14 yanvar 2021 19:41
301

Sənət dünyasinin Rafiq Rəhimli zirvəsi

Yazıçı, dramaturq, əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlinin 65 illik yubileyi münasibətilə

Haqqında dərin ehtiram və məmnuniyyət hissi ilə söhbət açacağım böyük ürək, uca qələm və zəngin yaradıcılıq sahibini şəxsən uşaq yaşlarımdan tanıyıram.

Ailəmizin bir üzvünə çevrilmiş ən yaxın qonşumuz, əzizimiz kimi. Onun sənət dünyasına 1990-cı illərdən bələdəm. Yazıçı, dramaturq, tərcüməçi, rejissor, jurnalist, incəsənət ustası və teatr xadimi kimi. Nə xoş ki, bu möhtərəm və dəyərli ziyalımızın keçdiyi zəngin yaradıcılıq yolu mənə qayğısız uşaqlıq illərimdən tanışdır. Hətta dəfələrlə onun yazı masası üzərində üst-üstə düzülmüş qalaq-qalaq vərəqləri gördükcə hər yeni növbəti əsərin ərsəyə gələcəyindən və teatr məkanına vüsət tapacağından xəbərdar olardım. Bundan əlavə böyük zəhmət sərf etdiyi hər yeni əsərə yekun vuran zaman onu dövrün tələbinə uyğun şəkildə makinada sürətlə işlədiyinin şahidi də olardım. Həmin səhnəni düzəni, səliqə-sahmanı, daima yerində olan kiçik ziyalı otağında böyük maraqla, sevgiylə seyr etməkdən zövq alar, hətta şərəf duyardım. Övladları ilə çox yaxın dost olduğumuzdan qardaşımla mən tez-tez onlara qonaq gedərdik. Uşaqlıq oyunlarımızın, zarafatlarımızın, dəcəlliyimizin, küsüb-barışmağımızın məkanlarından biri də incəsənət ünvanlı həmin bu ziyalı evi idi. Şaqraq gülüşlərimizin yayıldığı bu evdə əsl sənət fədaisi yorulmaq bilmədən qələmi ilə xalqa və Vətənə xidmət naminə mədəniyyətimiz və incəsənətimiz üçün öz dəyərli töhfələrini bağışlamaqda idi. Hətta biz uşaqların ara-sıra səs-küyü bu sənət fədaisinin anidən diqqətini yayındırmasına səbəb olardı. O anda töhmətimizi alıb səsimizi içimizdə boğardıq. Onu mənəvi dünyasından ayırmağa daha cürətimiz çatmazdı. Nəhayət, bir dəfə eşidilən amiranə ziyalı səsinin sayəsində dərhal evdə sükunət hökm sürərdi.

Bütün qonşu uşaqları kimi mən də ona “Rafiq əmi” deyə müraciət edərdim. O vaxtdan bu günə kimi bu səmimi, sadə, imanlı, geniş qəlbli, möhtərəm insane mənim yaddaşımda “teatral şəxsiyyət” kimi yaşamaqdadır. Belə ki, Rafiq əminin də sahibi olduğu ev mənə teatr mühitini xatırladardı. Eyni zamanda da

uşaqlığımın özünüdərk illərimin ən şirin, duyğusal dönəmində qəlbimdə, ruhumda cərəyan edən “teatral xatirələr” də bu baxımdan silinməzdir. Tez-tez qonağı olduğum bu evdə Azərbaycanın tanınmış aktyor və aktrisalarını görməyə adət etmişdim. Kimlər bu evin qonağı olmazdı.

Yaddaqalan obrazları ilə teatr sahəsində öz möhürünü vurmuş xalqımızın sevimli, korifey sənətkarları. Onu da qeyd edim ki, yaradıcılıq prosesi zəminində səmimi dostluqlar hesabına qurulan bu ədəbi teatral söhbətlərin də kənardan dinləyicisi olmuşam.

Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvarında 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Fitri istedadı onu jurnalistika sahəsinə çəkib aparıb. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə “MüstəqilRs” nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. İlk qələm təcrübələri də gənclik illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb.

1984-1993-cü illərdə Azərbaycan radiosunda, 1994-2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000-2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. Bütün bunlarla yanaşı “Rəfiq” ədəbi məcmuəsinin təsisçisi və

baş redaktorudur. O, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvüdür. 2005-ci ildə “21-ci əsr ziyalıları” Beynəlxalq layihəsinin qalibi və “Qızıl kitab” mükafatı laureatı olub.

Rafiq Rəhimlinin Azərbaycanın görkəmli teatr xadimləri haqqında “Teatr kraliçası” (Amaliya Pənahova haqqında), “Həmişə təravətli sənət” (Səyavuş Aslan haqqında), “Səhnə səadətimdir” (Rafiq Əzimov haqqında), “Səhnə də bir həyatdır” (Lətifə Əliyeva haqqında) adlı kitabları işıq üzü görüb. Bir sıra incəsənət xadimləri haqqında hazırladığı kitabları isə hələ də nəşrini gözləyir.

Qələmi qızıldan da qiymətli olan bu görkəmli və peşəkar sənət ustası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Akademik Milli Dram Teatrının səhnəsində neçə-neçə yerli və dünya dramaturqlarının əsərlərinə özünəməxsus quruluş, yeni həyat verib. Həmçinin tərcüməçilik sahəsində də bir çox uğurlara, nailiyyətlərə imza atıb. Sofoklun “Şah Edip yaxud alın yazısı” əsəri üzərində apardığı uğurlu tərcümə prosesinin şəxsən özüm şahidi olmuşam. Bundan əlavə J.Rassinin “Fedra”, Filipponun “Silindr və ya məhəbbət oyunu” əsərləri Akademik Dram Teatrında öz səhnə təcəssümünü tapmışdır. Müəllifin İrəvan Dövlət Azərbaycan Teatrında “Yeni il”, Şuşa Teatrında “Sevgi nağılı”, Akademik Milli Dram Teatrında “Bahar xoş gəlibdir Azərbaycana”, “Novruz sərgüzəştləri”, “Gözəllik müsabiqəsi”, Lənkəran Teatrında “Ağ kəlağayı”, Gəncə Teatrında “Qobustan əfsanəsi”, Mingəçevir Teatrında “Gizli məhəbbət”, Salyan Dövlət Kukla Teatrında “Göyçək Fatma”, Dərbənd Azərbaycan Dövlət Dram Teatrında “Sönmüş talelər” və digər pyesləri tamaşaya qoyulub. Tanrı onun qismətinə elə bir uğurlu yaradıcılıq yolu yazıb ki;: zəngin və məhsuldar.

Rafiq müəllimin sənət sahəsində imza atdığı hər bir uğur onun gün kimi aydın, iti və məhsuldar qələminin bəhrəsidir. İstər tərcümə nümunələri, istər ssenariləri, istərsə də ədəbi dram əsərləri Rafiq Rəhimli qələminin təcəssümündən doğulan mənəvi cəhətdən zəngin bir yaradıcılıq incisidir. Bu qəbildən öz peşəsinin mütəxəssisi sayılan Rafiq Rəhimli Azərbaycanın mədəniyyət və incəsənət sahəsində ecazkar qələmi, qeyri-adi fitri istedadı, güclü zəkası və parlaq imzası ilə vaxtında öz sözünü demiş sənətkarlar sırasındadır. Amaliya Pənahova, Mailə Muradxanlı, Səyavuş Aslan, Lütfi Məmmədbəyli, Lətifə Əliyeva, Rafiq Əzimov, Nurəddin Mehdixanlı kimi böyük incəsənət xadimləri və səhnə ustaları ilə çalışmaq Rafiq müəllimə zamanında nəsib olmuşdur. Adətən incəsənət xadimləri ilə yaradıcılıq prosesi zamanı fakir mübadiləsi yürütmək sənətkar peşəsinə məxsus xüsusiyyətlərdəndir. Rafiq müəllimin də geniş, əhatəli yaradıcılıq ampulası, dərin zəhmət və zəngin axtarışlar üzərində qurulmuşdur. Həmçinin Rafiq müəllimin yorulmaz qələminin məhsulu sayılan müharibə mövzusunda ədəbi dram əsərləri 1990-cı illərin teatr epoxasının həyatına güzgü tutmuş və zamanla uzlaşmış səhnə əsərlərindəndir. “Şəhid toyu”, (1990-cı il Yanvar hadisələri ilə bağlı), “Namus naminə”, “Sənin izinlə” (Qarabağ müharibəsi ilə bağlı) dramatik səhnə əsərləri, “Ölməzlik”, “Bakı harayı” radioesseləri və Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Bilən bu dərdimi yoxdur” teleoçerki o dövrün məğzini tutan yaradıcılıq nümunələrindəndir.

