09 yanvar 2020 20:52
1488

“Uber”in hava taksisi, “ağıllı şəhərlər”,  biometrik avtomobillər və s.

2020-də bizi digər hansı texnologiyalar gözləyir?

“CES 2020” sərgisində 2020-ci ildə istifadəsi nəzərdə tutulan qəribə və heyrətamiz texnologiya və qadjetlər nümayiş etdirilib.

Hər il keçirilən bu sərgidə ən böyük şirkətlərin və “startup”ların ən son qadjetləri, mikrofonları, kameraları və süni intellekt nümunələri sərgilənib. Özünü idarə edən avtomobillər, nəzarət texnologiyaları bu ilin ən qaynar yenilikləridir.

Yanvar ayının onunadək davam edən sərgidə bildirilib ki, Yaponiyanın nəhəng “Toyota” şirkəti Fuji dağının ətəyində yerləşən 70 hektar ərazidə “ayrılmış şəhər” yaradacaq. Orada hidrogenlə işləyən maşınlar, avtonom avtomobillər və digər texnologiyalar sınaqdan keçiriləcək.

Şirkətin prezidenti Akio Toyoda kiçik müstəvidə olsa da, belə bir unikal şəhərciyin sıfırdan qurulmasının və gələcək texnologiyaların sınağı üçün imkanların yaradılmasının unikal bir hadisə olduğunu vurğulayıb.

Həmin şəhərin “Toyota” işçilərindən və ora səfər edən tədqiqatçılardan ibarət 2000 nəfər sakini olacaq. Gündəlik digər məişət işlərini görməklə yalnız robotlar məşğul olacaqlar və sakinlərin sağlamlığı belə “AI” sensor texnologiyası vasitəsilə mütəmadi yoxlanılacaq.

“Uber”in hava gəzintisi

“Uber” və “Hyundai” sərgidə “uçan taksi” hazırlamaqla bağlı birgə məqsədlərini bəyan ediblər.

“Uber” dörd sərnişinli ilk “uçan taksi”nin ilkin mərhələdə pilotla idarə olunacağını, sonradan artıq avtonom şəkildə çalışacağını açıqlayıb. Bu ildən şirkətlər birgə layihənin nəticələrini nümayiş etdirəcək, 2023-cü ildən isə “uçan taksi”lər istifadəyə veriləcək. Dallas, Los Ancelos və Melburnda uçuş nöqtələri quraşdırılacaq. Uçan taksilər görünüşcə helikopter və kiçik təyyarənin ortaq cəhətlərinə malik olacaq, elektriklə çalışacaq və saat 290 km sürətlə uçacaq.

“Sony” şirkəti isə sərgidə sürpriz olaraq “Vision S” ilə təchiz olunmuş elektrik avtomobillərini üzə çıxarıb. “Sony” nümayəndələri bildiriblər ki, “Vision-S” sadəcə konseptdir və gələcək avtomobil texnologiyasının bir nümunəsidir. Maşın sensorlarla, görüntü və əyləncələrlə təmin olunub. Sensorlar yolda olan təhlükəni, maşında olan insanların təhlükəli hərəkətlərini müəyyən edə bilirlər, audio və digər əyləncələr mimikalarla işləyirlər.

Sərgidə “Mercedes-Benz”də özünün son avtomobil konseptini nümayiş etdirib. Bu konseptdə insan, maşın və təbiətin birgə vəhdəti öz əksini tapıb. Elektriklə işləyən, özü idarə edilən bu avtomobil Ceyms Kameronun “Avatar” filmindən təsirlənərək hazırlanıb. Ənənəvi sükan yerinə maşın biometrik əlaqə xüsusiyyətləri ilə təchiz olunub və sürücünü nəfəsindən və ürək döyüntülərindən müəyyən edə bilir. Maşının heç bir pedalı yoxdur. Sürücü təkcə əlini tərpətməklə müxtəlif funksiyalar yerinə yetirə bilir.

“Intel” korporasiyası “CES 2020” sərgisinə “Mobileye” avtomobili ilə qatılıb. Bu avtonom maşın təkcə 12 ön kamerası ilə, heç bir digər sensoru olmadanYerusəlim küçələrində 20 dəqiqə ərzində dolaşa bilir.

“Samsung” şirkəti sərgidə hazırladığı “süni insan” layihəsinin rəqəmsal avatarını nümayiş etdirib. Bu robot insan kimi danışa və simpatiya göstərə bilir.

“Samsung”un planlaşdırdığı digər cihaz “Ballie” robotu isə evdə sahibini izləyə bilir. Bu robot həyat ortağı kimi insana yardım edir.

“LG” şirkətinin təqdim etdiyi yeni televizor isə idmandan tutmuş filmlərə qədər ekranda göstərilən hər bir şey barədə izləyiciyə sual vermək şəraiti yaradacaq, hətta hansısa bir artistin geyindiyi geyimi haradan əldə etməsinə belə yardım edə biləcək.

Çinin “TCL” elektronika nəhəngi 5 G texnologiyaya malik üç yeni smartfon nümayiş etdirib. Şirkət kitab kimi bağlanan telefon, 110 inçlik televiziya ekranında baxmaq zövqünü verən yeni görüntü dəstinin də prototiplərini işləyib hazırladığını açıqlayıb.

Nubar Süleymanova, “İki sahil”