11 oktyabr 2019 10:51
71

Sərgidə ziyarətçilərə universitetimiz haqında dolğun informasiyalar verilir

Ənənəvi Beynəlxalq Təhsil Sərgisinə maraq ildən-ilə artır. Sərgidə ziyarətçilərə universitetimiz haqında dolğun informasiyalar verilir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib. O bildirib ki, stenddə universitetin tədris strukturu, ixtisasları, elmi fəaliyyəti, professor-müəllim heyətinin çap edilən elmi əsərləri, o cümlədən ölkəmizdə və xaricdə dərc olunan məqalələri, beynəlxalq əlaqələri, mübadilə proqramlarında iştirakı, təhsil ocağında fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, universitetin xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzləri, tələbə həyatı ilə tanış olmaq mümkündür.

“Stendimizdə universitetin tələbələrinin müxtəlif yarışlarda qazandıqları kubok, medal və diplomlar da nümayiş olunur. Ziyarətçilərimizin Bakı Slavyan Universitetinin uğurları ilə tanışlığı bizim üçün qürürvericidir. İnanıram ki, sərgidən gözlədiyimiz nəticələri əldə edəcəyik”, - deyə rektor Nurlana Əliyeva qeyd edib.