19 noyabr 2026 12:13
403

Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib

Xəzər sahilboyu ərazilərin hüquqi statusu, həmin ərazilərdə mülkiyyət münasibətlərinin tənzimlənməsi və mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib.

“İki sahil” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev indiyədək Xəzər sahilboyu ərazilərin ayrı-ayrı inzibati ərazi vahidlərinə aid olduğunu və sahilboyu əraziləri əhatə edən vahid xüsusi statusun müəyyən edilmədyini bildirib.

“Hazırda bu istiqamətdə müvafiq əsasnamənin hazırlanması və təsdiqlənməsi, eləcə də qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi nəzərdə tutulur. Əsasnamə təsdiq edildikdən sonra həmin ərazilərdə tətbiq olunacaq hüquqi rejim, mülkiyyət münasibətləri və istifadə qaydaları dəqiqləşdiriləcək. Bu zaman dövlət mülkiyyətinin qorunması ilə yanaşı, qanuni əsaslarla mövcud olan obyektlərin və mülkiyyət formalarının hüquqları da nəzərə alınacaq. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlərə mövcud qanunvericiliyin tələblərinə uyğun yanaşılmalıdır. Bununla belə, ərazinin ümumi görünüşünə xələl gətirən, yararsız vəziyyətdə olan, ictimai əhəmiyyət daşımayan və əhaliyə xidmət baxımından tələblərə cavab verməyən tikililərin tənzimlənməsinə ehtiyac var. Hazırda bütün tikililərin söküləcəyi barədə qəti fikir söyləmək düzgün deyil. Hansı obyektlərin saxlanılacağı, hansılarının isə söküləcəyi məsələsi qanunvericiliklə müəyyən ediləcək. Bu prosesdə həm hüquqi normalar, həm də ictimai maraqlar və əhalinin mənafeyi əsas götürülməlidir”, - deyə İlqar Həbiyev vurğulayıb.

Şöbə müdirinin fikrincə, məsələ təkcə ərazi və mülkiyyət münasibətləri ilə deyil, həm də ictimai maraqlarla bağlı olduğundan, qərarlar hərtərəfli təhlil və qanunvericilik mexanizmləri əsasında qəbul edilməlidir.