15 yanvar 2020 20:24
2119

Turizm qeyri-neft sektorunda ən gəlirli sahəyə çevrilib

2019-cu ildə xarici turistlər ölkəmizdə bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər

Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm amildir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 15 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən Dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Turizm bir çox ölkələrin gəlir sahəsi kimi inkişaf edərək dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır.  Məsələn, Avropa ölkələri hər il bu sahədən təqribən 40 milyard dollar gəlir əldə edirlər. Qardaş Türkiyənin də bu istiqamətdə böyük uğurları var. Belə ki, 2017-ci ildə ölkənin turizmdən qazancı təqribən 30 milyard dollar həcmində hesablanıb.

Əslində bu sahənin inkişafı Azərbaycan dövləti üçün də prioritetdir. Ona görə ki, turizm qazanc mənbəyi olmaqla bərabər, həm də ölkənin tanıdılması, onun müasir dünyaya çıxışını sürətləndirən faktordur. Bu gün ölkəmizdə turizmin inkişafı üçün yaradılan hüquqi və iqtisadi baza respublikamızın turizm potensialından daha səmərəli istifadəyə imkanlar açıb. Həyata keçirilən tədbirlər Azərbaycanı turizm həvəskarları üçün cəlbedici məkana çevirib. Yaxşı xidmətdən və gəzintidən razı qalan qonaqlar yenidən Azərbaycana gəlmək arzusunda olurlar. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə turizmin inkişafı barədə xüsusi danışıldı. Ölkəmizin başçısı turizmin artıq ölkəmizə valyuta gətirən bir sahə olduğunu vurğuladı: “Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb - 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.”

Təbii ki, faktlara rəğmən deyə bilərik ki, ölkəmizdə turizm sektoru hər il yeni uğurlarla yadda qalır. Belə ki, əgər 2018-ci ildə ölkəmizə gələn turistlərin sayı 15 faiz artmışdısa 2019-cu ildə bu artım 20 faiz olmuşdur. Bu rəqəmlər birmənalı olaraq Azərbaycanı turizm ölkəsi olduğunu göstərir. Qürur doğuran odur ki, yalnız yay aylarında deyil, ilin digər fəsillərində də gəzməyə və istirahətə gələnlərin sayı çoxalıb. Hazırda respublikamızda turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bakının kommunikasiya və marketinq planı hazırlanır, turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası, xüsusən də biznes strukturları ilə əlaqələr genişləndirilir. Turistlərin üz tutduqları səfalı yerlərdən biri də Gəncə şəhəri və onun yaxın ətrafındakı rayonlardır. Ötən il Gəncə Turizm İnformasiya Mərkəzinə  minlərlə müraciət olub.

Son illər yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri də “Şahdağ” Qış-Yay Turizm Kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu kompleksin ərazisi 2058 hektardır. Nəinki Azərbaycanda, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərir.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufandağ” Xizək Yay-Qış İstirahət Kompleksi isə Qəbələ rayonundadır. Kompleksin birinci mərhələsinin açılışı altıil öncə (2014-cü il, yanvar) dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Bu möhtəşəm istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbi, hotel və digər xidmətlərdən istifadə etməyə imkan verir.

Respublikamızın dilbər guşələrindən olan Qəbələnin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və hotel xidməti göstərmək mümkündür. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Qonaqlar üçün kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edilir. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur.

Ölkəmizin şimal bölgəsinin, xüsusilə Qubanın unikal yaşayış məskəni olan Xınalıq kəndinin turizm imkanları genişləndirilir. Xınalığın füsunkar görünüşünün və qədimliyinin, eləcə də tarixi, mədəni, arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni infrastruktur layihələrinin reallaşdırılması qərara alınıb.

Respublika ərazisindəki digər turist marşrutları üzrə də yeni infrastruktur və turistyerləşdirmə obyektləri yaradılır.

Elçin Zaman, “İki sahil”