23 yanvar 2021 20:29
446

Uşaqlarda qurd xəstəliyi olduğunu necə bilmək olar?

Qurd xəstəlikləri uşaqlar arasında da geniş yayılıb. Daha doğrusu qurd xəstəliklərinə daha çox azyaşlılarda rast gəlinir. Qurd xəstəliyi necə yaranır? Yoluxma necə baş verir? Qurd olduqda hansı əlamətlər yaranır? Parazitin olduğunu hansı müayinə ilə müəyyən etmək olur? Müalicəsi necə aparılır?

"İki sahil" e-tibb.az-a istinadən pediatr, uzman həkim Altay Abdullaoğlunun bununla bağlı fikirlərini təqdim edir:

Enterobioz (tükşəkilli qurd) törədici enterobius vermicularisdir. İnsana məxsus qurddur və insan bağırsaqlarında yaşayır. Ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda təsadüf edilir.

İnsandan insana yoluxur, dırnaq yemə, çirkli əllər, əllərin düzgün yuyulmaması, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır.

Parazitin orqanizmə daxil olması ağız yolu ilə baş verir.

Enterobioz əksər hallarda simtompsuz gedir. Bu, orqanizmdəki parazit sayından və orqanizmin immun sisteminin vəziyyətindən asılıdır.

Əksər hallarda, anal nahiyədə qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması, ağızdan su axması kimi əlamətlərlə özünü göstərə bilir.

Lakin bu əlamətlərin olması heç də qurdun olmasını mütləq əsas vermir. Çünki bu əlamətlər normal uşaqlarda da ola bilər və yaxud başqa xəstəliyin əlamətləri kimi də özünü göstərə bilir.

Diaqnoz bütün dünyada ən dəqiq nəticə göstərən selofan bant vasitəsilə ilə qoyulur. Anus ətrafındakı dəriyə şəffaf plastik bant yapışdıraraq mikroskop altında bantdakı qil qurdu yumurtalarını incələnməsi aparılır.

Sereloji analizlərin (qan analizi) qurd diaqnozu qoyulmasında heç bir rolu yoxdur. Parazit adətən, yumurtaları gecə buraxdığına görə səhər nəcis ifraz etmədən və yaxud yuyunmadan nümunə götürülməlidir. Diaqnozun qoyulması üçün bu test bir neçə dəfə təkrarlana bilər. Bəzi hallarda anusun ətrafında yetkin qurdun görülməsi də diaqnoz qoyulmasına əsas verir.

Qurdun müalicəsi olduqca asandır. Bunun üçün aylarca, qurd dərmanı verilməsi əsassızdır. Müalicə, tək dozada qurd əleyhinə preparatın verilməsi və 14 gündən sonra dozanın təkrarlanması ilə aparılır. Lakin təkrar yoluxma halları tez-tez baş verir. Bu hallarda müalicə bütün ailə üzvləri arasında aparılır və gigiyenik qaydalara ciddi riayət edilməsi tövsiyyə olunur.