08 noyabr 2019 20:20
158

Səksən beş il əvvəl gizlədilmiş həqiqət

Ədəbiyyatımızın tarixin yüzilliklərindən xəbər verməsi onun qədimliyinə bir sübutdur. Təəssüf ki, dağıdıcı feodal müharibələri, istilalar nəticəsində ölkəmizin var-dövlətinin talanıb aparıldığı kimi, qiymətli tarixi salnamələrimiz, gözəl bədii nümunələrimiz də yağmalanıb yad ölkələrə aparılmışdır. Təsadüfi deyil ki, hazırda bu əvəzsiz nümunələr Sankt-Peterburqdakı Ermitajda, Moskvadakı keçmiş Lenin adına Kitabxanada, Londonun Kral Kitabxanasında, Almaniyanın Drezden şəhərindəki muzeydə, Fransadakı Luvr Muzeyində, Türkiyədə, İranda, Suriyada, Gürcüstanda və dünyanın bir çox ölkələrinin arxivlərində saxlanılır.

Ona görə də Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin hansı əsər olması haqda müxtəlif fikirlər mövcuddur. Məxəzlərdə  bunun min ildən çox  tarixi olduğu deyilsə də, bəzi məlumatlar bu tarixin daha qədim olduğunu deməyə əsas verir.

Yaxın tariximizə qısa səyahət etsək  bu möhtəşəm ideyanın haradan gəldiyinə şahid ola bilərik.

...1934-cü ildə Azərbaycan yazıçılarının birinci  qurultayı keçirilir və tədbirə dünyanın məşhur yazıçı və şairləri - Maksim Qorki, İsaak Babel, Lui Araqon, Martin Neksö, Jan-Rişar Blok, Andre Malro, Rafael Alberti və başqaları dəvət olunurlar.  Burada bir haşiyə çıxmaq yerinə düçər ki, hələ də çoxlarına  məlum deyil ki, 1918-ci ildə açılan ilk universitetimiz faktiki olaraq 1930-cu ildə Xalq Komissarları Sovetinin qərarı ilə yenidənqurma adı ilə ləğv edildi. Ancaq 1934-cü ildə Azərbaycan Dövlət Universiteti yenidən işə başladı. Məhz bu çətin dövrdə yenidən açılan tədris ocağına istedadlı ədəbiyyatşünas-filosof  Məmmədkazım Ələkbərli  təşkilatçı-rektor təyin olundu. Qurultayda, o, Azərbaycan Yazıçılar İttifaqının sədri, Səməd Vurğun isə məsul katib seçildi.

O dövrün ən tanınmış elm və ədəbiyyat xadimlərinin  iştirak etdikləri qurultayda  AYY-nin sədri Məmmədkazım Ələkbərli ədəbiyyat tariximizlə bağlı  deyib: “Əlimizdə olan faktlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycanın yazılı ədəbiyyatının banisi VIII əsrdə yaşayan şairə Zibeydə Xatundur. Zibeydə Xatunun azərbaycanlı olması və türk dilində şeirlər yazmasını sübut edən dəlil isə Hindistanın Bombey şəhərində işıq üzü görən “Ruzi Revşən” adlı kitabdır. Beləliklə,  biz əlimizdə olan sübutlara əsaslanaraq, Azərbaycanın yazılı ədəbiyyatının VIII əsrə aid olduğunu təsdiq etdik. Amma ola bilər ki, gələcəkdə alimlərimiz, tədqiqatçılarımız daha qədim yazılı ədəbiyyatımızın incisini tapa bildilər. Ona görə ki, Azərbaycan tarixi çox qədim köklərə malikdir”.

Görkəmli alimin bu çıxışı səksən beş il sadə xalqdan və Azərbaycanın ədəbi ictimaiyyətindən tam məxfi saxlanıb. SSRİ-də İosif Stalin və Anastas Mikoyan kimi şovinistlərin hakimiyyəti illərində Cənubi Qafqazda  belə faktların üzə çıxarılması onların milli mənliyinə toxunurdu, çünki hər ikisi Azərbaycanın üstünlüyünü həzm edə bilmirdi. Buna cəsarət edənlərin aqibəti isə dəhşətli ölümlə sona çatırdı.

Xalqının tarixini, ədəbiyyatını sevən görkəmli filosof  -alim bolşeviklərin “qara siyahısı”na salındı və “NKVD”nin dəhşətli zindanında məhv edildi.  Onun həbs olunmağının yeganə səbəbi Sovet quruluşunu vəsf edən əsərlər yazmaması və yazılarında türk sözləri işlətməsi idi. Erməni-bolşevik cəlladlar bundan yapışaraq Ələkbərliyə “pantürkist”, “əksinqilabçı”, “xarici dövlətin casusu” və digər damğalar vuraraq həbsinə nail oldular. “NKVD”nin təcridxanasında ona bir il iki ay elə dəhşətli işgəncələr vermişdilər ki, özü özünə hər gün ölüm arzulamışdı.

Cəmi otuz üç yaşı olan istedadlı alimimiz beləcə həyatdan nakam köçdü. 1938-ci il oktyabrın 12-də daim Vətən eşqilə döyünən bir ürək əbədi olaraq susduruldu. O, saxta dəlil-sübutlar əsasında güllələnməyə məhkum edildi. Tədqiqat əsərləri,kitabları,  rəyləri, çıxışları, məqalələri, məktubları yığışdırılıb yandırıldı. Onun haqqında olan bütün məlumatlar gizlədildi, barəsində danışmaq belə yasaq edildi. Beləliklə, Azərbaycanın yazılı ədəbiyyatının VIII əsrə gedib çıxması faktı gizlədildi.

Müstəqilliyimiz alimlərimizə, tədqiqatçılarımıza sərbəst fəaliyyət üçün geniş üfüqlər açıb. Onlar arxivlərdə gizlədilmiş tariximizi, xalqımıza böyük xidmətlər göstərmiş  şəxsiyyətlərimiz barədə məlumatları tapıb öyrənir və onları xalqın istifadəsinə verirlər, səksən beş il öncə itirilmiş həqiqəti tapıb üzə çıxardıqları kimi.

Vəli İlyasov, “İki sahil”