16 yanvar 2020 19:30
1559

Siyasi və iqtisadi islahatların vəhdətliyi uğurların davmlılığını şərtləndirir

17 yanvar 2001-ci il tarixdə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunan Azərbaycan 19 ildə bu mühüm məqamı dünyaya çatdırdı ki, atdığı addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, özünün uğurlu gələcəyi üçündür


17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair  qərar qəbul edilib, yanvarın 25-də isə ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda bu münasibətlə rəsmi mərasim keçirilərək qurumun binası qarşısında dövlətimizin bayrağı ucaldılıb.

Artıq o vaxtdan 19 il keçir. Hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyduğundan 19 illik üzvlüyün Azərbaycana nə verdiyini, ən əsası ötən bu illər ərzində Azərbaycanda siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması əsasında hansı uğurlara imza atıldığını təhlil edək. 

Öncə bu məqamı qeyd edək ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini  dünyaya nümayiş etdirdi. Ən əsası qurum qarşısında götürdüyü öhdəliklərə sadiqliyini arxada qalan illərdə atdığı addımları ilə sübut etsə də fürsət düşən kimi bunun dəyərləndirilməsi olaraq qarşı tərəfin ikili siyasəti ilə üz-üzə qalıb. Bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhüquqlu üzv kimi qəbul edəndə ədalət meyarını irəliləyən illərdə necə qoruyacağına işıq salmışdı.

Avropa Şurası Parlament Assambleyasının keçmiş  həmməruzəçiləri  Andreas Qross və Andres Herkelin ölkəmizlə bağlı hazırladıqları qərəzli hesabatları xatırlamaq kifayətdir. Azərbaycanı demokratik inkişaf baxımından zəif ölkələr sırasında daxil edən andraes qrosslar işğalçı Ermənistanı “azad ölkələr” qrupuna daxil edirdilər. Hər dəfə eyni qərəzli yanaşmalara rəsmi Bakının münasibəti belə olub ki, Avropa Şurası təkcə həmməruzəçilərdən ibarət deyil. Heç kəs öz şəxsi mövqeyini  qurumun ümumi mövqeyi kimi qəbul etdirə bilməz. 

“Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır.” Dövlətimizin başçısı  İlham Əliyevin bu fikirləri reallıqlarımızı inkar yolunu tutan daxili və xarici anti-Azərbaycan qüvvələrə tutarlı cavabdır. Cənab İlham Əliyev uğurlarımıza söykənərək bildirir ki, Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Bir sözlə, insan amilinə verilən dəyər dövlət siyasətinin əsasını təşkil etdiyindən hərtərəfli inkişaf prioritet məsələ kimi öndədir. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, davamlı inkişafa geniş yol açan şəffaflığın yüksək səviyyədə təminatı istiqamətində atılan addımlar göz önündədir. “Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan   məqsədlərə lazımi səviyyədə nail olmağa dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq qurumların təmsilçiləri ilə görüşlərində  Azərbaycanın bütün istiqamətlərdə uğurlu inkişafından geniş bəhs edərək, “Azərbaycanda  azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı  tövsiyə edirəm” bəyan etməklə  bir daha ölkəmizə qarşı  reallığı inkar etmək kampaniyasının həyata keçirildiyinə  diqqət yönəldir: “Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda  hökmranlıq etmək arzusunda  olan müəyyən dairələr ölkəmizi gözdən  salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendesiyadır.” Ölkəmizdə   həyata keçirilən demokratik islahatları daim diqqətdə saxlayan  Avropa Şurasının  qəbul etdiyi  “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə  Azərbaycanın demokratik inkişafı təqdir olunsa da,  qurum təmsilçiləri ikili yanaşmadan irəli gələn “irad”larını  söyləməkdə davam edir, hətta bir qədər də irəli gedərək Azərbaycana sanksiyaların tətbiq edilməsi, quruma üzvlükdən məhrum etmək kimi məsələlərin gündəmə gətirilməsinə səy göstərdilər.   Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda sıralarına üzv qəbul edən Avropa Şurasından gözləntilərimizi açıqlayan cənab İlham Əliyev bildirir ki, ilk olaraq qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini gözləyirdik. Avropa Şurası demokratik islahatlara münasibətdə də ikili mövqeyini qabarıq şəkildə büruzə verir: “Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki,  rəsmi siyasət səviyyəsində  qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi  cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı.”

Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması,  amnistiya aktları,  əfv fərman və sərəncamları ilə azadlıqdan məhrum edilmiş  minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi  dəstəklənir. Bu kimi Fərman və  sərəncamlar, eyni zamanda, vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və ulu öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq seçki institutları ilə  əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. 2016-cı ildə  keçirilən   Konstitusiyaya əlavə və dəyişiklikləri  nəzərdə tutan referendumda da  ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün  təkmil qanunvericilik bazasını  dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə  irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək, idarəçilik sistemində təkmilləşməni həyata keçirməklə davamlı inkişafı təmin etmək idi. 

19 il Azərbaycan-Avropa Şurası əməkdaşlığında yalnız mənfi deyil, müsbət meyillərlə də yadda qalıb. Mənfilikləri qeyd etməkdə məqsədimiz budur ki, qərəzli,  ikili yanaşmalara baxmayaraq, Azərbaycan heç vaxt tutduğu yoldan dönməyib, daim irəliyə baxıb, ən əsası demokratik prinsipləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edərək, demokratik inkişaf tarixinə biri-birindən önəmli səhifələr yazıb.  2018-ci ildə   Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olarkən keçirilən mətbuat konfransında almaniyalı jurnalistin Azərbaycanla bağlı aldığı sifarişi biabırcasına icra etməsi də bir çox məqamlara aydınlıq gətirmişdi.       Dövlətimizin başçısı İlham Əliyev suala cavabında Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı  əsassız iddalarla çıxış etdiyini  diqqətə çatdırmışdı. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev  bildirmişdi ki,  Avropa Şurası təkcə  Azərbaycanı yox, bir çox ölkələri tənqid edir.  Biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid  əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki,  öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da  uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, ötən il Azərbaycanda təkmil struktur və kadr islahatları ili kimi  yadda qaldı.  İqtisadi tərəqqini sürətləndirən əsas amillərdən birinin  demokratikləşmə prosesinin olduğunu nəzərə alsaq, hakimiyyətin əsas qollarından olan məhkəmə-hüquq sistemində həyata keçirilən tədbirlərə, bu yönümdə imzalanan Prezident Sərəncamlarına da  diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Göründüyü kimi, dövlətimizin atdığı addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədə də təcrübəsi nümunədir.

Demokratiyanın vacib amillərindən biri kimi seçkilərin beynəlxalq standartlara uyğun, azad və şəffaf keçirilməsi də dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ölkənin ictimai-siyasi həyatında aparıcı  rol oynayan Yeni Azərbaycan Partiyasının ötən il parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi  təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi və son nəticədə  dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə cari ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu mütərəqqi addım da Azərbaycanın müasirləşmənin, yeniləşmənin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Artıq seçkilərin  təbliğat-təşviqat mərhələsinə start verilir. Prosesi 2 mindən artıq müşahidəçi izləcəyək. Düşünürük ki,   xarici müşahidəçilər, o cümlədən AŞPA-nın təmsilçiləri özlərinin ilkin və yekun hesabatlarında həqiqəti özündə əks etdirən rəyi ifadə edəcəklər. Qərəzli yanaşma daim  uğurlara qara eynəkdən baxmağı sanki bir tələbə çevirir.

9 fevral növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifə yazmaqla yanaşı, bir daha bu dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirəcək. Azərbaycan-Avropa Şurası əlaqələrinin gələn il 20 illiyində uğurlardan bəhs edərkən bu məqamı qeyd etməklə yanaşı,  ümid edirik ki, bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində qurumun hansısa uğurlu addımını da qeyd etmək mümkün olacaq.

Yeganə Əliyeva, “İki sahil”