"Ermənistanla diplomatik mübarizədə psixoloji üstünlük İlham Əliyevdədir"
Valday nokautundan sonra Azərbaycan Prezidenti bu dəfə Türkmənistanda da, MDB-nin sammitində N.Paşinyanı çıxılmaz vəziyyətə salıb. Məsələ ondadır ki, MDB gələn il faşizm üzərində qələbənin 75 illiyinin keçirilməsinə hazırlıq məsələsinin müzakirə edilərkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçmiş rəhbərliyini faşist Njdeyə abidə qoyduğunu, indiki rəhbərliyin isə bu abidəni demontaj etmədiyini və faşistləri qəhrəmanlaşdırmaqda davam etdiyi sammit iştirakçılarına və dünyaya elan etdi.
Ermənistanın Baş naziri təbii ki, faşizm üzərində qələbənin 75 illiyi mövzusunun müzakirəsi zamanı Prezident İlham Əliyevin bu ittihamına cavab verə bilməzdi. Sadəcə arqumenti yoxdur!
Azərbaycan Prezidentinin bəyanatının bir neçə hədəfi var:
Birincisi, MDB-nin sammitinə təkcə region ölkələri deyil, dünya diqqət mərkəzində saxlayır və orada verilmiş bəyanat daha geniş beynəlxalq miqyasda yayılır. Odur ki, yer və zaman olaraq bəyanat yerində və anında verilmiş bəyanatdır.
İkincisi, Njdeyə abidə məsələsi Ermənistanı rus xalqı ilə birlikdə faşizmlə müharibədə böyük itkilər vermiş bütün xalqlarla üz-üzə qoyur. Odur ki, Prezident İlham Əliyev bu ittihamı səsləndirərkən faşizmdə ən çox əziyyət çəkmiş ölkələrin Prezidentləri - V.Putin və A.Lukaşenko ilə bir masanın arxasında olan N.Paşinyanın hansı vəziyyətə düşdüyünü görmək maraqlı olardı.
Üçüncüsü, Prezident İlham Əliyev bununla eyni zamanda MDB çərçivəsində daha çox inteqrasiyanın tərəfdarı olan Rusiya rəhbərliyinə göstərdi ki, faşizm ideyalarını qəhrəmanlaşdırılması ilə xalqların hər hansı formada inteqrasiyası bir araya sığmır. Ona görə ki, nəzəri olaraq da faşizm və aqressiv millətçilik İttifaqları dağıdır, əksinə, liberal baxışlar xalqları bir araya gətirir. Bu səbəbdən də Ermənistanın MDB-də olması inteqrasiya proseslərini tormozlayan amildir. Halbuki, N.Paşinyan sammitdə “inteqrasiya ilə bağlı istənilən təşəbbüsü dəstəkləməyə hazır” olduqlarını bəyan edib. Parodoksaldır: bir millətin başqa millətlərdən üstün olması ideyasının daşıyıcısına heykəl qoyacaqsan, qonşunun ərazisinə təcavüz edəcəksən, həm də başqa millətlərlə birlikdə olma haqda danışacaqsan.
Ermənistan Valdaydan sonra ikinci, “Aşqabad şoku”nu yaşadı.
Paşinyan yenə arqumentsizdir. Erməni mətbuatı isə halbuki “görüş ola bilərdi” yazır.
Valday və Aşqabad gedişləri göstərdi ki, Azərbaycan Prezidenti diplomatik gedişlərlə rəqibi çıxılmaz vəziyyətə salmaq üçün yeri və anı ustalıqla seçir və psixoloji üstünlüyü ələ almağı bacarır.
Bu situasiyaları öyrənib ölkənin müasir siyasi və diplomatiya tarixinə daxil etməyə ehtiyac var. Sadəcə informasiya kimi deyil, tarixi prosesin təhlili və ondan çıxarılan nəticələrlə birlikdə.
Yenidən “Valday nidası”na dair
N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına dərhal cavab verilməsi sadəcə emosional bir partlayışın nəticəsi, sadəcə bir cavab kimi dəyərləndiriləcəkdi. Təcrübəsiz siyasətçi belə də edərdi: dərhal emosional bir cavab verər və bununla da kifayətlənərdi.
Amma, təcrübəli siyasətçi hətta qeyri-ciddi, həvəskar siyasətçi-Baş nazirin də vəziyyəti 180 dərəcə dəyişən bəyanatının arxasında hansı planların, qüvvələrin və səbəblərin dayandığını araşdırmağa üstünlük verərdi və belə də etdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı sıradan bir bəyanat olmayıb situasiyanı tam dəyişə bilən, yəni sülh danışıqlarının dayandırılmasına səbəb ola biləcək bəyanatdır. Həm də bu bəyanat sadəcə sülh danışıqlarını dayandırılması və dondurulması anlamına da gəlmirdi. Bu bəyanat müharibəni aktuallaşdıran, onu qaçılmaz edən təhlükəli bir bəyanat idi.
Odur ki, iki bəyanat arasındakı iki aylıq müddət çoxsaylı sualları aydınlaşdırmağa sərf olundu.
