19 noyabr 2026 13:00
280

 “Sülh Körpüsü” Təşəbbüsünün növbəti görüşü Ermənistanda keçiriləcək

Uzun illər münaqişə və qarşıdurma şəraitində yaşayan Azərbaycanla Ermənistan arasında etimad mühitinin formalaşdırılması, qarşılıqlı anlaşmanın yaradılması və gələcək əməkdaşlığın əsaslarının müəyyənləşdirilməsi bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Bu baxımdan rəsmi diplomatik danışıqlarla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən “Sülh Körpüsü” Təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir.

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində növbəti görüşünün ilin sonuna qədər Ermənistanda keçirilməsi nəzərdə tutulur. Bu barədə təşəbbüsün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov məlumat verib. Ermənistan tərəfi də görüşə hazırlıq işlərinin aparıldığını və azərbaycanlı həmkarların Ermənistanda iştirakının gözlənildiyini təsdiqləyib.

Xatırladaq ki, “Sülh Körpüsü” dialoq platformasının ilk görüşü 2025-ci il oktyabrın 21-22-də İrəvanda, ikinci görüş noyabrın 21-22-də Bakıda baş tutub. Sonuncu görüş isə 10-12 aprel tarixlərində Qəbələdə keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan bu tədbirlərdə iştirakçılar sülh gündəliyinə alternativin olmadığına dilə gətiriblər. Bu mənada sözügedən toplantılar Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və dialoqun dərinləşdirilməsi baxımından əhəmiyyət daşıyıb. Bu görüşləri həm də ictimai dialoqun davamlı əməkdaşlıq mexanizminə çevrildiyini göstərici kimi dəyərləndirmək olar.

Bəri başdan qeyd edək ki, onilliklər boyu davam edən münaqişə, yaşanan faciələr, itkilər və qarşılıqlı ittihamlar insanların düşüncəsində dərin izlər buraxıb. Bu mənada Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın bərpası asan proses deyil. Elə Ermənistandakı proseslər də -revanşistlərin yeni reallıqlarla barışmaq istəməmələri, vətəndaşları öz tərəflərinə çəkmək cəhdləri bunu bir daha təsdiq edir. Yeri gəlmişkən, müharibədən sonra Ermənistanda cəmiyyətin bir qismi qisas hissi ilə yaşayır və barışığa qarşıdır. Odur ki, belə bir şəraitdə səmimi dialoqun qurulması, tərəflərin bir-birini dinləməsi və reallıqların obyektiv şəkildə müzakirə olunması xüsusi əhəmiyyət daşıyır.

Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müharibə səhifəsi tamamilə bağlanmalı, region qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməlidir. Bunun üçün Ermənistan tərəfi də konstruktiv mövqe nümayiş etdirməli, sülh gündəliyinə uyğun olmayan addımlardan çəkinməli, qarşılıqlı etimadı zədələyən ritorikaya son qoymalıdır. Bu mənada tarixi məsələlərin siyasiləşdirilməməsi, revanşist çağırışların qarşısının alınması, Azərbaycanla münasibətlərdə yeni reallıqların qəbul edilməsi vacibdir. Azərbaycan tərəfinin Ermənistana növbəti görüş üçün getməyə hazır olması da bu kimi məsələlər üzrə dialoqun davam etdirilməsinə xidmət edir. Şübhəsiz, növbəti “Sülh Körpüsü” görüşü bu baxımdan daha bir mühüm sınaq olacaq. “Sülh Körpüsü” sadəcə bir dialoq platforması deyil, həm də gələcək nəsillərə müharibəsiz, təhlükəsiz və əməkdaşlığa əsaslanan Cənubi Qafqazın miras qoyulması istiqamətində atılan addımlardan biridir. Bu körpünün möhkəmliyi isə əsasən Ermənistanın səmimiyyətindən, siyasi iradəsindən və sülhə nə dərəcədə hazır olmasından asılıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”