07 may 2020 10:25
2748

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun kollektivi neftçi alimi təbrik edir

Neft geologiyası sahəsində tanınmış alim, geologiya-mineralogiya elmləri namizədi, dosent Bakir İsmayıl oğlu Məhərrəmovun 60 yaşı tamam olub. Bu münasibətlə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun kollektivi yubilyara təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əziz və hörmətli Bakir müəllim, İnstitutun kollektivi Sizi 60 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk. Sizə, ilk növbədə, cansağlığı, uzun ömür, ailə səadəti, şəxsi həyatınızda, bu şərəfli elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, Siz bundan sonrakı dövrdə də Azərbaycanın neft sənayesinə ləyaqətlə xidmət edəsiniz.”

Məktubda vurğulanır ki, Bakir Məhərrəmov neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin paleocoğrafi, paleotektonik, paleostruktur inkişafı, struktur-tektonik quruluşunun dəqiqləşdirilməsi və quyuların qazılması zamanı baş verən geoloji mürəkkəbləşmələrin qarşısının alınması istiqamətində elmi-tədqiqat işləri ilə məşğul olmuş Azərbaycanın tanınmış alimlərindəndir.

B. Məhərrəmov 56 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın (“Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası”, “Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma”), 1 xəritənin (“Azərbaycanın quru ərazisinin neftqazrayonlaşdırma xəritəsi”) müəllifidir. O, həmçinin Azərbaycanın görkəmli geoloqlarının stratiqrafiya sahəsində apardıqları elmi-tədqiqat işləri nəticəsində ayrı-ayrı çöküntü qatlarına verdikləri adlarla beynəlxalq stratiqrafik adların müqayisəli stratiqrafik şkalasını hazırlamışdır. Hazırda bu şkaladan həm neft sənayesi müəssisələrində çalışan mütəxəssislər, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri geniş istifadə edirlər.

Bakir Məhərrəmov Amerika Neftçi Geoloqları Assosiasiyasının Azərbaycan bölməsində, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin vitse-prezidenti, sonralar isə prezidenti kimi bu şərəfli və çox məsuliyyətli vəzifələrə rəhbərlik etmişdir.

O, 2017-ci ildə “Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.

Qeyd edilir ki, həmişə yüksək erudisiyası və elmi potensialı ilə fərqlənən Bakir Məhərrəmovun zəhmətsevərliyi, işgüzarlığı, təvazökarlığı, yüksək mədəniyyəti və digər insani keyfiyyətləri ilə də insanların hörmətini qazanmışdır. Xüsusilə o, işgüzarlığı ilə “Neftqazelmitədqiqatlayihə” İnsititutunun rəhbərliyinin etimadını doğrultmuşdur: “Bu bir həqiqətdir ki, Bakir müəllimin Azərbaycanın yeni neft-qaz yataqlarının aşkar edilməsi istiqamətində apardığı elmi tədqiqatlar və əldə etdiyi nailiyyətlər indiki və gələcək neftçi-geoloqlar nəslinə bir təcrübə və örnək məktəbidir.”

Məktubda deyilir: “Hörmətli Bakir müəllim, Siz həqiqətən çoxillik elmi fəaliyyətinizin və 60 illik şərəfli ömür yolunuzun böyük hissəsini Azərbaycanda geologiya elminin inkişafına və neftçi-geoloq kadırların hazırlanmasına həsr etmisiniz. Sizə bundan sonra da elmi yaradıcılıq yolunda yeni-yeni uğurlar diləyirik. Qoy hər gününüz xoş əhval-ruhiyyə ilə başlasın. Biz isə institut kollektivi kimi bundan sonra da ancaq xoş soraqlarınızı eşidək.”