23 yanvar 2020 10:22
1788

Siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsində əsas məqsəd vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazasını formalaşdırmaq və qanunvericilik sahəsində atılan addımların ümumi islahatlar kursunu dəstəkləməsidir

“Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin.” Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızı şərtləndirən amillərdən bəhs edərkən, daim iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasını xüsusi olaraq diqqətə çatdırır. Ayrı-ayrı ölkələrdə iqtisadi, yaxud demokratik inkişafın birtərəfliliyi fonunda bu reallıq qeyd edilir ki, yalnız iqtisadi və siyasi islahatların paralelliyi dayanıqlı inkişafı təmin edir. Bir faktı da qeyd edək ki, ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində demokratik inkişaf əsas faktorlardan biridir. Bu baxımdan ki, hər bir dövlət əməkdaşlıq əlaqələri qurmaq istədiyi ölkədə demokratiyanın əsas tələblərindən olan ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət göstərir. Azərbaycanın bu gününü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə bu reallıq özünü daha qabarıq şəkildə büruzə verir. Həmin illərdə ölkədə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərində əsas rol oynamışdır. Belə ki, həmin ölkələr qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildən bu günə qədərki  dövrün təhlili əsasında ictimai-siyasi sabitliyin ölkənin hərtərəfli inkişafında nə kimi rol oynadığını aydın görmək olur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Milli Konstitusiyamız  insan hüquqlarının, fikir plüralizminin,  söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması  və inkişafına etibarlı  zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir.   Son 16 ildə Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında demokratikləşmə prosesinin bir şüar, niyyət olmadığını, ölkənin hərtərəfli inkişafının əsası olduğunu önə çəkərək, bu sahədə həyata keçirdiyi biri-birindən əhəmiyyəli islahatlarla Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə imicinin möhkəmləndirilməsinə əsas yaradır. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlətin siyasətində insan amilinə verilən dəyərin göstəricilərindəndir. O da məlumdur ki,  Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında”   Sərəncamı bu sahəyə diqqəti bir daha təsdiqlədi.   Həmçinin Prezident İlham Əliyevin  27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”  təsdiq olundu.  Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq seçki institutları ilə  əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. Siyasi kampaniyalarda  vətəndaşlara  sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı, demokratik dəyərlərə sadiqlik Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. Müasirləşməni, yeniləşməni dövlət siyasətinin əsası kimi qəbul edən dövlətimiz qəbul olunan qanunları, o cümlədən Milli Konstitusiyamızı dəyişməz qəbul etməyərək, daim təkmilləşdirməyə, yeniliyin öz əksini tapmasına səy göstərir.  2016-cı ildə ölkədə keçirilmiş və əhali tərəfindən dəstəklənmiş Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan son  referendumda  məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün  təkmil qanunvericilik bazasını  dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə  irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi.   

Bircə faktı qeyd etmək kifayətdir ki, bu gün Azərbaycanın demokratiya təcrübəsi təqdir olunur və nümunə göstərilir. Əsas budur ki, reallığı olduğu kimi qəbul edib, düzgün dəyərləndirmə aparmağı bacaraq. Bugünümüzə obyektiv yanaşma daim təhlillər aparmağı bir zərurətə çevirir. Bu uğurlar fonunda xarici anti-Azərbaycan qüvvələrin, eyni zamanda, onların əlində oyuncağa çevrilib ölkəmizin demokratik inkişafına kölgə salan “sapı özümüzdən olan baltalar”ın apardıqları təbliğatın  qərəzliliyi daha aydın nəzərə çarpır. Dövlətimizin başçısı  İlham Əliyev daim çıxışlarında bildirir ki,  bu hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil.  Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur.

“Human Rights Watch”, “Amnesty International”, “Freedom House” kimi təşkilatların mütəmadi olaraq  ölkəmizə qarşı qərəzli mövqeyi ortaya qoyan hesabatlarla çıxış etmələri, daxili bədxahlarımızın isə bunları özləri üçün “istinad mənbəyi” kimi qəbul etmələri heç zaman diqqətdən yayınmır. Bu baxımdan ki, işbirliyindən qaynaqlanan bu dəstəklər “mövsümi”  xarakter daşıyır. Yəni beynəlxalq əhəmiyyətli tədbirlər, yaxud seçkilər olmadığı ərəfələrdə özlərinə “istirahət elan edən” bu ünsürlər mühüm hadisələr zamanı bütün “fəaliyyətlərini” Azərbaycan reallıqlarını inkar etməyə yönəldirlər. Onların açıqlamalarına, eyni zamanda, demokratiyaya verdikləri “dəstəyə” diqqət yetirdikdə ağı qaradan necə seçdiklərini görür, marağın həqiqəti arxa plana keçirdiyi özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini bir daha yada salmaq   istərdik: “Ədalət  ən böyük meyardır: Əlbəttə ki, Azərbaycan cəmiyyətində  problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid  meyarlarla  yanaşılmalıdır.  Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə  problemlər bizim problemlərdən az deyil.  Bəzi hallarda  o məsələlələrə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı  böyük hay-küy salınır. Sanki kimsə  istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun.”

