02 iyul 2020 16:38
4324

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn tədris davam etdirilir - FOTO/VİDEO

SOCAR əməkdaşları üçün təşkil olunan 37 adda vebinara minlərlə dinləyici qatılıb, 32 adda onlayn təlim keçirilib, 350-dək dinləyici təlimlərdə iştirak edib

SOCAR-ın bütün müəssisələri koronovirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərir. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi SOCAR-ın digər idarələri kimi, artıq mart ayından fəaliyyətini xüsusi rejimdə davam etdirir. Pandemiyaya qarşı idarənin təlim mərkəzlərində qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov məlumat verib ki, mövcud epidemik vəziyyətlərdə və buna uyğun tətbiq edilən izolyasiya rejimlərində iş prinsipinə gəlincə, xüsusi karantin rejimində SOCAR-ın digər müəssisələri kimi, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi də fəaliyyətini Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimləyir.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxma hallarının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə keçirilən tibbi-profilaktik tədbir çərçivəsində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində dezinfeksiya işləri həyata keçirilib. İdarənin giriş və çıxışları, iş otaqları, dəhlizlər, konfrans və akt zalları, yeməkxana, həmçinin Kadr Hazırlığının Təşkili Mərkəzinin sinif otaqları və laboratoriyalar dezinfeksiya edilib.

F.Süleymanov qeyd edib ki, idarə əməkdaşlarının 25 faizi işə cəlb edilib: “Onlar əvvəlcə koronavirus testi verib və yalnız mənfi nəticə əldə edənlərin işə çıxmasına icazə verilib. Hər gün işə başlamazdan əvvəl işçilərin bədən hərarəti ölçülür, onlar tibbi maska ilə təmin olunurlar.”

Ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Tədris prosesində yaranmış fasilə dövründə tədris proqramının dinləyicilərə çatdırılması məqsədi ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn dərslər davam etdirilir.

F.Süleymanov vurğulayıb ki, hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin bütün təlim mərkəzlərində onlayn təlimlər keçirilməsi üçün sinif otaqları ayrılıb və lazımi texniki avadanlıqlarla təchiz edilib: “Dərslər "Skype for business" proqramı vasitəsilə internet üzərindən təşkil edilir. Sistemə qoşulan hər bir dinləyici onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır. Təlimlərin sonunda imtahanlar da distant yolla aparılır. İmtahandan uğurla keçənlər sertifikata layiq görülürlər.”

Onu da bildirək ki, SOCAR-da çalışan mühəndis-texniki işçilər üçün təlimlər maarifləndirmə, təlimatlandırma və təkmilləşdirmə istiqamətlərində aparılır. Təlimlərdən İSO 9001:2015 "Keyfiyyət idarəetmə sistemi" beynəlxalq standartı, Microsoft Office paketi (MS Word, MS Excel, MS PowerPoint), İSO 31000 - Risklərin idarə edilməsi sistemi beynəlxalq standartı, AutoCAD proqramı, İSO 14001:2015 "Ekologiya idarəetmə sistemi" beynəlxalq standartı, Neft sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi, İlk tibbi yardım (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi) İSO 31000 – “Risklərin idarə edilməsi sistemi” beynəlxalq standartı, "MS Excel proqramı" (yuxarı səviyyə), "Neft-qazçıxarma əməliyyatlarının xüsusi aspektəri", "Dənizdə qəza halları və təhlükəsizliyin əsasları ilə tanışlıq", ISO/IEC 17025:2017 "Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər standartı", "Beynəlxalq nəqliyyat sistemləri və logistika" və s. misal göstərmək olar. Həmçinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün - "Peşə etikası" təlimatlandırma kursu da təşkil olunub.

F.Süleymanov bildirib ki, bu günədək 37 adda vebinar təşkil olunub, vebinarlara minlərlə dinləyici qatılıb. TTSİ tərəfindən 32 adda onlayn təlim keçirilib, 350-dək dinləyici təlimlərdə iştirak edib. Onlayn təlimlər davam etdirilir.

Orxan Vahidoğlu,

Nurlan Məlikzadə, (foto) "İki sahil"