19 may 2020 10:54
954

Trampın məktubu ABŞ-ın ölkəmizə olan xoş münasibətini ifadə edir

Ölkəmizin xarici siyasətində region və dünya dövlətləri ilə əməkdaşlıq, ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması mühüm istiqamət təşkil edir. Bu sırada Amerika Birləşmiş Ştatları da ölkəmiz üçün vacib dövlətlərdən biridir. Xüsusilə son illərdə Vaşinqtonla Bakı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin bir-biri ilə əməkdaşlığa xüsusi maraq göstərməsi atılan addımların miqyasından da aydın görünür.

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May-Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubu ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinin əyani sübutudur. Belə ki, təbrik məktubu ölkələrimiz arasında səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. Ona görə ki, Amerika Birləşmiş Ştatları planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin formalaşmasında bu ölkənin kifayət qədər böyük rolu var.

Ağ Ev rəhbərinin təbrik məktubuna Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlaması təsadüfi deyil. Bu, ölkəmizlə əməkdaşlığa olan marağın təzahürü deməkdir. Donald Trampın diqqətə çatdırdığı həmin məqam ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, eləcə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyinin ifadəsidir. Məktubda diqqət çəkən digər bir məqam ABŞ liderinin beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfəsini yüksək qiymətləndirməsidir. D.Tramp bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi vurğulayır. Göründüyü kimi, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin təmin olunmasında oynadığı rol artıq dünya birliyində də yüksək dəyərləndirilir. Bundan başqa, ölkəmizin beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakı, Əfqanıstan da daxil olmaqla, dünyanın bir sıra bölgələrində sülhməramlı əməliyyatlara dəstəyi, o cümlədən, enerji strukturlarının genişləndirilməsində ABŞ-la sıx əməkdaşlığı Ağ Ev rəhbərinin xüsusi diqqətində olub.

D.Tramp, həmçinin məktubunda bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası məsələsinə də toxunub. Bu, belə çətin məqamda Birləşmiş Ştatlar Prezidentinin ölkəmizə olan xoş münasibətini ifadə edir. O da xüsusi qeyd edilməlidir ki, koronavirus pandemiyası dünyanı təşvişə salan gündən dövlət başçımızın atdığı düşünülmüş addımlar, qəbul etdiyi mühüm qərarlar, ümumilikdə, ölkə Prezidentinin çevik siyasəti respublikamızı bu bəladan ən az zərər çəkən dövlətlər sırasına qoşub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da təsdiqləyib. Onu da xüsusi qeyd edə bilərik ki, dünyanın təşvişə düşdüyü bir vaxtda Azərbaycan çətin durumda olan ölkələrə də öz yardımını əsirgəməyib. ÜST-ə indiyədək 10 milyon dollar ianə edən ölkəmiz 10-dan artıq dövlətə də öz töhfəsini verib. Belə çətin məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki mühüm beynəlxalq tədbirin - Türk Şurası və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşlərinin keçirilməsi və hər iki tədbirin bütünlüklə pandemiyaya qarşı mübarizəyə həsr edilməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilib.

Bu gün ölkəmiz üçün ən vacib və önəmli məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir ki, bu da D. Trampın ölkəmizə ünvanladığı məktubda öz əksini tapıb. Ağ Ev başçısının ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə həlli üçün bundan sonra da danışıqların aparılmasına dəstək verəcəyini bəyan etməsi problemin həllində maraqlı olmasından xəbər verir. Şübhəsiz ki, bütün bunlar hər zaman danışıqlardan yayınan işğalçı Ermənistana ciddi mesaj oldu.

Qeyd olunanlar bu ümumiləşdirməni aparmağa əsas verir ki, dünyanın bir sıra güclü dövlətləri sırasında yer alan Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında mövqeyini daha da möhkəmləndirəcək və əsl söz sahibi kimi nüfuzunu artıracaq.

Mənsumə Babayeva, “İki sahil”