Yeri gəlmişkən onu da qeyd edim ki, 1990-cı ilin 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Rafiq müəllimin iti və kəsərli qələmi adıçəkilən qətliam mövzusundan da yan keçməmişdir. Mən deyərdim ki, 20 Yanvar hadisələrinin canlı ensiklopediyası sayılan Rafiq müəllim məhz o ağrılı illərdə qırmızı imperiyanın xalqımızın başına gətirdiyi ağlasığmaz müsibətləri isti-isti qələmə almağa fürsət tapa bilmişdir. Məlum tarixi faciə ilə bağlı qələmə aldığı saysız-hesabsız publisistik yazılarda bütün dünyaya yayılmış Yanvar hadisələrinin əks-sədası eşidilir. Bu qəbildən 1990-cı ilin acı Yanvar həqiqətlərini təhrifə uğramadan özündə böyük ustalıqla əks etdirən “Efirin göz yaşları” sənətkarın özünün təbirincə desək, bədii publisistik xatırlama kitabı qızıldan da qiymətli tarixi əsərdir. Kitabın adından da göründüyü kimi, əsərin məğzi sovet imperiyasının təcavüzünə məruz qalaraq xaincəsinə susdurulmuş efir məkanının bərqərar olması uğrunda gedən mübarizənin təfərrüatlarından ibarətdir. Şəxsən mənim bu dəyərli əsər müqabilində bir oxucu kimi böyük sənətkarımıza təşəkkürlərim sözlə ifadə edə bilməyəcəyim qədər sonsuzdur.

Yorulmaz qələm və yüksək ideyalar sahibi Rafiq Rəhimli Mədəniyyət Nazirliyinin keçirdiyi Prezident Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyinə, Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş, həmçinin bir sıra dövlət tədbirlərinin ssenari müəllifidir.

2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib. Bundan əlavə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 10 dekabr 2018-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Rəhimli Rafiq Səfər oğlu “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Rafiq Rəhimlinin çoxşaxəli yaradıcılıq potensialı, Vətənə, xalqa xidmət yolunda atdığı hər bir təmənnasız, uğurlu addımı onun necə geniş, necə böyük qəlbə sahib şəxsiyyət olmasından xəbər verir. Buna görə də Rafiq Rəhimli imzası bu dünya durduqca tarixdə qalacaq, eyni zamanda möhtərəm sənətkarımızın Azərbaycanın mədəniyyət və incəsənət sahəsinin inkişafı uğrunda etdiyi əvəzsiz xidmətləri hörmət və məhəbbətlə anılacaqdır.

Çox hörmətli Rafiq müəllim, sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə həyatda uzun ömür və möhkəm cansağlığı, yaradıcılığınızda isə yeni-yeni uğur və nailiyyətlər arzu edirəm!

Sevinc ƏDALƏTQIZI,
Yazıçı, tədqiqatçı, publisist, “Qızıl Qələm” Media Mükafatı laureatı