31 avqust 2019 09:21
2442

Sərvətləri talanan Qubadlı

Gözəl təbiətə, münbit torpağa və iqlimə malik olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rayon Dağlıq Qarabağla Ermənistan arasında yerləşdiyinə görə strateji əhəmiyyət daşıyırdı. Bunu başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədir, Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər.

1989-cu ilin sentyabrında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşdığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobillər bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndinə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində qırğınlar törətdi. 1989-cu ilin axırlarında rayonda vəziyyət son dərəcə ağırlaşdı. Düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, işğalçılara mərdliklə müqavimət göstərirdilər. 1993-cü ilin yayında Əliquluuşağı kəndi istiqamətində bir gündə 3 düşmən vertolyotunun vurulması buna sübutdur. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri belə, çatışmırdı. Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarılsa da, Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla almaq mümkün deyildi.

Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsinə düşmüşdü. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətlərindən hücumlar olurdu. 1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil ola bildilər. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hər tərəfdən mühasirəyə düşmüş Qubadlı işğal olundu.

Qarabağ müharibəsində Qubadlı, ümumilikdə, 238 şəhid verib, 146 nəfər əlil olub. Rayonun işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, hər yeri viran qoyublar.

Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Belə ki, rayonun Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5 belə abidə var. “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki abidələr özünün tarixi əhəmiyyəti ilə seçilir. Bu gün onların hamısı düşmən tapdağı altındadır.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 20 min hektarlıq Dövlət Təbiət Yasaqlığı yerləşirdi. Burada yaşı 150-1600 illər arasında olan nadir növlərdən ibarət 10-dan çox iri gövdəli ağac təbiət abidəsi kimi qorunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı, həmçinin qiymətli tikinti materialları ehtiyatları, yeraltı şirin su yataqları ilə zəngin diyar idi. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

İşğaldan bir qədər sonra – 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 874 saylı qətnamə ilə təcavüzkardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb və bu gün də rəsmi Yerevan beynəlxalq hüquq normalarını ayaqlar altına alır, işğalçılıq siyasətini davam etdirir.

Sevinc Azadi,

“İki sahil”