30 iyul 2020 10:02
2121

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Qurban bayramı münasibəti ilə neftçilərə təbriki 

Əziz neftçilər!

Sizi İslam dünyasının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, bu əziz gündə hamınıza ən xoş arzu və diləklərimi çatdırıram.                                                                                       

Qurban bayramı Uca Allahın bəşəriyyətə bəxş etdiyi ən gözəl fəzilətlərin - xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini əks etdirir, insanları müqəddəs amallar uğrunda daha sıx birləşdirir. Ata-babalarının qədim və humanist adət-ənənələrinə dönməz sədaqəti ilə tanınan dünya müsəlmanları bu günlər yer üzündə sülhün, əmin-amanlığın və xeyirxahlığın zəfər çalması üçün dualar edirlər. Qurban bayramının ən gözəl məziyyətlərindən biri də insanların yardımlaşması, qohumlara, doğmalara, ağsaqqal və ağbirçəklərə baş çəkmələri, zəiflərə və yoxsullara əl tutmalarıdır. Azərbaycan xalqı milli-mənəvi və dini dəyərlərə bütün tarix boyu böyük hörmət və diqqətlə yanaşmışdır. Xalqımız ən çətin illərdə belə Qurban bayramını böyük sevinc və fərəh hissi ilə, yüksək əhval-ruhiyyə ilə qarşılamış, insanpərvərliyi, qayğıkeşliyi və mehribanlığı bir-birindən əsirgəməmişdir. İnsanları ali məqsədlər, uca amallar uğrunda yaşamağa səsləyən, milli birlik və bərabərliyin təcəssümü olan Qurban bayramı pandemiyanın tüğyan etdiyi bu günlərdə cəmiyyətimizin milli-mənəvi dayaqlarını daha da möhkəmləndirir, həmrəylik və tolerantlıq, şəfqət və mərhəmət hisslərini gücləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bir neçə gün əvvəl erməni təcavüzkarlarının Tovuz rayonu istiqamətində hücumlarının qətiyyətlə dəf edilməsi, milli ordumuzun düşmənə layiqli cavab verməsi xalqımızın qələbə əzmini daha da artırmış, gənc nəslin vətənpərvərlik ruhunu möhkəmləndirmişdir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində bizə bütün sınaqlardan ləyaqətlə çıxmağı nəsib edən Uca Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, Vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.

Əziz neftçilər!

Bu gün doğma Vətənimiz Azərbaycan ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və inamlı rəhbərliyi ilə uğurla davam etdirilən müasir inkişaf yolu ilə qətiyyətlə addımlayır. Ölkəmiz dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya etmiş, beynəlxalq iqtisadi sistemdə özünə layiqli yer tutmuş, region dövlətləri arasında böyük nüfuz və həlledici söz sahibinə çevrilmişdir. Əldə olunan siyasi-iqtisadi, sosial-mədəni nailiyyətlər xalqımızın maddi rifah halını durmadan yaxşılaşdırır, respublikamızın qüdrətini gündən-günə artırır, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bu uğurların qazanılmasında neft sənayesi əməkçiləri böyük rol oynayırlar. Qədirbilən xalqımız və onun avanqard qüvvəsini təşkil edən Azərbaycan neftçiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iqtisadi dayanıqlığa və əmin-amanlığa xidmət edən müasirləşmə və genişmiqyaslı islahatlar kursunun yeni-yeni qələbələri naminə böyük əzmkarlıq göstərir, ölkəmizin tərəqqi və inkişafına töhfələr verməkdən qürur duyurlar. Şirkətimizin bir-birinin ardınca həyata keçirdiyi qlobal və regional əhəmiyyətli enerji layihələri, fədakar əməyi ilə dənizdə və quruda bütün təbii çətinliklərə sinə gərib yeni-yeni xarüqələr yaradan Azərbaycan neftçilərinin şöhrətini bütün dünyaya yaymış, xalqımızın maddi rifah halının durmadan yaxşılaşmasına dəyərli töhfələr vermişdir. Qarşımızda daha böyük vəzifələr, fəth olunmalı zirvələr durur. Əminəm ki, qədim və şərəfli tarixə, şanlı ənənələrə malik qəhrəman Azərbaycan neftçiləri həmişə olduğu kimi, bundan sonra da bu məsul vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün fədakarlıqla çalışacaq, yüksək vətənpərvərlik və dövlətçilik nümunəsi göstərməkdə davam edəcəklər. 

Əziz həmkarlarım!

Bir daha hamınızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizin daha işıqlı sabahları naminə fədakar əməyinizdə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti