21 fevral 2020 19:21
1838

Tünd şokolad-immun sistemini gücləndirməyin ən sevimli yolu

Tünd şokolad zəif nöqtənizdir? Onda bu məqalə sizi sevindirəcək. Belə ki, məlum olub ki, içərisində yüksək kakao ehtiva edən tünd şokolad orqanizmi xəstəliklərdən qoruya bilər.

Oktyabrdan mart ayına kimi havaların soyuq keçdiyi, qripin çox yayıldığı bir dövrdə immun sistemini möhkəmləndirən qidalar yemək mütləqdir. Bu zaman  tünd şokolad da çox faydalıdır. Onun içərisindəki kakaonun əsas tərkib hissəsi olan fenol maddəsi bədənin müqavimətini artırır, immuniteti gücləndirir.

Alimlər bundan əlavə, tünd şokoladın soyuqdəyməyə qarşı gücünü onun tərkibindəki sink maddəsi ilə və şəkərin zəif olması ilə əlaqələndiriblər.Onlar qeyd ediblər ki, şokoladın tərkibində kakao nə qədər çox olarsa, şəkər bir o qədər az olur və rəngi tünd olur. Məlumdur ki, şəkər immuniteti aşağı salan bir maddədir.

Tünd şokoladın tərkibindəki təbii antioksidant olan resveratrol, xoşbəxtlik hormonu olan serotoninin həcmini yüksəldir, digər antioksidant kateçin isə əqli fəaliyyəti gücləndirmək xüsusiyyətinə malikdir.

Tünd şokoladın digər bir özəlliyi bəlğəmli öskürəyi yox etməsidir. Londondakı İmperial Kollecinin mütəxəssisləri ötən il tünd şokoladın tərkibində teobromin adlı maddəni aşkar etmişdilər, hansı ki həmin maddə bir çox öskürək əleyhinə siropların əsas tərkib hissəsidir.

Alimlər xüsusilə vurğulayırlar ki, tünd şokoladdan diabet xəstələri də istifadə edə bilərlər. Tünd şokoladın qanda insulinin səviyyəsinə təsiri artıq öyrənilib və aşkar olunub ki, bu məhsul insulini artırmır, əksinə qanda xolesterolun miqdarını azaldaraq, ürəyə müsbət təsir göstərir.

Lakin hər şeyin çoxu zərərli olduğu kimi tünd şokoladı da əlbəttə ki, qədərində istehlak etmək lazımdır.

Alimlərin ağ şokolad sevənlərə isə bəd xəbəri var. Belə ki, ağ şokolad qara ilə müqayisədə daha çox emal proseslərindən keçdiyinə və tərkibində yağın həcmi daha çox olduğuna görə ondan uzaq durmaq məsləhətdir.

Nubar Süleymanova, “İki sahil”