04 dekabr 2019 20:32
1019

Seymur Orucov: Gənclərimiz Heydər Əliyev siyasətinə sadiqdirlər

12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Xalqımız müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman dərin ehtiramla yad edir.

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

Seymur Orucov qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən siyasət, aparılan islahatlar gələcək inkişafın fundamental bazasını, etibarlı təməlini yaradıb və bu gün biz bunun nəticələrini bütün sahələrdə aydın görürük. Yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərindən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Vaxtilə ulu öndər Heydər Əliyev gənclərə münasibətdə xüsusi mövqe ortaya qoyaraq, onların dövlətin inkişafı prosesində fəal iştirakına geniş imkanlar yaratdı. Ümummilli  Liderin Fərman, Sərəncam və təşəbbüsləri əsasında Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin qurultayları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən I Forumda ulu öndər Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. I Forumdan sonra gənclərlə aparılan işin canlandığını nəzərə alaraq ulu öndər Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - 2 fevral tarixini  “Azərbaycan Gəncləri Günü” elan etdi. Ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləmək üçün 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanun qəbul edilib. Qanuna əsasən Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləri gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mili mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyət həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunmasıdır. Bu gün isə həmin siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Artıq Azərbaycan gəncləri yaradılmış əlverişli şərait nəticəsində nəinki ölkədə, hətta beynəlxalq səviyyədə özünü təsdiq edir, dövlətimizin bayrağını yüksəldirlər. “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir” deyən  Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib. Bu gün Azərbaycan dinamik inkişafını uğurla davam etdirir, yeni zirvələr fəth edərək tarixi nailiyyətlər qazanır. Respublikamız beynəlxalq miqyasda demokratik, hüquqi və sosial dövlət kimi tanınır. Ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və zəngin siyasi irsi əsasında, müasir çağırışlara və reallıqlara uyğun olaraq davam etdirilən inkişaf siyasəti Azərbaycanın gələcəyinin də parlaq və uğurlu olacağına əminlik yaradır. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim zirvələrdə olacaq, yeni uğurlar qazanaraq öz qüdrətini daha da artıracaq.

S.Orucov vurğuladı ki, gənclik açılmamış potensial enerjidir. O enerjini hansı istiqamətdə yönəltsən, o sahədə müəyyən fəaliyyət göstərəcək. Azərbaycanın dostları olduğu kimi, onu istəməyən qüvvələr də var. Həmin qüvvələr bəzən gizli, bəzən də açıq şəkildə Azərbaycanı daxildən zəiflətmək, ölkəmizdəki sabitliyi pozmaq istəyirlər. Ölkədəki müəyyən sekta, dini icma və digər qruplar vasitəsilə Azərbaycan daxilində öz bəd məqsədlərini həyata keçirirlər. Bu siyasətin həyata keçirilməsi üçün ən optimal qüvvə olaraq gənclik seçilir. Bütün bu işlər gənclərə daha yaxşı xidmət göstərmək məqsədilə görülmür.  Bu məqsədlə YAP Gənclər Birliyi paytaxtda və bölgələrdə maarifləndirmə işləri aparır. Azərbaycan gəncliyinin böyük bir hissəsi bunu dərk edir, başa düşür və hər zaman dövlətin yanındadır.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”