Axı bilmək lazım idi ki, Paşinyan hansı situasiyadan çıxış edərək bu sözləri deyə bilib. Həmin situasiyanı öyrənmək, həm də təkcə öyrənmək yox, onu öz xeyrinə DƏYİŞMƏK lazım idi.
“Niyə İlham Əliyev bu bəyanatı vermək üçün iki ay gözlədi” sualı ilə sorğu edənlər bilməlidir ki, dövlət baçcısının bəyanatı sadəcə iki sözdən və bir durğu işarəsindən ibarət sadə bir söz birləşməsi deyil. Ciddi siyasətçinin “Nida” işarəsinin arxasında çox böyük siyasi-diplomatik və s. işlər dayanır. Nida işarəsi sadəcə emosiya deyil, iki aylıq hazırlığın nəticəsidir. “Nida” sadəcə durğu işarəsi deyil, arxasındakı mətləblərlə söykənərək öz mövqe və iradə və gücünə arxayınlıq ifadə edən İŞARƏDİR!!!
Həm də əsas olan Nida deyil. Nidanın arxasındakı Hal, Vəziyyət, Şeylərin düzülüşüdür, içində olduğumuz Düzəndir. İki sözdən və bir durğu işarəsindən ibarət bəyanatı iki ay hazırlamaq, situasiyanı 180 dərəcə dəyişmək asan iş olmasın gərək.
Söz və bəyanat qəhrəmanlığı üçün “sadəcə cavab” mühümdür. Amma, hər dediyin sözə məsuliyyət daşıyanda, xüsusilə də milli tarixin və taleyin ən mürəkkəb keçid məqamlarında, ona üçün böyük hazırlıq görülür. Axı, bizim sərt cavabımıza Ermənistandan daha sərt və daha təhrikedici ikinci bəyanat da gələ bilərdi. Odur ki, özünü bütün mümkün vəziyyətlərə hazırlıq halına gətirməyə ehtiyac vardı. Bu mənada Valdayda səslənmiş “Qarabağ Azərbaycandır və Nida işarəsi” bəyanatı Böyük müharibənin bir addımlığında dayanmış Prezidentin bəyanatı idi. O qarşı tərəfin bütün cavablarına, o cümlədən də daha sərt bəyanatlarına müharibə ilə reaksiya verməyə də hazır vəziyyətdə idi. Özü də Valdayda! Ermənistanın daha bir düşünülməmiş bəyanatı olardısa, müharibə əmri elə Valdaydan verilə bilərdi. Bu da Azərbaycan üçün çox əlverişli hərbi-siyasi, diplomatik üstünlük təmin etmiş olacaqdı. Ermənistan reaksiyası təcili oldu. Dərhal geriyə, “nöqtədən əvvəlki mövqe”dən də yumşaq xəttin arxasına çəkildilər. Ermənistan XİN-in təcili bəyanatı "kompromis", "qarşılıqlı maraqlar", "sülh atmosferi", "xalqların sülhə hazırlanmasının vacibliyi" kimi ürkək və "sülhpərvər" ifadələrlə zəngin idi.
Azərbaycan Prezidentinin Valdayda Nida işarəsi ilə bitən bəyanatına qədərki Ermənistanla, bu bəyanatdan sonrakı Ermənistan arasında 180 dərəcə fərq əmələ gəldi.
Nəticə nədir? Azərbaycanda iki mövqe vardı: birinci, “dərhal cavab verilsin” və ikinci, Prezidentin rusiyalı ekspertlərin “strateji səbr” adlandırdıqları mövqeyi. İkinci mövqe reallıqda qalib gəldi. “Dərhal cavab” isterikası “tam hazırlıqlı, arxasında real güc və siyasət dayanan “Nida” siyasətinə məğlub oldu. Deməli, hakimiyyətdə “dərhal cavab” tərəfdarları olsaydı, indiki “Nida” effekti də olmayacaqdı.
Amma, zəruri hazırlığın aparılması, yerin və saatın düzgün seçilməsinin nətricələri belədir:
Ermənistan dərhal müharibə ritorikasından sülh ritorikasına qayıtdı;
Ermənistan uzun müddətdən sonra əsirlərin dəyişdirilməsinə razılıq verdi;
Paşniyan tərəfindən pozitiv gözləntilərin ifrat dərəcədə yüksəldilməsi siyasəti iflasa uğradı və bir siyasətçi kimi onun şəxsi iflasını da sürətləndirdi;
İlham Əliyevin Aşqabaddakı ittihamı və N.Paşinyanın Aşqabad susqunluğu da elə “Valday nidası”nın davamıdır.
Bu təkcə bizim daxili siyasətimiz üçün bir dərs olmadı. Həm də Ermənistan üçün də çıxarılası dərslər var. Beləki, Azərbaycanla sülhdən imtina etmək Ermənistanı sosial –iqtisad böhranda saxlayır. Sərkisyan-Köçəryan cütlüyünün hakimiyyəti 2018-ci ildə məhz Azərbaycanın apardığı “Ermənistanı təcridetmə” siyasətinin nəticəsi idi.
Proses davam edir...
İbrahim Məmmədov,
Əməkdar jurnalist