19 fevral 2020 20:51
1218

Su için...

Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur. Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin və digər orqanlara neqativ təsir göstərir. İnsan yalnız susuzlayanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.  Əgər bu sadalananlardan ən azı 3-4 ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.

Ağızda, dildə quruluq - ən aşkar əlamətlərdən biridir.

Quru dəri, quru saçlar - dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini mənimsəyir.

Az tərləyirsiniz - Axır vaxtlar az tərləyirsinizsə, bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, su az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır.

Gözlərdə sanki qum batma, yanma hissi - qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.

Oynaqlarda ağrı - az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur.

Əzələ kütləsinin azalması, arıqlama - Əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.

Tez-tez xəstələnmək və gec bərpa olmaq - qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir. Su az içən insanlar gec sağalır.

Yorğunluq, halsızlıq - Orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ bilmir, işləyə bilmir, yorğun, enerjisiz olur.

Həzm problemləri - mədə şirəsi, bağırsaq su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Orqanizmdə suyun az olanda həzm prosesləri pozulur, qəbizlik yaranır.

Röya Rasimqızı, “İki sahil”