08 noyabr 2019 20:10
1233

Tağı Əhmədov: Bayrağımız milli vəhdətimizin rəmzidir

“Bu gün Azərbaycan xalqının öz bayrağına olan  bağlılığı, sevgisi məhz o bayrağın tariximizi, milli kimliyimizi bariz şəkildə ifadə etməsindən qaynaqlanır. Çünki bayrağımız milli vəhdətimizin rəmzidir.” Bu fikirləri YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov İkisahil.Tv-yə müsahibəsində bildirib.

Qeyd edib ki, bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də onun bayrağımıza və torpağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən müqəddəs bayrağımıza and içir.

Tağı Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması, bu bayramın təsis edilməsi ölkə Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir. Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin hər zaman aparıcı istiqaməti olmuşdur. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur. 

Dövlət Bayrağı Gününün hər zaman ölkəmizdə belə təmtəraqla qeyd olunmasının ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu xüsusi vurğulayan Tağı Əhmədov qeyd edib ki, məhz Ulu Öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edilmiş və Onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu almışdır. Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirildi. Sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu. Müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilmişdir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. “1993-cü ildə xalqın tələbi ilə  hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi ilə ölkədə  vəziyyət sabitləşdi. Əlbəttə, sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf etsin” sözləri ilə çıxışını davam etdirən Tağı Əhmədov bildirib ki, siyasi sabitliyin təminatı, iqtisadi böhranın aradan qaldırılması üçün  əhatəli inkişaf konsepsiyasını hazırlayıb həyata keçirən Ulu Öndərin iştirakı ilə   1995-ci ildə müstəqil Azərbaycanın Milli Konstitusiyası hazırlandı, ölkədə demokratik təsisatlar yarandı, islahatların tətbiqinə diqqət artırıldı. Siyasi, iqtisadi islahatlar davamlı olaraq həyata keçirildi. Tarix göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin siyasi uzaqgörənliyi Azərbaycan xalqına əbədi müstəqillik bəxş etdi.   Şəxsi nüfuzu, dövlətçilik təcrübəsi, müdrikliyi ilə  dünya   siyasətçiləri arasında   öndərliyini qoruyan müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının azadlıq arzusunu əbədiləşdirdi.  İnsanlarda milli təfəkkürü, ideologiyanı  formalaşdırdı. Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını, strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin dövlətçilik məktəbini  davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində bu gün   Azərbaycan siyasi, iqtisadi müstəqilliyi, diplomatik səyləri ilə dünyada  qüdrətli dövlət kimi tanınır. Azərbaycan bayrağını Avropanın mərkəzində - Strasburqda, Avropa Şurasının binası qarşısında qaldırmaq şərəfi də məhz bayrağımıza yenidən həyat bəxş edən ulu öndər Heydər Əliyevə nəsib olmuşdur. Bu gün üçrəngli bayrağımızın dünyada ən yüksək sütunda  dalğalanması məhz Ümummilli Liderimizin bir vaxtlar həyata keçirdiyi həmin milli rəmzlər islahatının davamı kimi qiymətləndirilməlidir.

Tağı Əhmədov diqqətə çatdırıb ki, son illərdə istər xarici ölkələrdə, istərsə də Bakıda keçirilən biri-birindən əhəmiyyətli tədbirləri, simpozium və konfransların sayını hesablamaqla bitməz. Təsəvvür edək ki, sayı minlərlə ölçülən həmin mərasimlərdə Azərbaycanımızı təmsil edən bayrağımız həm də uğurlarımızın, varlığımızın, gələcəyimizin rəmzi kimi dalğalanır. Ölkə başçısının qeyd etdiyi kimi, ölkəmizin əsl idman, sivilizasiyalararsı dialoq məkanı, mədəniyyətlərin qovuşduğu respublika olduğunu sübut edən bayrağımız Azərbaycanın iqtisadi, siyasi, sosial inkişafının, diplomatik uğurlarının məntiqi ifadəsidir, Cəmiyyətimizdə milli özünüdərk amalının, həmrəylik duyğularının, milli maraqlarımız uğrunda mübarizə əzminin yüksəlişi onu deməyə əsas verir ki, xalqımızın ürəyi döyündükcə milli bayrağımız da dalğalanacaqdır. Çünki bayrağımız  milli vəhdətimizin rəmzidir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”