20 may 2020 15:31
405

Vüqar Rəhimzadə: DOST sosial təminat sahəsində böyük yenilikdir

«Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri  davamlı və yüksək iqtisadi artıma,  sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin edilməsi,  sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik  mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin, həmçinin bu günə qədər 3 DOST mərkəzinin yaradılması məhz bu məqsədə xidmət edir.  DOST layihəsi  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  təşəbbüsünün nəticəsidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  ölkə Prezidenti  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  3 saylı  DOST mərkəzinin açılışı sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür: “Dövlətimizin başçısı  Azərbaycan Televiziyasına müsahibəsində  Azərbaycanın sosial xidmət sahəsində  əldə etdiyi yeniliklərdən, DOST mərkəzlərinin fəaliyyəti fonunda şəffaflığın təmin edilməsindən, vətəndaş məmnunluğunun artmasından geniş bəhs edərək bildirmişdir ki,  vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb. Burada tətbiq olunan innovasiyalar  gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf həyata keçirilən  siyasətin əsas istiqamətlərindən biridir.  DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur. Bir sözlə,  DOST sosial təminat sahəsində böyük yenilikdir. Azərbaycanın bu sahədə də təcrübəsi nümunədir.”

Cari ilin ötən dövrünün statistik rəqəmlərinə diqqət yönəldən baş redaktor vurğulayıb ki, əldə olunan  sosial-iqtisadi göstəricilər, sosial sahədə  görülən işlər 2019-cu ildə  həyata keçirilən tədbirlərin məntiqi davamıdır:  “2019-cu il Azərbaycan  tarixinə sosial islahatlar ili kimi daxil olub.  Ötən ildə  təsdiqlənən iki sosial paket əsasında  4,2 milyon insanın sosial rifah halı yaxşılaşıb.  Minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox artması deyilənlərə bariz  nümunədir.  Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Dünyanı bürüyən pandemiyaya (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərin əsas mahiyyətində də insanların sağlamlığının təminatı ilə  yanaşı, sosial müdafiələrinin gücləndirilməsi, ən əsası bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlara dövlət dəstəyi əsas yer tutub. Belə ki, bu dövrdə  dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqısı tam, özəl sektorda təxminən 700 min insanın maaşının  əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. 600 min insana 190 manat  sosial yardım verildi. 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ilin birinci rübünün  yekunlarına həsr olunan videokonfrans şəklində  müşavirədə hec bir sosial layihənin təxirə salınmayacağını bildirmişdir. Qeyd olunan statistika  artıq bu tezisin  reallıqda öz əksini tapdığını təsdiqləyir.»

V.Rəhimzadə bildirib ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulması Azərbaycanın yeniliklərə imza atan dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək. «ASAN xidmət», ABAD, DOST kimi sosial layihələrin davamlı olacağı  şübhəsizdir. İqtisadi tərəqqi, artan maliyyə imkanlarımız güclü sosial  siyasətlə müşayiət olunur.

 Baş redaktor onu da vurğulayıb ki,  dövlətimizin başçısı İlham Əliyev  daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

«Pandemiya dövründə  Azərbaycan təcrübəsinin dünyada təqdir olunması da   inkişaf modelimizin  nümunəviliyindən irəli gəlir» söyləyən V.Rəhimzadə qeyd edib ki, cənab İlham Əliyevin  müsahibədə vurğuladığı kimi,  bu müddətdə Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də  davamlı tədbirlərin keçirilməsinə nail olub: «Ölkə Prezidentinin təşəbbüsü ilə  Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın  birlik, həmrəylik çağırışlarını  əməldə  təsdiqlədiyinə sübutdur. Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib.»

Baş redaktor uğurlarımız fonunda bu əminliyi də ifadə edib ki, Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaq, postpandemiya dövründə yeni inkişaf modeli ilə dayanıqlı inkişaf təmin ediləcək, əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, ölkəmiz uğurlu sosial dövlət imicinə daha yeni-yeni əlavələr edəcək.