayan beynəlxalq hüququn norma və prinsiplərinin icra mexanizminin müəyyənləşdirilməsinin, həmçinin demokratik dəyərlərə vahid yanaşmanın zamanın  çoxdan çatdığını xatırlatmaq istərdik.

Yeganə Əliyeva, “İki sahil”