03 dekabr 2019 14:34
2585

SOCAR-ın yeni vitse-prezidenti təqdim olunub

Dekabrın 3-də SOCAR-Towerdə Neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İsgəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilmişdir.SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Rəhman Qurbanov Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb və bu uzun illər neft sənayesində çalışmış təcrübəli neftçinin əməyinin yüksək qiymətləndirilməsindən xəbər verir. Rəhman Qurbanovla birgə çalışdığı illərdə onu daim öz sənətinə sədaqətli bir mühəndis, son dərəcə məsuliyyətli bir rəhbər işçi kimi tanıdığını qeyd edən SOCAR prezidenti bütün neftçilər ailəsi adından ona dərin təşəkkürünü bildirmiş və gələcək həyatında uğurlar arzulamışdır. Sonra SOCAR prezidenti yeni təyin olunmuş vitse-prezident Daşqın İsgəndərovu kollektivə təqdim etmişdir.

Rövnəq Abdullayev SOCAR-ın qarşısında yaxın perspektivdə duran yeni vəzifələr, maliyyə və əməliyyat dayanıqlığının təmin edilməsi zərurətindən bəhs etmiş, TANAP kimi uğurlu layihənin reallaşmasında əldə edilən müvəffəqiyyətlərin davamlı olması üçün bütün güc və resursların səfərbər olunmasının zərurətini vurğulamışdır.

Rəhman Qurbanov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onun əməyinə verdiyi yüksək dəyərə görə minnətdarlığını bildirmişdir. O, eyni zamanda SOCAR rəhbərliyinə və yeni təyin olunmuş vitse-prezident Daşqın İsgəndərova işlərində nailiyyətlər arzulamışdır.

Qeyd edək ki, Daşqın İsgəndərov ali təhsilini başa vurduqdan sonra “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlamış, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və BP Eksploreyşn LTD şirkətində texniki istehsalat üzrə supervayzer vəzifəsində işləmişdir. 2007-ci ildə “28 May” NQÇİ-nin rəisinin birinci müavini, 2008-ci ildən “Azneft” İB-nin Baş mühəndisi - baş direktorun birinci müavini, 2011-ci ildən İstehsalat Birliyinin Baş direktoru vəzifələrində çalışmışdır.