21 yanvar 2020 14:29
3187

Xalq şairinin oğlu:  “Zəlimxan Yaqub ölməyib...”

Bu gün Azərbaycanın mərhum Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. Yazdığı şeirlər dillər əzbəri olan şair yaşasaydı, 70 yaşını qeyd edəcəkdi.

Z.Yaqubun oğlu Bəhlul Yaqub Azvision.az -a bildirib ki, atasının yaxın dostları, sevənləri bu gün onun məzarını ziyarət ediblər.

“Zəlimxan sevənlər, ailə üzvüləri, dostları Fəxri Xiyabana yığışmışdı. Dostları, hörmətli alimlərimiz ürək sözlərini dedilər, şeirlərini səsləndirdilər. Bir sözlər, atamın ruhunu şad etdilər. Mən onun böyük övladıyam. Bir övlad olaraq onun ata kimi yanımızda olmaması bizi ağırdır. Amma Zəlimxan Yaqub ömrü yaşamış bir atanın oğlu olmaq bütün ağrıları yox edir. Onun yaşadığı ömür təkcə 70 ilə sığan həyat deyil. Nə qədər saz, musiqi var, onun şeirləri xalqın yaddaşında yaşayacaq. Zəlimxan Yaqub ölməyib, dünyasını dəyişib. Mən onunla həmişə fəxr etmişəm”.

B. Yaqubov atasını şairin öz misraları ilə yad edib: “İnsan ömrüdür. Hərə bir ömür yaşayır. Həmişə yaddaşımzdadır. Cismanı yoxluğunu hiss edirik. Mənəvi baxımdan yanımızdadır. Onu bu misraları ilə anmaq istərdim.

Nə alim doğuldum, nə də ki, dahi,
Peşiman da deyiləm gələn günümə.
Əliboş aparma ilahi məni,
Doğulan günümdən ölən günümə.

Qeyd edək ki, Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.