Daim vurğulandığı kimi, siyasət real məsələlər, konkret işlərdir. Azərbaycanın bu gün inkişafın hansı səviyyəsində olduğu göz qabağındadır.  Avropa İttifaqı təmsilçiləri də bu faktı xüsusi qeyd edirlər ki,  ölkəmizin demokratik inkişaf, xüsusilə insan hüquq və azadlıqlarının qorunması sahəsində qazandığı uğurlar təqdirəlayiqdir,  qurum  açıq cəmiyyətlərin  uzunmüddətli  sabitlik və  çiçəklənmənin qarantı olduğuna inanır,  bu sahədə Azərbaycanla  əməkdaşlığın gələcək inkişafı üçün böyük imkanlar mövcuddur. 

Bu reallıq da inkaredilməzdir ki,  düzgün qurulan siyasətin nəticəsi olaraq uğurlarımız bir-birini əvəzləməkdə, dünyanın ölkəmizə diqqət və marağı daha da artmaqdadır. 2012-2020-ci illəri əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yeni hədəflərin uğurlu icrasına  geniş imkanlar yaratdı. Sənədin müddəalarında demokratik inkişafın davamlılığını təmin edən bütün zəruri addımlar da  öz əksini tapıb. “Azərbaycan 2020:  gələcəyə baxış” İnkişaf Konsepsiyasından sonra “Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiqlənməsi insan amilinə verilən yüksək dəyəri bir daha nümayiş etdirmişdir.    Bütün bunları ümumiləşdirilmiş şəkildə ifadə etsək Azərbaycan inkişaf yolunda inamla irəliləyir, demokratik islahatlar sahəsində qazandığı uğurlar təqdir olunur, inkişaf konsepsiyası  davamlı inkişaf üçün yol xəritəsi kimi dəyərləndirilir. Ən əsası islahatların zamanın, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi davamlı inkişafı şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev yerli jurnalistlərə 2019-cu ilin yekunları ilə bağlı müsahibəsində bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. “Bütövlükdə deyə bilərəm ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır: “Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır.” Ölkə Prezidentinin qeyd etdiyi kimi, ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir,  müasir dövrə, cəmiyyətimizin gözləntilərinə və inkişaf strategiyamıza uyğun təkmilləşmə həyata keçirilir.

Məhz bu siyasətin tərkib hissəsi olaraq ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi və  bu addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Müasirləşmənin, yeniləşmənin hakimiyyətin bütün qollarında, o cümlədən qanunverici orqanda öz əksini tapması təbii ki, dövrün, zamanın çağırışı idi. Bu çağırışlar dövlətimizin başçısı İlham Əliyevin cari ilin fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin  edilməsi ilə  bağlı Sərəncamının imzalanmasını şərtləndirdi. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsindəyik.  Bütün namizədlər üçün demokratiyanın tələblərinə uyğun şərait yaradılıb. Onlar öz potensial imkanlarından maksimum istifadə edərək yaradılan demokratik mühitdə öz qələbələrini təmin edə bilərlər.    Dövlətimizin başçısı İlham Əliyev  yerli jurnalistlərə müsahibəsində “Cənab Prezident, məlumdur ki, ölkəmiz növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bilmək istərdik ki, bu mühüm ictimai-siyasi tədbirin həyata keçirilməsi qərarı nə ilə bağlıdır və gözləntilər nədən ibarətdir” sualını cavablandırarkən bildirmişdir ki,  parlament seçkiləri çox önəmli hadisə və önəmli prosesdir. Ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıb, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin: “Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar.”

“Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq: “Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər.”

Göründüyü kimi, atılan addımlar yalnız və yalnız bir məqsədə xidmət edir- Azərbaycan daha güclü, qüdrətli dövlətə çevrilsin, insanların rifah halı daha da yaxşılaşsın, iqtisadi tərəqqi fonunda beynəlxalq əlaqələr daha da möhkəmlənsin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad əsasında yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsası kimi daim öz aktuallığını qorusun.

Yeganə Əliyeva, “İki sahil”