Çinin maliyyə mərkəzi hesab olunan Şanxay şəhərinin rəhbərliyi Çexiyanın paytaxtı Praqa ilə 2017-ci ildə imzalanmış qardaşlaşmış şəhər münasibətləri haqqında razılaşmanı dayandırıb.
AZƏRTAC Şanxay xalq hökumətinin yaydığı bəyanata istinadla xəbər verir ki, buna səbəb Çexiya paytaxtının rəhbərliyinin Çinin əsas milli maraqlarına aid olan Tayvan məsələsi ilə bağlı ciddi səhvə yol verərək “Vahid Çin” prinsipini pozması və bu ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməsidir. Bəyanatda Şanxay hökumətinin və şəhər sakinlərinin Praqa rəhbərliyinin bu addımına sərt etirazı vurğulanıb, Praqa ilə münasibətlərin, o cümlədən bütün rəsmi əlaqələrin dərhal dayandırılmasının qərara alındığı bildirilib.
Şanxay hökumətinin bəyanatında Çexiya paytaxtı öz səhvini ən qısa zamanda anlamağa, yanlış addımlarını düzəltmək üçün əməli addımlar atmağa və “Vahid Çin” prinsipinə hörmət etməyə çağırılıb.
Qeyd edək ki, yanvarın 13-də Praqa ilə özünü “Çin Respublikası” adlandıran Tayvanın paytaxtı Taypey ilə qardaşlaşmış şəhər müqaviləsi imzalanıb.
İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək, Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir. ÇXR Sədri Si Cinpin “Tayvandakı həmvətənlərə məktub”un 40-cı ildönümü ilə əlaqədar ötən il Pekində keçirilən mərasimdə “Çin birləşdirilməlidir və birləşdiriləcək. Tayvan məsələsi milli zəiflikdən və qarışıqlıqdan yaranıb, şübhəsiz ki, milli bütövləşmə ilə aradan qalxacaq” deyib. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu diqqətə çatdıran Si Cinpin deyib ki, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri Çin Kommunist Partiyası, Çin dövləti və xalqı tarixi bir vəzifə olaraq ölkənin birləşdirilməsindən ötrü Tayvan məsələsinin həlli istiqamətində əzmlə çalışıb.
Azərbaycan da “Vahid Çin” siyasətini dəstəkləməklə, Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.