18 mart 2020 14:52
1781

ÜST koronavirusla bağlı Azərbaycan hökumətinə minnətdarlıq edir

ÜST koronavirusla bağlı göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün “HaberTurk” telekanalına müsahibəsi zamanı verdiyi açıqlama ilə bağlı bəyanat yayıb.

Təşkilatın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a daxil olan bəyanatda bildirir ki, həmin müsahibədəki açıqlamalar Ergönülün şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.

Bəyanatda deyilir: “ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVID-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı ölkə ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla, hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Ümumdünya Səhiyyə Təşkilatı fürsətdən istifadə edərək, COVID-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir”.