Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf və sosial ehtiyacların təmin edilməsi kimi üç mühüm istiqaməti özündə birləşdirir. Bu sahədə yeni idarəetmə mexanizmlərinin tətbiqi ərazilərdən səmərəli istifadəyə, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək.
“İki sahil” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.
O əlavə edib ki, Xəzərin sahilboyu əraziləri yalnız ekoloji və iqtisadi baxımdan deyil, həm də vətəndaşların istirahət və rekreasiya ehtiyaclarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Çimərliklərin, istirahət məkanlarının və müvafiq xidmət infrastrukturunun əhali üçün əlçatan və əlverişli şəkildə təşkili qarşıda duran əsas vəzifələrdəndir. Gələcəkdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bu sahədə idarəetmə mexanizmlərinin və qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. Yeni yanaşmanın əsas məqsədlərindən biri sahilboyu ərazilərdə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirməni gücləndirmək, idarəetmə proseslərini daha şəffaf və rəqəmsal formata keçirməkdir. Bu məqsədlə ərazilərin elektron xəritələr əsasında vahid informasiya bazasının yaradılması planlaşdırılır. Həmin sistem vasitəsilə idarəetmə, sosial və biznes prosesləri, eləcə də ekoloji mühafizə tədbirləri əlaqələndiriləcək. Fərmanda nəzərdə tutulan müddəalar kompleks xarakter daşıyır və sahilboyu ərazilərin xüsusi status əsasında idarə olunmasını nəzərdə tutur. Bu ərazilərdə fəaliyyətlərin zonalaşdırma prinsipi əsasında təşkili vacib məsələlərdəndir. Çünki sahilin bütün hissələrinin çimərlik və istirahət zonası kimi istifadəsi ekoloji, sanitariya və digər tələblər baxımından məqsədəuyğun deyil”, - deyə şöbə müdiri vurğulayıb.
İ.Həbiyevin sözlərinə görə, zonalaşdırma zamanı ərazilərin xüsusiyyətləri qiymətləndiriləcək, mühafizə olunmalı sahələr, iqtisadi fəaliyyət və sahibkarlıq üçün yararlı ərazilər, eləcə də əhalinin istirahəti üçün əlverişli məkanlar müəyyənləşdiriləcək: “Bu yanaşma sahilboyu ərazilərin potensialından daha optimal və səmərəli istifadə etməyə imkan verəcək. Digər mühüm istiqamət Rəqəmsal Sahil İdarəetməsi İnformasiya Sisteminin yaradılmasıdır. Müasir texnologiyalara əsaslanacaq bu sistem sahilboyu ərazilərdə idarəetmənin operativliyini, məlumatların əlçatanlığını və dövlət nəzarətinin səmərəliliyini artıracaq. Sistemdə “bir pəncərə” prinsipinin tətbiqi də nəzərdə tutulur. Bu mexanizm vətəndaşların, sahibkarların, ictimai qurumların və müvafiq dövlət orqanlarının müraciət və hesabatlarının vahid platforma üzərindən həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, görülən işlər və idarəetmə prosesləri barədə mütəmadi hesabatların hazırlanması təmin olunacaq. Yeni idarəetmə mexanizmlərinin tətbiqi mərhələli və uzunmüddətli prosesdir. Bu istiqamətdə qabaqlayıcı tədbirlərlə yanaşı, maarifləndirmə işlərinin aparılması və qanun pozuntularına qarşı dövlət məsuliyyəti tədbirlərinin səmərəli tətbiqi də mühüm əhəmiyyət daşıyır”.
İ.Həbiyev bildirib ki, nəzərdə tutulan mexanizmlərin aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsi Xəzərin sahilboyu ərazilərinin qorunmasına, onların iqtisadi potensialından səmərəli istifadəyə və vətəndaşların sosial ehtiyaclarının təmin olunmasına töhfə verəcək.